Elmar Hussein's Blog, page 8
June 8, 2020
Yoqa-Buddist fəlsəfəsinə əsasən orucluq praktikası necə həyata keçirilir?
Oruc praktikası yalnız islamda (ibrahim dinlərində) mövcud deyil. Tarixi eramızdan əvvəllərə gedib çıxan yoqa-buddist fəlsəfəsində bu praktika elmi-tibbi baxımdan insanın vücud və əqlinin tələblərinə daha adekvat şəkildə formalaşıb. Qısa şəkildə müqayisələr aparaq:
(1) Yoqa-buddist fəlsəfəsində orucluq individual praktikadır: hamı eyni zamanda oruc tutmur, individual olaraq ildə 1-2 dəfə daha əlverişli zamanı (məs. işlərinin və ya dərslərinin daha az olduğu) müəyyənləşdirirlər.
(2) Yoqa-buddist fəlsəfəsində hamı eyni zaman müddətində oruc tutmur, hər kəs individual olaraq öz vücudunun dayanıqlığını nəzərə alır. Məqsəd vücudu daha sağlam etməkdir, ona ziyan vurmaq olmaz. Bəziləri üçün bu bir neçə gün, digərləri üçün bir neçə həftə, bəzən aydan daha artıq ola bilər.
(3) Yoqa-buddist fəlsəfəsində dərhal oruc praktikasına başlamazlar, yəni bir gün qabaq normal qidalanıb, sonra dərhal (qismən) aclığa keçid almazlar. Tədricən bir neçə gün müddətində qida qəbulunun miqdarını azaldar, oruc praktikasına başlayar və bir neçə günə tədricən qida normasına qayıdarlar.
(4) Yoqa-buddist fəlsəfəsində oruc gün çıxandan gün batana kimi ac qalmaq deyil. İslamda olduğu kimi hətta 1 dəq. əvvəl orucu pozdum deyə düşüncə yoxdur. Əsas müəyyən zamanda ac qalmaq deyil, əsas olan qidanın miqdarında və tərkibindədir. Tamamən meyvə və tərəvəzdən ibarət qidanı oruc praktikası zamanı normal şəkildə səhər, günorta və axşam qəbul edərlər. Sudan imtina isə ümumən ağlasığmazdır. Gün batandan gün çıxana kimi hər cür şəkildə mədəni qida ilə yükləməzlər.
(5) Buddist-yoqa fəlsəfəsində orucun tutmağın ibadət, mənəvi dözüm, empatiya duyğusunun inkişaf etdirilməsi (ac insanların hansı durumda olması) kimi düşüncələr ilə heç bir əlaqəsi yoxdur. Əsas məqsəd daha sağlam vücuda sahib olmaqdır. Beləliklə, Ayın görünüb-görünməməsi, gündəlik orucluq praktikasının bir neçə gec-tez başlanması (iftar və imsak vaxtları), onu və ya bunu etsəm orucum pozularmı-pozulmazmı deyə mənəvi-ruhi tərəddüdlər və bu qəbildən olan zahiri əlamətlər buddist-yoqa oruc praktikasında ümumiyyətlə mövcud deyil. Tibbi baxımdan daha bir vacib şərt — əsas müəyyən zaman kəsimində məhz qidanın tərkibinin və miqdarının azaldılması və beləliklə, insanın vücudunun və ağlının yeni sistemə öyrədilməsi deyil, bu zaman həm də vacib şərt “Enema” üsulu ilə insan vücudunun bir hissəsinin (yoğun bağırsaq sisteminin) normal qidalanma zamanı orada yığılıb qalmış olan müxtəlif “çöküntülərdən” təmizlənməsidir.
