Elmar Hussein's Blog, page 3
February 12, 2022
Ilk monoteist din: Atenizm
Qədim dinlər və sivilizasiyalar üzrə aparılan tədqiqatlar zamanı formalaşan ümumi rəy belədir ki, monoteizm (vahid Tanrıya inam) İbrahim dinlərində deyil, qədim Misirdə formalaşıb (və ya demək olar ki, formalaşıb). Sonuncu dəfə qədim Misirdə vahid Tanrı kimi qəbul edilən Aten tanrısına olan inam (atenizm dini) haqqında məlumat paylaşmışam. Amma Aten tanrısının Yerin və Göyün tək sahibi, bütün dünyada balansı və təhlükəsliyi qoruyan, hər şeyə qadir olan, hər şeyi bilən, gözəgörünməz kimi atributlara malik olması təsadüf sayıla bilərmi? Dinlərdə təsadüf mövcud deyil – sadəcə olaraq hər şeyin səbəbini daha əvvəlki dinlərdə və sivilizasiyalarda axtarmaq lazımdır.
Qədim Misirin monoteist sistemində mövcud olan Aten tanrısı onun politeist sistemində mövcud olan Amon (Günəş) tanrısı ilə əsasən eyniyyət təşkil edir. Sadəcə olaraq Amon baş tanrı olduğundan məntiqi cəhətdən digər tanrıların da mövcudluğunu tələb edir, yəni qədim misirlilərin dini dünyagörüşünü belə formalaşdırır. Amma Aten vahid Tanrı olduğundan digər tanrıların mövcudluğunu inkar etməklə ənənəvi dini dünyagörüşünü kökündən dəyişir. Amma istənilən halda Aten tanrısına aid edilən atributların kökünü Amon tanrısında axtarmaq lazım gəlir.
Qədim Misirin e.ə. 2400-2300-cü illərinə aid olan ən qədim mətnlərində (Pyramid texts) bir neçə əsas tanrının adı qeyd edilir: Ra (Günəş) tanrısı – hər şeyə qadir, doğulmayan (self-created) və hər şeyi yaradan; Montu tanrısı – müharibədə yardımçı olan, düşmənə qələbə çalmağa kömək edən və Misiri mühafizə edən; Amun (Amon) – gözləgörünməyən, gizli və qeyri-müəyyən və s. Bu və adlarını qeyd etmədiyim digər tanrılar ilə müqayisədə Amon daha güclü və mühüm hesab edilirdi, çünki onun gözləgörünməzlik, gizli və qeyri-müəyyən olma atributuna prinsipcə digər atributları da aid etmək mümkündür. Məsələn, işığı təmsil edən Ra tanrısına qaranlığı təmsil edə bilmə atributunu aid etmək qeyri-mümkündür və s. Məhz bu atributlar tədricən qədim Misir qavrayışında Amonu baş tanrı statusuna yüksəltməyə başlayır.
Qədim Misirdə ara müharibələrində qələbə çalan şahzadə 1-ci Ahmose (e.ə. 1550-1525) öz qələbəsini Ra tanrısına həsr edir, amma Ra tanrısını Amon tanrısı ilə “birləşdirir”. Qeyd etdiyimiz kimi, Amon gizli və qeyri-müəyyən olduğundan məntiqi cəhətdən qavrayışda onu istənilən tanrı(lar) və atribut(lar) ilə bağlamaq mümkündür. Nəticədə əsas sitayiş obyekti Amon-Ra tanrısı olur. Əslində Amon tanrısının bəzən Günəş tanrısı olaraq adlandırılarkən məhz Amon-Ra tanrısı nəzərdə tutulur. Amma özlüyündə qeyd etdiyimiz kimi, Amon Günəş tanrısı deyildir. Beləliklə, Amon-Ra tanrısının atributları – gözləgörünməyən, gizli, qeyri-müəyyən, hər şeyə qadir, doğulmayan və hər şeyi yaradan. Arizona Universitetinin Misir Arxeologiya Qrupunun direktoru olmuş Richard H. Wilkinson (1951) bu prosesi insan sivilizasiyasında ilk dəfə artıq demək olar ki, monoteizmin formalaşması kimi izah edir.
Tədricən sadəcə Amon adlandırılan (amma qeyd etdiyimiz kimi, bu artıq Amon-Ra tanrısını nəzərdə tutur) bu tanrını qədim Misirlilər asha renu, yəni çoxlu adlara (sifətlərə) malik olan və yalnız bunların hamısı nəzərə alınarsa tam şəkildə dərk oluna bilən tanrı adlandırırdılar. Amma sonralar Amon tanrısından Aten tanrısına keçid alarkən atenizm dininin yaradıcısı firon Akhenaten ümumiyyətlə, onun özündən başqa Aten tanrısını heç kimin dərk edə bilməyəcəyini yazırdı, çünki yalnız o, Aten tanrısının oğludur (bəzən reinkarnasiyası da yazırlar). Yeri gəlmişkən xristianlıqda İsa peyğəmbərin Tanrının oğlu olması ideyası bu kontekstdə maraq kəsb edir.
Qeyd etdiyimiz kimi, müharibə çalınan qələbənin Amon-Ra tanrısına həsr edilməsi artıq həm də qədim Misirdə müharibədə yardımçı olan, düşmənə qələbə çalmağa kömək edən və Misiri mühafizə edən Montu tanrısını da Amon tanrısında “əritməyə” başlayır. Nəticə etibarilə Amon sadəcə olaraq gözləgörünməyən, gizli, qeyri-müəyyən, hər şeyə qadir, doğulmayan və hər şeyi yaradan, dərkedilməz deyil, həm də müharibə zamanı fironlara köməyə gələn, düşmənləri cəzalandıran və kasibları, kimsəsizləri müdafiə edən tanrıya çevrilir. Məsələn, Oksford Universitetinin Şərqşünaslıq fakültəsində çalışan, misirşünas Geraldine Pinch (1951) bu barədə yazır.
