İslamaqədərki ərəb (bütpərəst) inanc sistemində Al-İlah’a (Allaha) niyə büt qoyulmamışdır? (El-Elohim-Allah)
Vahid Tanrı anlayışını bildirəm Allah (Al-İlah) kəlməsi islamdan daha əvvəl yəhudilər tərəfindən işlədilirdi. Yəhudi Bibliyasında Allah anlayışının qarşılığı “Elohim” kimi işlənir. Amma Allah anlayışı kimi Elohim anlayışı da yalnız vahid Tanrinı diqqət mərkəzinə gətirən monoteist dini sistem ilə (islam və yəhudi dini ilə) bağlı deyil, əksinə bu sistemlərə həmin anlayışlar əski ərəblərin və yəhudilərin politeist (çoxtanrılı) sistemindən keçib. Məsələn, islamaqədərki ərəblərin inancında çoxlu tanrılar — ərəbcə ilah (tanrı) və alihah (tanrılar, cəm şəklində) mövcud idi. Hər ilah kosmosda (və ya yer üzündə) bir sahəni idarə edirdi, hamısı isə daha güclü tək bir Tanrıya (Al-İlah) tabe idilər. İslam sadəcə bütün tək-tək tanrılara — ilah‘lara olan inamı aradan qaldırır, dini sistemin mərkəzində həmin o tək bir güclü Tanrını (Al-İlah‘i) saxlayır. Bu gün bizim işlətdiyimiz Allah anlayışı buradan gəlir.
Analoji transformasiyanı yəhudilərdə və yəhudi dinində də izləmək mümkündür. Elə yəhudi Bibliyasında tək Tanrını ifadə edən Elohim kəlməsi qədim yəhudi dilinin qramatikasına uyğun olaraq əslində tək olan tanrını deyil, cəmdə olaraq bütün tanrıları ifadə edir. Başqa sözlə Elohim kəlməsinin sonundakı “im” hissəciyi cəmi bildirir. (Bizdə “-lar, -lər” cəm şəkilçisi kimi). Əski ərəblər kimi əski yəhudilər də çoxlu tanrılara inanır, onların hamısını Elohim adlandırırdılar. Amma onların hamısı tək bir güclü Tanrıya — Yahweh‘ə tabe idilər. Yahweh əski yəhudi dövlət qurumlarının milli tanrısı idi, kosmosun yaradıcısı, yəhudilərin hamisi, düşmənlərə qarşı mübarizədə onların yardımçısı və s. Tədricən bütün digər tanrılara inam aradan çıxır, bütün inanc sistemi Yahweh‘in üzərində toplanır, o yeganə Elohim — Allah olur. Beləcə Elohim kəlməsi də tədricən cəmdə olaraq tanrıları deyil, sadəcə tək bir güclü Tanrını ifadə etməyə başlayır. Başqa sözlə Elohim anlayışı Yahweh anlayışının sinoniminə çevrilir. Burada Yahweh tək tanrının adını, Elohim isə onun titulunu (tək, yaradıcı, hər şeyə qadir, hər şeyi bilər, hamının yaxşılığını istəyən və s.) bildirməyə başlayır. Yəhudi dini dünyagörüş sistemi tədricən monoteizm üzərinə daha dərindən kökləndikcə artıq Yahweh kəlməsi də sıxışdırılır, sadəcə Elohim (Allah) kəlməsi qalır. Elohim kəlməsi titulu bildirdiyinə görə əski yəhudi inanc sistemində ona büt qoymamışdılar, halbuki Yahweh‘in sitayiş bütü mövcud olub. Yəhudi dini sadəcə Yahweh‘in üzərindən diqqəti çəkib onun titulu olan Elohimin üzərində cəmləşdirdiyindən bu ilk baxışda dini sistemin bütpərəstlikdən monoteizmə keçidi kimi qiymətləndirilə bilər, halbuki yuxarıdakı aspektdən yanaşsaq, hər ikisi tarixən bir-biri ilə sıx bağlıdır.
Elohim və Allah anlayışları da mərkəzi semit tayfaları olan yəhudilərin və ərəblərin dilinə daha erkən Proto-semit dillərindən keçib. Bu dillərdə tanrı anlayışının ilkin işlənmə forması “El” kimi qəbul olunur. El bir mənada kiçik tanrıları (ərəbcədən ilah kəlməsinin qarşılığı), bir mənada isə kiçik tanrıların tabe olduğu təkcə vahid güclü Tanrını (Elohim və ya Allah kəlməsinin qarşılığı) kimi işlənir. Elohim və Allah kimi El adlanan vahid güclü tanrıya da sitayiş üçün büt həsr etməyiblər, çünki ilkin anlamda El də Elohim və Allah kimi tanrının titulunu bildirib. Təqribən günümüzdə “prezident” anlayışı kimi. Prezident titulunun daşıyıcısı olan insanların adları müəyyən müddət sonra dəyişir — Buş, Obama, Trump, amma titul qalır. Elohim məsələn əski yəhudilərdə Yahweh’i bildirib, El daha qədim proto-semit tayfalarının birində məsələn, Hadad adlı tanrını (El-Hadad), başqa bir tayfanın dini sistemində başqa adlı tanrını bildirib və s.
Bir halda ki, Elohim və Allah ilkin dövrdə konkret Tanrının titulunu bildirirdisə, məsələn, Elohim Yahweh’i nəzərdə tuturdusa, onda Allah anlayışı islamaqədərki ərəblərdə digər kiçik tanrıları özünə tabe edən konkret hansı vahid güclü Tanrının titulu olub? Allah anlayışının islamdan əvvəl də işləndiyini təkzib etmək mümkün deyil, məsələn, Məhəmməd peyğəmbərin atasının adı Abdullah (Abd+Allah, yəni Allahın qulu) olub. Kəbədə Allah adlanan tanrıya sitayiş etmək üçün heç bir büt qoyulmasa da əski ərəb inancına görə nüfuzlu tanrılar Al-lāt, Al-‘Uzzá and Manat Allahın (Al-İlah’ın) qızları sayılırdı. Elohim kəlməsində qeyd etdiyimiz kimi Elohimə də sitayiş üçün büt qoyulmamışdı, büt Yahweh’ə qoyulmuşdu, Elohim onun titulu idi. Eləcədə məntiqlə çox güman ki, islamaqədərki Kəbədə Al-İlah titulunu daşıyan hər hansı büt olmalı idi. Bəzi tədqiqatçıların fikrincə, bu islamaqədərki ərəblərdə sitayiş olunan Hubal tanrısıdır. Bu tanrının bütü islamın gəlişinə qədər Kəbədə mövcud olmuşdur, məsələn, Məhəmməd peyğəmbər tərəfindən Uhud döyüşündə məğlub olan Abu Sufyan kömək üçün Hubal tanrısına müraciət etmişdir. İslamaqədərki ərəb inancına görə Hubal Ay tanrısı hesab olunur, əgər onun islamqədərki inanc sistemində Al-İlah titulunu daşıyan tanrı olması ehtimalı doğrudursa, bu ay(aypara) simvolunun islama keçməsini, islamda ay təqvimindən istifadə olunmasının səbəblərini izah etmiş olur.