June 6, 2020
Siyasi Fəlsəfə və Psixologiya: Niccolò Machiavelli və Friedrich Nietzsche
Fəlsəfə mühazirələri: №14
Ümumi istiqamət üzrə müasir fəlsəfə iki istiqamətə ayrılır: Nəzəri Fəlsəfə və Praktik Fəlsəfə. Praktik fəlsəfənin özü də ümumi şəkildə 3 əsas istiqamətə: Siyasi fəlsəfə, Etika və Hüquq fəlsəfəsinə ayrıla bilər. Daha öncə (10-cu video-mühazirəmizdə) siyasi fəlsəfənin (həm də müəyyən anlamda siyasi psixologiyanın) banisi hesab olunan Platon və onun “Republic” əsərindən müəyyən qədər bəhs etmişdik. İzləyəcəyiniz bu video-mühazirədə isə ilk əvvəl müasir siyasi fəlsəfənin (həm də müəyyən anlamda siyasi psixologiyanın) banisi hesab olunan Makiavelliinin düşüncələrini nəzərdən keçiririk, daha sonra isə (əgər 20-ci əsr yaranacaq və qlobal tarixin, siyasətin gedişinə əhəmiyyətli təsir göstərəcək faşizm siyasi ideologiyasını nəzərə alsaq) bu konteksdə heç də az əhəmiyyət kəsb etməyən Nitsşenin düşüncələrinə keçid alırıq.
June 5, 2020
İnsanlar niyə öz sevgisinə xəyanət edir? Azad seçim, yoxsa bio-seksual-psixologiya?
İnsanın qəlbinə sevgi toxumları səpən və müəyyən zamandan sonra onu əvvəlki sevgisinə xəyanət etməyə vadar edən bio-kimyəvi birləşmə insan vücudunda mövcud olan endofinlərdir. İnsanın gündəlik həyatı stress ilə zəngindir, əzab-əziyyətdir. Gərgin əməkdən sonra insan beyni və vücudu rahatlanmağa ehtiyac duyur, daimi gərginlik insan həyatının bütün mənasını öldürür. Endofinlər məhz belə ağrıkəsici, əzab yüngəlləşdirici funksiyanı yerinə yetirirlər. Tərkibi və təsir effekti kokain və ya heroin ilə çox oxşardır, amma narkotikdən fərqli olaraq həyat üçün təhlükə mənbəyi deyil, əslində elə həyat mənbəyinin özüdür. Duzlu-istiotlu yemək qəbul edərkən bu endofinlər ifraz olunur, bir də çılğınlıq edərkən. İnsan bir müddət rahatlanır. Amma ən güclü təsir effekti seksual istəklərinin ən yüksək səviyyədə təmin olunmasından və bu zaman yaşanan həzzin ən pik nöqtəsindən (orqazmdan) yaranır. Bu səbəbdən insan ağlı kəsəndən “sevgi” axtarmağa başlayır. Sevgi deyəcəyinizin kökündə beynin və vücudun gərginlikdən xilas olub bir müddətlik rahatlanması üçün sizə lazım olacaq endofinlərin ifrazına imkan verəcək seksual istəklərinin təmin olunması dayanır. Sevgi üzərində qurulmuş bütün metafora sadəcə bəşər övladının çılpaq surətdə öz seksual istəklərini ifadə etməyə cürət etmədiyi məqamların pərdə arxasından ətraf aləmə ötürülməsidir. Yalnız cazibədar saydığı insanlar kiməsə həzzin ən pik nöqtəsini (orqazm) yaşada bilər, bu səbəbdən sevgi axtararkən insan adətən xarici gözəllik üzərində dayanır. Bu konteksdə “əsas daxili gözəllikdir”, “mühüm olan mənəvi kamillik səviyyəsidir” tipli mülahizələr riyakarlıqdan başqa bir şey deyil. Bu keyfiyyətlər insanda uzun müddətli münasibətlərdə qarşı tərəfə inam hissi yarada bilər, daha stabil ailə formalaşdırmağa yardımçı ola bilər, amma ilk əlverişli məqam düşən kimi bəşər övladı xarici gözəlliklərdən zövq almağa