Amon tanrısının kultu qədim Misirdə minilliklər ərzində yaşayıb. Məsələn, e.ə. 666-cı ildə Assuriya kralı Aşurbanipalın Misirə hücumu zamanı Amon kultunun bütün Misirdə geniş yayılması məlumdur. Qədim Yunanıstan politeizminda baş tanrı Zevsin, qədim Romada baş tanrı Yupiterin öz başlanğıcını Amon kultundan götürməsi ehtimal edilir. Hətta bu gün yəhudilərin, xristianların və müsəlmanların dini ibadət və ya moizə zamanı istifadə etdikləri “amen/amin” sözünün də Amon kultundan gəlməsi ehtimalı böyükdir.
“Amen” sözü yəhudi dilindən tərcümədə “həqiqət”, “əminlik” və ya “təstiq” mənalarını verir. Dini ibadətin və ya moizənin sonunda amen deməklə “doğrudur”, “elədir ki, var” və ya “təstiqləyirəm” kimi məna ifadə edilir. Yəhudilikdən xristianlığa və islama keçən bu söz bu dinlərdə də eyni mənalar ifadə edir. Amma çox böyük ehtimal ki, qədim Misirdə Amon kultunun geniş yayıldığı zaman məbədlərdə Amon tanrısının adından danışan kahinlər və onları dinləyən dindarlar tərəfindən “amon/amun” sözü Amon tanrısının sözləri doğrudur və ya bu sözləri təstiqləyirəm mənasını ifadə edirmiş.
Bu ehtimalı təstiqləyən bir hipotez yəhudiliyin yaradıcısı Musa (Moses) peyğəmbərin əslində Atena tanrısının məbədinə mənsub kahin olmasıdır. e.ə. 1336-cı ildə firon Akhenaten öldükdən və ya hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra onun yaratmış olduğu Aten tanrısına olan inanc yeni firon tərəfindən qadağan olunur və bütün Aten məbədləri qapadılır. Rabbinic Judaism də Mosesin yaşadığı illəri bu dövrə aid edir: e.ə. 1391-1271. İstənilən halda atenizm ilə yəhudlik arasında oxşarlıq çoxdur. Hətta Akhenaten tərəfindən Aten tanrısının şərəfinə yazılmış himnlər (şeirlər) yəhudilərə məxsus Psalm yazılarının 104-cü hissəsində oxşar ardıcıllıq və məzmun ilə öz əksini tapır.
January 23, 2022
Analitik dil və xalis zəka
Ingilis dili analitik dildir: bəzən sadəcə olaraq irəli sürülən fikrin daxili struktutunu analiz edərək qarşı tərəfin əslində nəyi nəzərdə tutduğunu xalis zəka ilə analiz etmək mümkündür. Bu zaman əlavə olaraq emosional duruma və s. diqqət ayırmağa ehtiyac duymursan. Məsələn, “Məntiq çox çətindir” mülahizəsini irəli sürən insanın əslində məntiqin bu çətinliyinin öhdəsindən gəlməyə qadir olub olmadığını xalis zəka vasitəsilə təyin etmək qeyri-mümkündür: bu mülahizəni irəli sürən insan bununla nə demək istəyir – (1) məntiq çox çətindir, amma o, bunun öhdəsindən gəlməyə qadir olduğunu hesab edir, ola bilsin ki, hətta onu sevir, yoxsa (2) məntiq onun intellektual imkanlarından, qavrayışından və s. yüksəkdə dura biləcək qədər çətindir və bu səbəbdən o, məntiqin öhdəsindən gələ bilməcəyini hesab edir. Amma ingilis dilində hər iki hal yalnız bir söz fərqi ilə iki fərqli mülahizə şəklində ifadə edilir:
(1) Logic is VERY difficult;
(2) Logic is TOO difficult.
Analitik fəlsəfə, məntiq və xalis zəka üçün ingilis dili daha ideal və lakonikdir: daha sadə cümlə quruluşu, daha az söz ilə daha mürəkkəb məntiqi, daha dərin analitik mənanı ifadə etmək mümkündür.
Analitik dil və xalis zəka mövzusunun davam etdirirəm. Azərbaycan dilində məsələn, “O, kiməsə hansısa işi gördürdü” mülahizəsini xalis zəka vasitəsilə sadəcə analiz edərək dəqiq nəticə əldə etmək mümkün deyil. Məsələn, (1) o, kiməsə hansısa işi məcburən (zor tətbiq edərək) gördürdü, yoxsa (2) o, kiməsə hansısa işi xahiş edərək (nəzakətlə tələb edərək) gördürdü, yoxsa (3) o, kimisə hansısa işi onu inandıraraq (ona ödəniş edərək) gördürdü – məlum deyil. Amma ingilis dilində hər üç mənanı özündə ifadə edən mülahizələr struktur etibarilə bir-birlərindən fərqlənir:
(1) He MADE someone do something;
(2) He HAD someone do something;
(3) He GOT someone to do something.
Qeyd etdiyim kimi, analitik fəlsəfə, məntiq və xalis zəka üçün ingilis dili daha ideal və lakonikdir: daha sadə cümlə quruluşu, daha az söz ilə daha mürəkkəb məntiqi, daha dərin analitik mənanı ifadə etmək mümkündür.