qaçır. Səbəb çox sadədir: gərginlikdən xilas olmaq üçün ağrıkəsici endofinlərə ehtiyac var, bunun üçün seksual istəkləri reallaşdırıb yüksək həzz yaşamaq lazımdır. Əxlaq və mənəviyyat pərdəsi altında gizlənən insanın gizlin şüuru bunun üzərində var-gəl edir. Amma müşkül məsələ ondadır ki, insanların bu məsələdə həmişə bəxti gətirmir, cazibədar hesab etdiklərini ya həmişə yanlarında saxlaya bilmirlər, ya onlarla ailə münasibətlərinə daxil olmaq böyük risk tələb edir, ya da müəyyən səbəblərdən belə insanlar onlar üçün əlçatmaz olur. Hətta ideal şərtlər daxilində hər şey ilk dönəmlərdə mükəmməl alınsa da, 2-3 il sonra eyni min insan ilə münasibət əsasında eyni həzzi yaşamaq artıq mümkün olmur. Onda insan əbədi sadiq qalacağına and içdiyi sevgisinə xəyanət edib gərginlikdən xilas olmaq üçün öz “dərmanını” başqa yerdə axtarmağa başlayır. …. Həyatda çox şey göründüyü kimi deyil, çox dərinə getdikcə daha çılpaq həqiqətlərin üzərinə gedib çıxırsan, insanın gözü açılır, amma çox şeyə inamı itməyə başlayır. Amma inamını itirə-itirə yeni dəyərlər, sağlam düşüncə qazanır. Həyatı və insanları özünəməxsus yeni fərqli sentimental hisslər ilə sevməyə başlayır.
May 26, 2020
Azad İradə və Eksperimental Psixologiya (Homunculus argument)
Fəlsəfə mühazirələri: №13
Video-mühazirədə bizim intuitiv olaraq qəbul etdiyimiz azadlıq fenomeninin, “azad insan” inamının elm fəlsəfəsi kontekstində əsaslandırılmasının, elmi düşüncə ilə uzlaşdırılmasının nə dərəcədə mümkün olub olmaması müzakirə edilir. Diqqət mərkəzində olan əsas fəlsəfi problem spekulyativ xarakterli mistik-dini, siyasi və bu qəbildən olan digər fəlsəfi sistemləri, “sadə xalq psixologiyası”nı (folk psychology) bir kənara buraxaraq və elmi-fəlsəfi, rasional-məntiqi yanaşmadan çıxış edərək, özümüzü necə və hansı şərtlər altında “azad insan” adlandıra biləcəyimiz (və ya bilməyəcəyimiz) sualı üzərində qurulub.
İzləyəcəyiniz bu video-mühazirə “Azad İradə və Determinizm” (Fəlsəfə mühazirələri: №9) davamı kimi düşünülüb. İlk mühazirəmizdə azad iradə probleminin fəlsəfi analizi zamanı elm (elm fəlsəfəsi) qismində əsasən fizika elmi çıxış edirdi, amma bu mühazirəmizdə diqqət əsasən bio-psixologiya və nevrologiya üzərində cəmləşib.
May 25, 2020
Praktik Fəlsəfə: Siyasi Fəlsəfə və İdeologiya (ikinci hissə)
Fəlsəfə mühazirələri:№12
Praktik fəlsəfə (siyasi fəlsəfə, etika və hüquq fəlsəfəsi) istiqaməti üzrə ilk video-mühazirəmizdə siyasi fəlsəfənin təməlini təşkil edən ideologiya anlayışının məzmununu, ideologiyanın sosial sistemdə (cəmiyyətdə) icra etdiyi funksiyaları, müxtəlif ideologiya formaları və onların insanların sosial sistemi qavrama, anlama və qiymətləndirmə prosesinə, sosial-siyasi davranışına necə təsir göstərdiyini ümumi şəkildə analiz etməyə çalışmışıq.
Mövzunun davamı kimi, əgər maraqlı olarsa, “Praktik Fəlsəfə: Siyasi Fəlsəfə və İdeologiya” (birinci hissə) adlı video-mühazirəni də izləyə bilərsiniz.