Analitik dil və xalis zəka mövzusunda daha bir nümunəni nəzərdən keçirək. Təsəvvür edin ki, tələbə seminarda nisbətən daha yüksək bal almaq istəməyini belə arqumentləşdirir: “Mən bütün günü dərs öyrənmişəm“. BÜTÜN günü, yəni necə? (1) Bütün gün boyu dərs öyrənmişəm, başqa heç bir şeylə məşğul olmamışam, amma arada fasilə vermişəm, kofe içmişəm, nahar etmişəm, gələn zənglərə cavab vermişəm, sosial şəbəkədə yazılanları gözdən keçirmişəm və s. ; yoxsa (2) non-stop rejimdə gün başlayandan gün bitinə qədər dərsdən heç ayrılmamışam.
İngilis dilində hər iki situasiya bir qədər fərqli mülahizə strukturu ilə ifadə edilir:
(1) İ studied ALL day.
(2) İ studied the WHOLE day.
Beləliklə, texniki baxımdan hər iki mülahizə eyni məzmun ifadə etmir.
İndi haqqında yazacağım linqvistik “prinsipi” əslində bizim dilə də tətbiq etmək mümkündür. Amma bizim dildə analitik fəlsəfə və məntiq demək olar ki, yazılmadığından dilin analitik fəlsəfi analizi aparılmayıb. Halbuki, ciddi analitik fəlsəfi və məntiqi əsərlərin yazarkən istifadə əsas təbii dil olan ingilis dilində hər bir sözün cümlədə işlənmə yerinə görə xalis zəka vasitəsilə qarşı tərəfin məqsədini anlamaq mümkündür. Məsələn, aşağıdakı üç oxşar cümləyə nəzər salaq:
(1) Seminara hazır gəl!
(2) Seminara hazır gəl, zəhmət olmasa!
(3) Zəhmət olmasa, seminara hazır gəl!
Bizim qavrayışımızda 1-ci və sonuncu 2 cümlə arasında bir qədər, amma sonuncu 2 cümlə arasında demək olar ki, heç bir məzmun fərqi yoxdur. Məsələn, “Get ready for the seminar, please!” cümləsinin tərcüməsi kimi adətən yuxarıdakı son iki cümlənin hər ikisindən istifadə edilir. Bizim qavrayışımız üçün “please” (“zəhmət olmasa”) sözünün cümlənin əvvəlində və ya sonunda işlənməsinin demək olar ki, fərqi yoxdur. Amma ingilis dilində belə deyil.
1-ci cümlə istənilən şeyin sərt və kobud formada tələb edilməsidir. Məsələn, adi şəraitdə tələbəyə bu şəkildə müraciət etik deyil.
2-ci cümlədə istənilən şeyə qarşı sərt tələb qorunub saxlanılır, amma artıq kobudluq yoxdur. Məsələn, adi şəraitdə tələbəyə bu şəkildə müraciət edərkən o, sənin tələb edilənə qarşı nə dərəcədə ciddi olduğunu, amma sadəcə etik çərçivədən kənara çıxacaq dərəcədə sərtlik, eləcə də kobudluq etmək istəmədiyini anlamış olur.
3-cü cümlədə istək və tələb qorunub saxlanılır, amma ciddiyyətdən nəzakətə, sərtlikdən yumşalmağa doğru xeyli dərəcədə eniş edilir.
İngilis dilində adətən “zəhmət olmasa” söz birləşməsinin işlənilib işlənilməməsini, eləcə də onun əvvəldə və ya sonda işlənməsinə diqqət yetirməklə qarşı tərəfin səs tonuna və ya emosional durumuna diqqət yetirmədən də bu cümlənin deyiliş məqsədini xalis zəka vasitəsilə analiz etmək mümkündür.
January 8, 2022
Fikir eksperimenti: davranış iqtisadiyyatı ilə xoşbəxtlik əmsalı arasında asılılıq
İnsan psixikası reallıqda ən mürəkkəb fenomenlərdən biridir. Sadə xətti məntiq ilə onu anlamaq mümkün deyildir. Gəlin aşağıdakı fikir eksperimentinə nəzər salaq:
“İki insan düşünün: A və B. Hər iki insan işə götürən ilə birhəftəlik iş müqaviləsi bağlayır. Müqavilənin şərtinə əsasən hər işçi hər iş saatına görə 1 dollar alacaq. Bir həftə ərzində A 70 saat, B isə 40 saat çalışır. Eksperimenti sadələşdirmək üçün hər iki işçinin bir iş saatı müddətində eyni keyfiyyət və eyni intensivliklə işlədiyini, iş prosesində insan həyatı və sağlamlığı üçün heç bir risk faktorunun olmadığını və s. fərz edək. Əlavə olaraq, iş həftəsinin sonunda əmək haqqının ödənildiyi aşağıdakı iki fərqli situasiyanın da ola biləcəyini fərz edək:
Situasiya 1: A həftə ərzində 70 saat, B isə 40 saat çalışıb. Müqaviləyə əsasən işə götürən A-ya 70 dollar, B-yə isə 40 dollar əmək haqqı ödəyir.
Situasiya 2: İşə götürən müqavilənin şərtlərini nəzərə almadan həm A, həm də B-yə 100 dollar əmək haqqı ödəyir.”
A hansı situasiyada özünü daha xoşbəxt hiss etmiş olacaq? Sadə xətti məntiq ilə 2-ci situasiyada A daha xoşbəxt olmalıdır, çünki 70 dollar əvəzinə 100 dollar qazanır. Amma real praktikada A-nın 1-ci situasiyada özünü daha xoşbəxt hiss etməsi ehtimalı yüksəkdir.
Səbəb çox sadədir: 2-ci situasiyada A əlavə 30 dollar, B isə 60 dollar qazanır və A qazanmalı olduğundan 30 dollar daha artıq qazanmış olmasından daha çox B-nin əlavə olaraq ondan 30 dollar daha çox qazanmış olmasından əzab çəkir. Beləliklə, real praktikada A ilə B-nin əlavə qazancı arasındakı fərq ilə A-nın bu situasiyada xoşbəxtlik əmsalı tərs mütənasibdir.
January 2, 2022
Ağ Qala (White Tower of Thessaloniki)

Yunanıstanın Salonik şəhərinin simvolu hesab edilən Ağ Qala (White Tower of Thessaloniki) 15-ci əsrin sonralarında şəhəri zəbt etmiş Osmanlılar tərəfindən tikilmişdir. Qala tarixi 12-ci əsrlərə aid edilən daha qədim Bizans qalasının yerində inşa edilmişdir. O, Egey dənizinin sahillərində yerləşdiyindən dəniz hücumlarından müdafiə üçün strateji əhəmiyyət daşıyırdı.
33.9 metr hündürlüyündə olan 6 mərtəbəli əsas qala diametri 12 m və hündürlüyü 6 m olan kiçik qala ilə tamamlanır. Kiçik qalaya giriş turistlər üçün bağlıdır. 20-ci əsrin əvvəllərinə kimi qala 1535-ci ildə Osmanlılar tərəfindən inşa edilmiş dördbucaqlı formasında qala divarları və bu divarların üç künc nöqtəsində ucaldılmış kiçik qalalar ilə əhatə edilmişdir.

16-cı əsrdə qala “Şirlər Qalası” (“Lion’s Tower“), 19-ci əsrdə “Yeniçeri Qalası” və “Qanlı Qala” (“Blood Tower“) kimi adlandırılmışdır. Sonuncu ad qalanın həm də cinayətdə ittiham olunan insanlar üçün həbsxana və edam yeri kimi istifadə olunması ilə bağlıdır. Bəzi tarixçilər xüsusi amansızlıqla icra edilən edamlar nəticəsində axan qanın tədricən qalanın divarlarını qırmızı rəngə boyadığını yazır.
Qala 1890-cı ildə cinayətdə ittiham olunan insanın öz azadlığı müqabilində qalanın divarlarını ağ rəngə boyamasından sonra Ağ Qala adlandırılmışdır. Bəzi tarixçilər 19-cu əsrin ikinci yarısında İngiltərənin təzyiqi ilə Osmanlı İmperiyasında başlanan islahatlar fonunda qalanın Qanlı Qala adlandırılmasının dövlətin imijinə zərər vurması səbəbindən Sultan 2-ci Əbdülhəmid tərəfindən belə qərarın verildiyini yazır.
December 10, 2021
Riyaziyyat elminin tarixi: mənfi ədədlər
Riyaziyyatda istifadə edilən “mənfi ədəd” anlayışı qədim yunanlar tərəfindən qəbul edilmirdi. Belə ki, yunan təfəkküründə ədədlər əsasən həndəsə ilə bağlı olduğundan onlar nəticə etibarilə ölçmə konteksində qavranılırdı. Aydın məsələdir ki, ölçmə yalnız müsbət ədədlər ilə ifadə oluna bilər, məsələn, burada -5 m ifadəsi nonsensdir.
Mənfi ədədlərdən ilk dəfə istifadə qədim Şərqə məxsusdur. Qədim Çində Han sülaləsinin (e.ə. 200 – b.e. 200) hakimiyyəti dövründə hələ ödəniləcək olan miqdarı ifadə etmək üçün mənfi ədəd anlayışından istifadə edilirdi. Müsbət ədəd anlayışını bildirən cheng “qırmızı çubuq”, müsbət ədəd anlayışını bildirən fu “qara çubuq” ilə ifadə edilirdi. Qara və qırmızı çubuqlar arasında aparılan riyazi əməliyyatlar sisteminə (toplama və çıxma əməliyyat sisteminə) dair məsələn, Lui Hui adlı riyaziyyatçının “Doqquz fəsildə riyaziyyat” kitabı məlumdur.
Amma mənfi ədədləri ölçmə və hesablama kontekstindən kənarda abstrakt ədədlər kimi nəzərdən keçirən ilk riyaziyyatçı orta əsrlər hind riyaziyyatçısı Brahmagupta (598-670) olmuşdur. Onun riyaziyyatında müsbət ədəd “şans“, mənfi ədəd isə “itgi” adlanır. Qədim Çin riyaziyyatçılarından fərqli olaraq Brahmagupta “şans” və “itgi” arasındakı riyazi əməliyyatlar sisteminə vurma və bölməni də daxil edir. Tərcümədə “Brahmanın düzgün qurulmuş doktrinası” mənasını verən nəzəri kitabında mənfi ədədlərdən başqa ilk dəfə olaraq 0 ədədi üzərində də aparılan riyazi əməliyyat sistemi, eləcə də pi irrasional ədədi, triqonometriya və s. haqqında qeydlər etmişdi.
Ümumiyyətlə, qlobal intellektual tarixə nəzər salarkən qeyd edə bilərik ki, 16-cı əsrdə də mənfi ədədlər əsasən qəbul edilmirdi. Yalnız 18-ci əsrdən etibarən bu ədədlərdən geniş istifadə edilsə də onların formal riyazi tərifi hələ mövcud deyildir. Formal riyazi tərif əsasında mənfi ədədlərdən istifadənin tarixi yalnız 19-cu əsrin sonlarından başlayır.