May 23, 2020
İslamaqədərki ərəb (bütpərəst) inanc sistemində Al-İlah’a (Allaha) niyə büt qoyulmamışdır? (El-Elohim-Allah)
Vahid Tanrı anlayışını bildirəm Allah (Al-İlah) kəlməsi islamdan daha əvvəl yəhudilər tərəfindən işlədilirdi. Yəhudi Bibliyasında Allah anlayışının qarşılığı “Elohim” kimi işlənir. Amma Allah anlayışı kimi Elohim anlayışı da yalnız vahid Tanrinı diqqət mərkəzinə gətirən monoteist dini sistem ilə (islam və yəhudi dini ilə) bağlı deyil, əksinə bu sistemlərə həmin anlayışlar əski ərəblərin və yəhudilərin politeist (çoxtanrılı) sistemindən keçib. Məsələn, islamaqədərki ərəblərin inancında çoxlu tanrılar — ərəbcə ilah (tanrı) və alihah (tanrılar, cəm şəklində) mövcud idi. Hər ilah kosmosda (və ya yer üzündə) bir sahəni idarə edirdi, hamısı isə daha güclü tək bir Tanrıya (Al-İlah) tabe idilər. İslam sadəcə bütün tək-tək tanrılara — ilah‘lara olan inamı aradan qaldırır, dini sistemin mərkəzində həmin o tək bir güclü Tanrını (Al-İlah‘i) saxlayır. Bu gün bizim işlətdiyimiz Allah anlayışı buradan gəlir.
Analoji transformasiyanı yəhudilərdə və yəhudi dinində də izləmək mümkündür. Elə yəhudi Bibliyasında tək Tanrını ifadə edən Elohim kəlməsi qədim yəhudi dilinin qramatikasına uyğun olaraq əslində tək olan tanrını deyil, cəmdə olaraq bütün tanrıları ifadə edir. Başqa sözlə Elohim kəlməsinin sonundakı “im” hissəciyi cəmi bildirir. (Bizdə “-lar, -lər” cəm şəkilçisi kimi). Əski ərəblər kimi əski yəhudilər də çoxlu tanrılara inanır, onların hamısını Elohim adlandırırdılar. Amma onların hamısı tək bir güclü Tanrıya — Yahweh‘ə tabe idilər. Yahweh əski yəhudi dövlət qurumlarının milli tanrısı idi, kosmosun yaradıcısı, yəhudilərin hamisi, düşmənlərə qarşı mübarizədə onların yardımçısı və s. Tədricən bütün digər tanrılara inam aradan çıxır, bütün inanc sistemi Yahweh‘in üzərində toplanır, o yeganə Elohim — Allah olur. Beləcə Elohim kəlməsi də tədricən cəmdə olaraq tanrıları deyil, sadəcə tək bir güclü Tanrını ifadə etməyə başlayır. Başqa sözlə Elohim anlayışı Yahweh anlayışının sinoniminə çevrilir. Burada Yahweh tək tanrının adını, Elohim isə onun titulunu (tək, yaradıcı, hər şeyə qadir, hər şeyi bilər, hamının yaxşılığını istəyən və s.) bildirməyə başlayır. Yəhudi dini dünyagörüş sistemi tədricən monoteizm üzərinə daha dərindən kökləndikcə artıq Yahweh kəlməsi də sıxışdırılır, sadəcə Elohim (Allah) kəlməsi qalır. Elohim kəlməsi titulu bildirdiyinə görə əski yəhudi inanc sistemində ona büt qoymamışdılar, halbuki Yahweh‘in sitayiş bütü mövcud olub. Yəhudi dini sadəcə Yahweh‘in üzərindən diqqəti çəkib onun titulu olan Elohimin üzərində cəmləşdirdiyindən bu ilk baxışda dini sistemin bütpərəstlikdən monoteizmə keçidi kimi qiymətləndirilə bilər, halbuki yuxarıdakı aspektdən yanaşsaq, hər ikisi tarixən bir-biri ilə sıx bağlıdır.