December 4, 2021
Ontologiya: elementar hissəcik, yoxsa materiya sahəsi?
Ontoloji müstəvidə fiziki reallıq qeyri-müəyyəndir. Fiziki obyektlərin ən sadə elementlər hissəciklərə qədər olan bölgüsü üzərində qurulan təsəvvür yanlışdır. İstənilən fiziki obyekti götürün. Bu bölgü üzrə onun molekul – atom – atom nüvəsi və elektron hissəciklərindən ibarət olduğunu güman edirik. Fiziki reallığın belə mənzərəsində elektron bölünməzdir, atom nüvəsi isə öz növbəsində kvark adlanan daha sadə tərkib hissəsindən ibarət proton və neytrondan ibarətdir; proton iki yuxarı və bir aşağı kvarkdan, neytron isə bir yuxarı və iki aşağı kvarkdan ibarətdir. Beləliklə, ontoloji müstəvidə fiziki reallıq adətən elektron, yuxarı kvark və aşağı kvarklardan ibarət olduqca mürəkkəb sistemlər kimi təsəvvür edilir. Amma bu qəbildən olan təsəvvürlər yanlışdır və fizika elmi tərəfindən artıq xeyli müddətdir ki, təkzib edilib. Bu gün fizikada bu qəbildən olan fikirlərdən adətən izahatda yarana biləcək mürəkkəbliklərdən qaçmaq üçün istifadə edilir. Həqiqət isə ondan ibarətdir ki, fiziki reallıqda elementar hissəcik adlandırdığımız heç bir varlıq mövcud deyildir. Fiziki dünyanın “tikinti materialları” elementar hissəciklər deyil. Fiziki reallığın əsasında müxtəlif materiya sahələri dayanır. Bu materiya sahələri məkanı tam həcmdə doldurduğundan fiziki reallıqda mütləq boşluq mövcud ola bilməz. Hətta X adlı şərti məkanda bütün elementar hissəcikləri çıxararaq vakuum yaratsaq belə orada mütləq boşluq yaranmayaq, çünki orada da məkan materiya sahəsi ilə tam həcmdə dolmuş olduğundan vibrasiya etməkdə davam edəcək və nəticə etibarilə qeydə alına bilən miqdarda “elementar hissəciklər” davamlı olaraq mövcud olmağa və yox olmağa davam edəcək. Yeri gəlmişkən bizim elementar hissəcik olaraq təyin etdiyimiz varlıq sadəcə olaraq müxtəlif materiya sahələrinin vibrasiyasından başqa bir şey deyildir. Bu olduqca qeyri-intuitiv bir mənzərədir. Natamam da olsa bir təsəvvür formalaşdırmaq üçün materiya sahəsini dəniz olaraq təsəvvür edin. Küləkli hava şəraitində dəniz davamlı olaraq dalğalanma vəziyyətində olacaq. Materiya sahəsinə də enerji təsir edərkən o, bu şəkildə dalğalanmağa və dalğanı səth boyu yaymağa başlayır; dalğa qabaran zaman “elementar hissəcik” mövcud olur. Amma dalğa məkanın heç bir nöqtəsində sabit qalmır; dalğanın yatdığı nöqtədə “elementar hissəcik” yox olur. Beləliklə, “elementar hissəcik” dalğalanan materiya sahəsinin səthində davamlı olaraq yaranma və yox olma prosesindədir. Fizikada bu qəbildən olan fenomenlər Kvant sahəsi nəzəriyyəsində (Kvant mexanikası deyil) tədqiq edilir. Bu qədər qeyri-intuitiv olan fiziki mənzərənin əsasında yeni metafizik sistemin formalaşdırılması müasir fəlsəfənin qarşısında dayanan əsas vəzifələrdən biridir.
December 3, 2021
Xalis zəka və analitik fikir
Müasir global sivilizasiyada bir sərbəst düşüncə böhranı müşahidə edilməkdədir. İstənilən sərbəst düşünmə cəhdlərinin qarşısı irəli sürülən fikirlərin faktlarla əsaslandırılması tələbi ilə kəsilir, beləcə insanın sürü psixologiyasına qarşı çıxma imkanları azalır. Fikirlərin faktlar ilə əsaslandırılması fikrin doğru olması üçün yetərlidir, amma zəruri deyil. Başqa sözlə, faktlar ilə birbaşa olaraq əsaslandırmadan da fikrin doğru olduğunu əsaslandırmaq mümkündür. Məsələn, X hadisəsi özündə x, y, z, a, b, c əlamətlərini daşıyır. Bu artıq əsaslandırılmış olan arqumentin nəticəsini özündə əks etdirən 1-ci fikirdir. Y hadisəsi özündə x, y, z, a, b əlamətlərini əks etdirir. Bu isə artıq əsaslandırılmış olan digər arqumentin nəticəsini özündə əks etdirən 2-ci fikirdir. 1-ci və 2-ci fikirləri nəzərə alaraq, Y hadisəsinin 2.ci fikirdə öz əksini tapmayan c əlamətinə malik olduğuna dair növbəti arqument quraraq 3-cü fikri irəli sürmək olmazmı? Məntiqi cəhətdən bu mümkündür. Analogiya əsasında Y hadisəsinin c əlamətinə malik olmasına dair fikrinin doğru ola bilməsi ehtimalını əsaslandırmaq mümkündür. Şübhəsiz ki, qurulan analogiyadan çıxan nəticənin yalan olma ehtimalı hər zaman mümkündür, amma məsələn, hər iki hadisədə təkrarlanan oxşar əlamətlərin sayı çox olarsa, bu əlamətlər mühüm əlamətlər olarsa və s., onda analogiyadan çıxan nəticənin doğru ola bilmə ehtimalı artmış olur. Sonuncu 3-cü fikri əsaslandırmaq üçün mən empirik faktlardan istifadə etdimmi? Xeyr. Mən sadəcə xalis zəkadan istifadə edərək məntiqi yolla 3-cü fikri əsaslandırdım. Burada empirik faktlardan istifadə dolayı şəkildə arqumentasiya prosesinə daxil olur. Məsələn, 1-ci və 2-ci fikirlərdə X və Y-in hansı əlamətlərə malik olmasını ola bilsin ki, empirik faktlarla təstiq etmiş, bu fikirlər əsasında 3-cü fikri irəli sürərkən həmin faktlardan da dolayı şəkildə istifadə etmiş (və ya nəzərdə tutmuş) oluram. Amma istənilən halda insanın xalis zəka vasitəsilə əsaslandıra biləcəyi və ya xalis zəkadan başqa yolla əsaslandırılması mümkün olması doğru fikirlər (bilik) mövcuddur. Bu qəbildən olan fikirləri “analitik fikirlər” adlandıra bilərik.