Elohim və Allah anlayışları da mərkəzi semit tayfaları olan yəhudilərin və ərəblərin dilinə daha erkən Proto-semit dillərindən keçib. Bu dillərdə tanrı anlayışının ilkin işlənmə forması “El” kimi qəbul olunur. El bir mənada kiçik tanrıları (ərəbcədən ilah kəlməsinin qarşılığı), bir mənada isə kiçik tanrıların tabe olduğu təkcə vahid güclü Tanrını (Elohim və ya Allah kəlməsinin qarşılığı) kimi işlənir. Elohim və Allah kimi El adlanan vahid güclü tanrıya da sitayiş üçün büt həsr etməyiblər, çünki ilkin anlamda El də Elohim və Allah kimi tanrının titulunu bildirib. Təqribən günümüzdə “prezident” anlayışı kimi. Prezident titulunun daşıyıcısı olan insanların adları müəyyən müddət sonra dəyişir — Buş, Obama, Trump, amma titul qalır. Elohim məsələn əski yəhudilərdə Yahweh’i bildirib, El daha qədim proto-semit tayfalarının birində məsələn, Hadad adlı tanrını (El-Hadad), başqa bir tayfanın dini sistemində başqa adlı tanrını bildirib və s.
Bir halda ki, Elohim və Allah ilkin dövrdə konkret Tanrının titulunu bildirirdisə, məsələn, Elohim Yahweh’i nəzərdə tuturdusa, onda Allah anlayışı islamaqədərki ərəblərdə digər kiçik tanrıları özünə tabe edən konkret hansı vahid güclü Tanrının titulu olub? Allah anlayışının islamdan əvvəl də işləndiyini təkzib etmək mümkün deyil, məsələn, Məhəmməd peyğəmbərin atasının adı Abdullah (Abd+Allah, yəni Allahın qulu) olub. Kəbədə Allah adlanan tanrıya sitayiş etmək üçün heç bir büt qoyulmasa da əski ərəb inancına görə nüfuzlu tanrılar Al-lāt, Al-‘Uzzá and Manat Allahın (Al-İlah’ın) qızları sayılırdı. Elohim kəlməsində qeyd etdiyimiz kimi Elohimə də sitayiş üçün büt qoyulmamışdı, büt Yahweh’ə qoyulmuşdu, Elohim onun titulu idi. Eləcədə məntiqlə çox güman ki, islamaqədərki Kəbədə Al-İlah titulunu daşıyan hər hansı büt olmalı idi. Bəzi tədqiqatçıların fikrincə, bu islamaqədərki ərəblərdə sitayiş olunan Hubal tanrısıdır. Bu tanrının bütü islamın gəlişinə qədər Kəbədə mövcud olmuşdur, məsələn, Məhəmməd peyğəmbər tərəfindən Uhud döyüşündə məğlub olan Abu Sufyan kömək üçün Hubal tanrısına müraciət etmişdir. İslamaqədərki ərəb inancına görə Hubal Ay tanrısı hesab olunur, əgər onun islamqədərki inanc sistemində Al-İlah titulunu daşıyan tanrı olması ehtimalı doğrudursa, bu ay(aypara) simvolunun islama keçməsini, islamda ay təqvimindən istifadə olunmasının səbəblərini izah etmiş olur.
May 22, 2020
İslamdan öncə ərəb inanc sistemində “Allah” və “Rabb” anlayışları
Məhəmməd peyğəmbərin atasının adı Abdullah ərəb dilindən iki sözün birləşməsidir: Abd+Allah (Allahın qulu/xidmətçisi). Bu o deməkdir ki, Allah adı ilə hər hansı fövqəltəbii qüvvəyə (tanrıya) inam islamdan daha əvvəl mövcud idi. Əslində “Allahın qulu” anlayışı da tarix etibarilə daha əvvələ Bibliyaya gedib çıxır və yəhudi dilində Abdiel kimi xatırlanır. Bu səbəbdən Abdullah adı islamaqədərki ərəb dünyasında yaşayan yəhudilər arasında çox geniş yayılmışdır. Məsələn, tarixdən məlum olduğu kimi islamdan öncə Mədinədə (peyğəmbərin atasının nənəsinin şəhərində) iki yəhudi rabbisi (Tövratı öyrədən din xadimi) yaşayırdı: Abdullah ibn Salam və Abdullah ibn Shuria. Yeri gəlmişkən onlardan birincisi sonradan islama keçmiş və peyğəmbərin yaxın ətrafından biri olmuşdur. Dolayısı ilə ortodoksal islamın formalaşmasına və Quranın yazılmasına təsir göstərən ideya və informasiya mənbələrindən biri kimi qədim yəhudi dini mətnləri və “müqəddəs” yazıları çıxış edə bilərdi.
Allah kəlməsinin özü də iki sözün birləşməsidir: Al+İlah. “Al” sözü ərəbcədə müəyyənlik bildirən artikldır, məsələn, konkret kitabı (book) ifadə etmək üçün al-kitab (the book) kəlməsini işlədirsən. “İlah” isə ərəbcədən tərcüməd tanrı (deity/god) deməkdir. Cəmdə “alihah” (gods) kimi işlənir. Məlum olduğu kimi islama qədərki ərəblər bir deyil, bir neçə tanrıya inanırdılar, yəni alihah‘a (cəmdə). Maraqlı bir detal da var — “ilah” maskulin (kişi) xarakteristikanın daşıyıcısı idi, onun feminin qarşılığı isə “ilahah” (goddess) idi. Bu gün bizim qadınlar üçün işlətdiyimiz “ilahə” anlayışı buradan gəlir. Eynilə dilimizdə işlənən ilahi (qüvvə) anlayışı da buradan gəlmədir. Al-İlah (Allah) deyəndə isə islamaqədərki ərəblər çoxlu tanrılar arasında konkret bir tanrını nəzərdə tuturdular. (The God vs. gods)
İslamaqədərki ərəblər üçün Al-İlah (Allah) hansı qüvvəni təmsil edirdi? Ərəblər üçün bu qüvvə yerin və göyün yaradıcısı, mütləq güc sahibi və bütün digər qüvvələrin (gods) sahibi (lord/master) idi. İslamaqədərki ərəblərin sitayiş etdikləri əsas tanrılar/bütlər Al-lāt, Al-‘Uzzá and Manat Al-İlahın qızları (goddesses) sayılırdı. İslamın gəlişi ilə Al-İlah (Allah) anlayışı qorunub saxlanılır, amma yerdə qalan bütün tanrılara/bütlərə sitayiş aradan qaldırılmış olur.
İslamaqədərki ərəblərdə mütləq güc və sahib (lord/master) anlamına gələn anlayış Rabb kəlməsi ilə ifadə olunurdu. Ar-Rabb dedikdə həm də digər tanrıları (gods) idarə edən Al-İlah (Allah) nəzərdə tutulurdu. Həmin tanrılar (gods) isə Rabb Ad-Dar, yəni mütləq hər şeyin deyil, konkret nəyinsə, hər hansı fəaliyyət sahəsinin idarəçisi olan və özündən böyük Al-İlah‘a tabe olan nisbətən kiçik tanrılar kimi adlanırdı. Bu gün bizim Allaha nəzərən işlətdiyimiz Rəbb anlayışı da tarix etibarilə oradan gəlmədir, əslində Allahın bütün tanrılar üzərində hakimiyyətə malik olmasını ifadə edən bir tituldur. Amma Allah (Al-İlah) kəlməsinə daha əvvəllər yəhudilikdə “Elohim“, ondan daha əvvəlki dövrlərdə isə qədim Yaxın Şərq tayfalarının danışdığı Akkad və Amorite dillərində “El” şəklində rast gəlmək mümkündür.