November 11, 2021
Neyrofəlsəfə və azad iradə
Nevrologiya müstəvisində insanın seçim azadlığı mövcud deyildir. Azad iradə dediyimiz insanın qarşısında seçim etmək üçün bir neçə alternativ imkanın mövcud olması deməkdir: məsələn, əgər insan insanın qarşısında A, B və C imkanları mövcud olmuş olardısa və insan onlardan məsələn, B imkanını seçmiş olardısa, onda insan azad iradənin subyekti olaraq etmiş olduğu seçimə və bu seçimə uyğun davrandığına görə əxlaqi məsuliyyət daşıyır. Amma nevrologiya müstəvisində seçim və davranış qapalı dairədə cərəyan edən müxtəlif neyroproseslər tərəfindən avtomatik tənzimlənir. Bu prosesləri sxematik olaraq təsvir etməli olsaq, mərkəzi sistemi ətraf mühitdən input siqnallar qəbul edir, bu siqnallarda ehtiva olunan informasiyanı emal edir və psixi vəziyyəti, eləcə də davranışı təyin edəcək output siqnallar göndərir. Cinayət hadisələrinin baş verməsi kontekstində mühüm olan insanı bu cinayətləri törətməyə təhrik edəcək sosial mühitdən mərkəzi sinir sisteminə hansı siqnalların daxil olması və bu siqnallarda ehtiva olunan informasiyanı emal etmək üçün baş beyin sisteminin hansı göstəricilərə malik olmasıdır. Hər iki amil insan iradəsinin xaricində baş verir, yəni insanın qarşısına alternativ imkanlar qoymur. Birinci amil sosial sistemin müxtəlif səviyyələrdə (dövlət və onun institutları, ailə və digər mikrososial ictimai münasibət sistemi və s.) necə tənzimlənə bilməsindən asılıdır. İkinci amil isə beyinin daxili quruluşuna əsasən müxtəlif pay mərkəzlərinin həcm və aktivlik göstəriciləri, hormonları və digər biokimyəvi birləşmələrin mərkəzi sinir sisteminə təsiri, sosial mühit ilə qarşılıqlı əlaqə zamanı baş beyin sistemində toplanmış yaddaş/təcrübə və s. ilə avtomatik tənzimlənir. İnsan istəsəydi cinayət hadisəsini törətməkdən qaça bilərdi, nəfsinə üstün gələ bilərdi və s. qəbildən olan qiymətləndirilmələr sadəcə olaraq xalq psixologiyası, psevdo-elm, din və s. çərçivədə aparıla bilən mental əməliyyat sistemidir. Bütün bunlar isə ön şərt olaraq azad iradənin mövcudluğunu qəbul etsələr də rasional şəkildə onun fəaliyyət mexanizmini izah edə bilmirlər. Amma məsələn, makrosistemlərə nəzərən fizika müstəvisində aparıcı prinsip ciddi determinizm prinsipidir: əgər təyinedici şərtlər çoxluğunun hamısı baş verirsə, onda təyin olunan hadisənin baş verməsi labüddür. Məntiqi konteksdə əgər A-dırsa, onda B-dir və A-dır, deməli, B-dir. Başqa sözlə, təyinedici şərtlər çoxluğu təyin edilən hadisənin baş verməsi üçün kifayət edir. Nevrologiya müstəvisində bu o deməkdir ki, eyni təyinedici şərtlər çoxluğuna hipotetik olaraq daxil edilmiş hər bir subyekt (insan) eyni seçimi edərək eyni şəkildə davranacaq. Başqa sözlə, ətraf mühitdən eyni siqnallar alan hər bir insan mərkəzi sinir sisteminin eyni göstəricilərinə malik olarsa və s., onda onun eyni cür davranması labüddür. Əgər bioloji müstəvidə cinayətə qarşı potensial meyl varsa, sosial sistem sadəcə olaraq müxtəlif yollarla bu potensialın gerçəkliyə çevrilməsinin qarşısını ala bilər. Xalq psixologiyası, psevdo-elm, din və s. də sadəcə olaraq sosial sistemin belə tənzimləmə sisteminin tərkib hissələri kimi çıxış edə bilərlər. Amma sosial sistemdə böhran (anarxiya, silahlı konflikt, işlək olmayan qanunlar sistemi, məhkəmə sisteminin kütləvi korrupsiyalaşması və s.) yaranan kimi, hətta xalq psixologiyasının və ya dinin daşıyıcısı olaraq cinayətə qarşı çıxış edən insanın özü də avtomatik cinayətkara çevrilə bilər. Burada mühüm olan məsələ sosial sistemin tənzimlənməsidir. Amma sosial sistemin tənzimlənməsində həmişə boşluqlar var və olacaq, bu səbəbdən cinayətlər və cinayətkarllar həmişə var və olacaq. Amma istənilən halda sosial sistemin təhlükəsizliyini təmin etmək üçün cinayətkarların cəzalandırılmasında son məqsədi düzgün seçmək lazımdır. Qeyd etdiyimiz kimi, nevrologiya müstəvisində heç bir insan, o cümlədən heç bir cinayətkar azad iradəyə malik deyil. Cinayətkar istəsəydi belə eyni şərtlər daxilində cinayəti törətməyə bilməzdi. Bu səbəbdən neyrofəlsəfə kontekstində heç bir cinayətkar törətmiş cinayətə görə əxlaqi məsuliyyət daşımır. Amma hər bir cinayət törətmiş olduğu cinayətə görə cinayət məsuliyyəti daşıyır. Cinayətkarların daşıdığı cinayət məsuliyyətinə görə cəzalandırılmasında son məqsəd onların bütöv sosial sistemin təhlükəsizliyi naminə necə və hansı müddətə sistemdən kənarlaşdırmaqdır. Xüsusilə təhlükəli cinayətkarların fiziki məhvi və ya ömürlük həbsi bu məqsədə xidmət edir (və ya etməlidir). Amma əgər cinayətkarın bir müddətdən sonra cəmiyyət üçün təhlükəsiz və ya az təhlükəli olmasına qərar verilərək onun gələcəkdə cəmiyyətə qaytarılması nəzərdə tutulursa, onda ona qarşı həbsdə davranışların xüsusi nəzarət altında olmasında fayda var. Son məqsəd cinayətkarın törətmiş olduğu cinayətə görə ona cəza verərək zərər çəkmişə qarşı ədaləti bərpa etmək deyil, əksinə, cinayətkarın gələcək davranışlarının sosial sistem üçün risklərini minimuma endirməkdir. Məsələn, zorlama ittiham olunan cinayətkarın axtalanaraq cəza müddəti bitdikdən sonra gələcəkdə cəmiyyətə qaytarılması nəzərdə tutulursa, bu artıq potensial serial qatilin (manyakın) cəmiyyətdə özünə yeni qurbanlar seçməsi ehtimalını yarada bilər. Qeyd etdiyimiz kimi, nevroloji müstəvidə insan seçimi və davranışı avtomatik olaraq qapalı çevrədə mərkəzi sinir sistemi tərəfindən qəbul edilən input siqnallar, informasiya və bu sistemdən göndərilən output siqnallar ilə tənzimlənir. Sistemə daxil olan hər bir siqnal son nəticədə insan seçiminin və davranışının tənzimlənməsində iştirak edir.
October 10, 2021
Nalanda Mahavihara

Şəkildə gördüyünüz Şərqin çox böyük ehtimalla ən qədim təhsil mərkəzi olan Nalanda Mahaviharadır. Müasir Hindistan ərazində yerləşən mərkəz ən azı 11 monastr, 6 məbəd, 100 minlərlə kitabdan ibarət kitabxanadan və s. ibarət olub. Tarixi e.ə. 3-cü əsrə gedib çıxan mərkəz 13-cü əsrə kimi fəaliyyət göstərib. Əsas yüksəliş və fasiləsiz fəaliyyət dövrü 5-13-cü əsrləri əhatə edir. Şərqin ən qədim təhsil mərkəzində 800 illik fasiləsiz tədris müsəlman Dehli Sultanlığının 1202-ci ildə ora amansız hücumu, mərkəzin dağıdılması, kitabxananın məhv edilməsi, bir çox rahiblərin qətl edilməsi ilə sona çatmışdır. Mərkəzin çoxəsrlik təcrübəsi və xilas edilən kitablar sonralar Tibet buddizminin formalaşmasına və inkişafına təkan vermişdir. Amma qapalı və mühafizəkar Tibetdən fərqli olaraq Nalanda xaricdən gələn bütün insanların üzünə açıq olduğundan son nəticədə Nalandanın məhv edilməsini Şərqdə elm, təhsil və mədəniyyətin ciddi şəkildə geriləməsi kimi qiymətləndirmək olar. Halbuki o, yalnız Hindistanın deyil, həm də Tibetdən, Çindən, Koreyadan, Orta Asiyadan olan alim və tələbələri bir çox əsrlər özünə cəlb etmişdi.
Nalandada əsas etibarilə Buddizm tədris edilirdi. Tədris Pali dilində aparılırdı. Amma tədris proqramına həm də məntiq, sanskrit dilinin qrammatikası, tibb, astronomiya, hüquq, mühəndislik, Vedalar və bir sıra digər hind fəlsəfi məktəbləri də daxil idi. 7-ci əsrə aid olan Çin mənbələri mərkəzdə 1510 müəllimin çalışdığını qeyd edirdi.
Nalanda UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib.
October 3, 2021
Məhəmməd peyğəmbər ilə yəhudi klan(lar)ı arasında genetik bağlılıq mövcud ola bilərmi?