May 20, 2020
İslamdan öncə ərəb cəmiyyətində qadın hüquqları: Salma bint Amr
Yerusalimdə yaşayan ən qədim müsəlman ərəb ailə klanı Nusaybah klanıdır. Kökləri etibarilə Mədinənin Banu Khazraj qəbiləsinə gedib çıxır. Məhəmməd peyğəmbərin babasının anası bu qəbilədəndir. Nusaybah klanının Yerusalimə gəlişi isə 7-ci əsr Yerusalimin müsəlmanlar tərəfindən zəbt edilməsindən sonra başlayır.
Banu Khazraj qəbiləsinə mənsub olan Salma bint Amr (peyğəmbərin babasının anası) Peyğəmbərin ilk həyat yoldaşı olan Khadija bint Khuwaylid kimi dövrünün müstəqil ticarətçisi idi. Yalnız onun evində yaşamağa razı olan və onun müstəqil həyatına qətiyyən müdaxilə etməməyi öz öhdəsinə götürən kişilər ilə ailə qururdu, həyat yoldaşları onu qane etməyəndə isə onlardan özü boşanırdı. Peyğəmbərin babasının atası olan Hashim ibn ‘Abd Manaf‘dan əvvəl 3 dəfə nigahda olmuşdu: birindən 2 oğıu, o birindən 2 qızı, üçüncüdən isə 1 qızı dünyaya gəlmişdi. Hashim ilə də eyni şərtlər altında nigaha daxil olmuşdu: Salma öz evini və təcarətini qurduğu Mədinəni tərk edib Hashim ilə birlikdə Məkkəyə köçməyəcək, Hashim ticarət və s. məqsədlər ilə Mədinəyə gələndə özü onun evində qalacaq, nigahdan doğulan övladları isə 14+ yaşına qədər anasının yanında Mədinədə qalacaq. Amma nigahın müddəti uzun sürmür — Hashim indi Qəzza (Fələstin) ərazisində ticarət səfərlərinin birində xəstələnib ölür. Onların nigahından doğulan Abdul-Muttalib (peyğəmbərin babası) isə 8 yaşında anasının razılığı ilə Məkkəyə əmisinin himayəsinə göndərilir
Praktik Fəlsəfə: Siyasi Fəlsəfə və İdeologiya (birinci hissə)
Fəlsəfə mühazirələri:№11
Praktik fəlsəfə (siyasi fəlsəfə, etika və hüquq fəlsəfəsi) istiqaməti üzrə ilk video-mühazirəmizdə siyasi fəlsəfənin təməlini təşkil edən ideologiya anlayışının məzmununu, ideologiyanın sosial sistemdə (cəmiyyətdə) icra etdiyi funksiyaları, müxtəlif ideologiya formaları və onların insanların sosial sistemi qavrama, anlama və qiymətləndirmə prosesinə, sosial-siyasi davranışına necə təsir göstərdiyini ümumi şəkildə analiz etməyə çalışmışıq. Mövzunun davamı kimi, əgər maraqlı olarsa, “Praktik Fəlsəfə: Siyasi Fəlsəfə və İdeologiya” (İkinci hissə) adlı video-mühazirəni də izləyə bilərsiniz.
May 19, 2020
Rəng psixologiyası: sarı, göy, qara, qırmızı, gümüşü …
Sarı: Bu rəng gələcəyə istiqamətlənmiş optimist, xoşbəxt, ümid ilə dolu kreativ düşüncənin rəmzidir. Yeni ideyalara, təşəbbüslərə, özünəinama bir işarədir. Sarı rəngi sevən insanlar xəyalpərvər deyillər, praktikdirlər, əlaqə yaratmağı, analitik düşünməni, qərar qəbul etməyi sevirlər. Amma daxilən narahat, balansdan çıxmağa meylli impulsiv və səbirsiz insanlardır. Emosionallıq onlara yaddır, empatiya qurmaq onlar üçün çətindir, onlar qərarı ürək ilə deyil, soyuq başla verirlər, özlərini həddindən artıq yüksək qiymətləndirirlər, eqoistdirlər, qorxaqdırlar, yalançıdırlar, kinlidirlər.