Məhəmməd peyğəmbərin ata xətti ilə nəsil kökünün bir tərəfdən yəhudilərə (və ya yəhudiləşmiş ərəblərə) gedib çıxmasını ehtimal etmək mümkündür. Peyğəmbərin mənsub olduğu Quraysh tayfasının Banu Hashim klanı qəbilənin ana xətti ilə yəhudilərə gedib çıxan yeganə klanı hesab oluna bilər. Belə ki, klanın əsasını qoyan Hashim ibn Abd Manaf (peyğəmbərin babası ‘Abdul-Muttalib‘in atası) Mədinə şəhərində yaşayan Banu Khazraj tayfasının Banu Najjar klanına mənsub olan Salma bint Amr ilə nigahda olub və bu nigahdan peyğəmbərin babası dünyaya gəlib.
Banu Khazraj tayfası Mədinəyə 2-ci əsrdə köç edərək islamaqədərki mərhələdə bu şəhərdə digər üç böyük yəhudi (və ya yəhudiləşmiş ərəb) tayfası ilə birlikdə yaşayıb. Banu Qaynuqa, Banu Nadir və Banu Qurayza kimi adlanan bu tayfalar islamaqədərki mərhələdə birlikdə Mədinə köç edən ərəb tayfaları olan Banu Khazraj ilə Banu Aws arasında baş tutan müharibədə bu və ya digər tərəfə yardım etməklə onların hərbi müttəfiqi kimi də çıxış ediblər.
Bir neçə yüz il ərzində yəhudi və ərəb tayfaları birlikdə yaşadığından artıq əvvəlki ərəb tayfalarının (Banu Khazraj və Banu Aws) bəzi klanlarının tədricən yəhudiləşməsi ehtimalı yaranır. Bunlardan biri də Salma bint Amr‘in (peyğəmbərin babasının anasının) mənsub olduğu Banu Khazraj qəbiləsinin Banu Najjar klanıdır. Bu klanın yəhudi adlandırılmasına məsələn, Məkkədən Mədinəyə köçən zaman peyğəmbərin Mədinə əhli ilə bağladığı sazişdə — “Mədinə konstitusiyasında” rast gəlmək mümkündür. Bu konstitusiyanın 26-cı maddəsində “Banu Najjar yəhudiləri” (Jews of Banu Najjar) kəlməsi işlənir. Bəzi ədəbiyyatlarda məhz bu klanın sonralar peyğəmbərin təhlükə anında Məkkədən Mədinəyə köç etməsində (hicrət) böyük rol oynadığı və ilk sığınacaq verdiyi qeyd olunur. Peyğəmbərə Mədinədə ilk sığınacaq verən, daha sonra isə peyğəmbər tərəfindən Mədinədə tikilən və islam aləmində ikinci ən müqəddəs məscid hesab olunan məşhur Al-Masjid an-Nabawi‘nin (“Peyğəmbər Məscidi”nin) tikintisi üçün ayrılan torpağın pulunu peyğəmbərin əvəzindən ödəyən Abu Ayyub al-Ansari də məhz Banu Najjar klanına mənsub olub.
Məhəmməd peyğəmbərin yəhudi klanı ilə genetik bağlılığını əsaslandırmaq üçün bəziləri öz spekulyativ düşüncələrini Quranın Al-Baqarah surəsinin 146-cı ayəsi üzərində qurmağa çalışır:
“Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.” (2:146)
Belə ki, “kitab verdiyimiz şəxslər” anlayışı aydın şəkildə yəhudilərə işarədir, çünki islamdan öncə yalnız yəhudilikdə və xristianlıqda “müqəddəs kitab” anlayışı qəbul edilir. Xristianlığın yaradıcısı hesab edilən İsa peyğəmbərin isə genetik olaraq yəhudi olması isə şübhəsizdir. Bu konteksdə əgər yuxarıdakı ayədə öz əksini tapan “Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar” mülahizəsi “Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri) öz oğulları kimi tanıyırlar” şəklində ifadə edilərsə (tərcümə edilərsə), deməli, peyğəmbərin genetik bağlılığının yəhudilərə gedib çıxmasını ehtimal etmək olar.
Vacid qeyd: İslam inancına görə 609-632-ci illər arası Allah tərəfindən tədricən peyğəmbərə göndərilən Quran yalnız peyğəmbərin ölümündən sonra 1.ci xəlifə Abu Bakr‘ın zamanında bir yerə toplanılmağa və sistemləşdirilməyə başlanılır və bu proses təqribən 650-ci illərdə 3.cü xəlifə Uthman‘ın zamanında hazırkı son variant şəklini alır. Amma buna baxmayaraq, Quranın erkən və indiki qəbul edilmiş variantından müəyyən qədər fərqli olaraq əlyazmalar (məsələn, Sanaa manuscript, 1972, Yəmən) arxeoloji qazıntılar zamanı müəyyən edilib. Başqa sözlə, uzun müddət əsasən yaddaşlarda mövcud olan və ya sistemsiz şəkildə əlyazmaları şəklində mövcud olan “müqəddəs mətn”lərin məzmun və forma etibarilə müxtəlif variantlarının olması ehtimalı yüksəkdir. Digər tərəfdən isə məşhur fars alimi, tarixçisi və Quran təfsirçisi Al-Tabari’nin (839-923) fikrincə, hətta peyğəmbərin zamanında belə (ərəb dilinin qrammatik qaydaları, daxili strukturu və s. səbəbindən) müqəddəs mətndə ayələrin dəqiq müəyyən edilmiş qaydada sabit oxunuş və anlaşılma qaydası mövcud deyildi. (Mənbə: Christoph Luxenberg The Syro-Aramaic Reading of the Koran: A Contribution to the Decoding of the Language of the Koran, 2007, səh. 36)