Göy (mavi): Bu rəngə üstünlük verən insanlar konservativ insanlardır, amma onlara inanmaq və etibar etmək olar. Onların da başqalarının onlara göstərəcəyi etimada böyük ehtiyacları olur. Onlar impulsiv insanlar deyillər, spontan qərarlar verməyi sevmirlər. Seçim etməzdən əvvəl düşünür, hər şeyi öz zamanında etməyə üstünlük verirlər. Bu rəng müdrikliyi və intellekti simvolizə edir. Səmimi olub məsuliyyət hissini yüksək qiymətləndirirlər. Harmoniya və sülh onlar üçün həyatın mənasıdır, həyatda daha çox özlərini axtarıb tapmağa çalışırlar. Öz hisslərinə nəzarət edir və ən zəif nöqtələri məharətlə gizlədirlər. Diqqəti öz üzərlərində cəmləşdirməyi sevmir, kölgədə qalmağa üstünlük verirlər. Başqalarını məmnun etmək üçün özlərini dəyişdirməyi sevmir, özlərinə məxsus qayda və inancları əsasında həyatlarını nizama salırlar. Bu rəng emosional qeyri-sabitliyi və soyuqqanlılğı simvolizə edir, inanmaq və bağışlamaq onlar üçün çox çətindir.
Qara: Bu rəngə üstünlük verənlər üçün prestij və güc çox mühümdür. Bir qədər mühafizəkardırlar, adətlərə üstünlük verirlər, emosional təhlükəsizliklərini təmin etmək üçün insanları müəyyən məsafədə saxlamağı sevirlər. Xüsusən qadınlar eleqantlığı, seksuallığı, incəliyi və özünə inamı ifadə etmək üçün qara rəngi seçirlər. Belə ki, bu rəng bir qədər pessimizmi və depressiyanı simvolizə etsə də özündə əsrarəngiz sirrləri gizlətməklə, dərin hiss və duyğuları biruzə verməməklə qarşı tərəfin diqqətini daha çox çəkmiş olur.
Qırmızı: Bu rəngə üstünlük verən insanlar optimist və cəsarətli olub özlərini cəmiyyətdə təstiq etməyə çalışırlar. Özlərinə həddindən artıq inanırlar, diqqət mərkəzində olmağı və təəssürat oyadıb insanları məftun etməyi sevirlər. Adətən maksimalist olurlar, ya hər şey, ya da heç bir şey; ikinci olmaq onlar üçün qəbuledilməz şərtdir. İnsanları idarə etməyi sevirlər, xəyallar qurur və onların ardınca getməyi sevirlər. Qırmızı rəng həm də seksuallıq və ehtiras simvoludur, belə rəngə üstünlük verən qadınlar dərhal əks cinsin diqqətini cəlb edirlər, özlərinə məftun edirlər. Amma qırmızı rəng həm də gizli qıcıq və qısqanslığı, soyuqqanlılığı və üsyankar təbiəti, qorxu və qəzəbi simvolizə edir, qan və şeytan rəngidir.
Gümüşü: Bu rəng zənginliyi və nüfuzu simvolizə edir. Gümüşü rəngə üstünlük verən insanlar intuitiv olub öz daxili dünyalarını anlamağa daha çox önəm verirlər. Həyat barəsində dərin düşüncələrə dalır, bəzən hər şeydən uzaqlaşırlar. Güclü təxəyyülə malik olub yaradıcı imkanlara malikdirlər. Yüksək natiqlik qabiliyyətinə malik olub şeriyyət ilə maraqlanırlar. Romantik olurlar, amma başlarını ürəklərinin əsirinə çevirmirlər. Nəcib və mülayim insanlardır, aqressiyanı sevmirlər. Bəzən isə reallıq ilə illuziyanı səhv salır, özlərinə məxsus qeyri-real fantastik dünyalarında yaşayırlar. Qərar verməkdə çətinlik çəkir, qeyri-səmimi olub hiss və düşüncələrini gizlədə bilirlər. Bəzən həyatda özlərini yalnız hiss edə, melanxolik düşüncənin əsirinə çevrilə bilirlər.