Neyrofəlsəfə və azad iradə
Nevrologiya müstəvisində insanın seçim azadlığı mövcud deyildir. Azad iradə dediyimiz insanın qarşısında seçim etmək üçün bir neçə alternativ imkanın mövcud olması deməkdir: məsələn, əgər insan insanın qarşısında A, B və C imkanları mövcud olmuş olardısa və insan onlardan məsələn, B imkanını seçmiş olardısa, onda insan azad iradənin subyekti olaraq etmiş olduğu seçimə və bu seçimə uyğun davrandığına görə əxlaqi məsuliyyət daşıyır. Amma nevrologiya müstəvisində seçim və davranış qapalı dairədə cərəyan edən müxtəlif neyroproseslər tərəfindən avtomatik tənzimlənir. Bu prosesləri sxematik olaraq təsvir etməli olsaq, mərkəzi sistemi ətraf mühitdən input siqnallar qəbul edir, bu siqnallarda ehtiva olunan informasiyanı emal edir və psixi vəziyyəti, eləcə də davranışı təyin edəcək output siqnallar göndərir. Cinayət hadisələrinin baş verməsi kontekstində mühüm olan insanı bu cinayətləri törətməyə təhrik edəcək sosial mühitdən mərkəzi sinir sisteminə hansı siqnalların daxil olması və bu siqnallarda ehtiva olunan informasiyanı emal etmək üçün baş beyin sisteminin hansı göstəricilərə malik olmasıdır. Hər iki amil insan iradəsinin xaricində baş verir, yəni insanın qarşısına alternativ imkanlar qoymur. Birinci amil sosial sistemin müxtəlif səviyyələrdə (dövlət və onun institutları, ailə və digər mikrososial ictimai münasibət sistemi və s.) necə tənzimlənə bilməsindən asılıdır. İkinci amil isə beyinin daxili quruluşuna əsasən müxtəlif pay mərkəzlərinin həcm və aktivlik göstəriciləri, hormonları və digər biokimyəvi birləşmələrin mərkəzi sinir sisteminə təsiri, sosial mühit ilə qarşılıqlı əlaqə zamanı baş beyin sistemində toplanmış yaddaş/təcrübə və s. ilə avtomatik tənzimlənir. İnsan istəsəydi cinayət hadisəsini törətməkdən qaça bilərdi, nəfsinə üstün gələ bilərdi və s. qəbildən olan qiymətləndirilmələr sadəcə olaraq xalq psixologiyası, psevdo-elm, din və s. çərçivədə aparıla bilən mental əməliyyat sistemidir. Bütün bunlar isə ön şərt olaraq azad iradənin mövcudluğunu qəbul etsələr də rasional şəkildə onun fəaliyyət mexanizmini izah edə bilmirlər. Amma məsələn, makrosistemlərə nəzərən fizika müstəvisində aparıcı prinsip ciddi determinizm prinsipidir: əgər təyinedici şərtlər çoxluğunun hamısı baş verirsə, onda təyin olunan hadisənin baş verməsi labüddür. Məntiqi konteksdə əgər A-dırsa, onda B-dir və A-dır, deməli, B-dir. Başqa sözlə, təyinedici şərtlər çoxluğu təyin edilən hadisənin baş verməsi üçün kifayət edir. Nevrologiya müstəvisində bu o deməkdir ki, eyni təyinedici şərtlər çoxluğuna hipotetik olaraq daxil edilmiş hər bir subyekt (insan) eyni seçimi edərək eyni şəkildə davranacaq. Başqa sözlə, ətraf mühitdən eyni siqnallar alan hər bir insan mərkəzi sinir sisteminin eyni göstəricilərinə malik olarsa və s., onda onun eyni cür davranması labüddür. Əgər bioloji müstəvidə cinayətə qarşı potensial meyl varsa, sosial sistem sadəcə olaraq müxtəlif yollarla bu potensialın gerçəkliyə çevrilməsinin qarşısını ala bilər. Xalq psixologiyası, psevdo-elm, din və s. də sadəcə olaraq sosial sistemin belə tənzimləmə sisteminin tərkib hissələri kimi çıxış edə bilərlər. Amma sosial sistemdə böhran (anarxiya, silahlı konflikt, işlək olmayan qanunlar sistemi, məhkəmə sisteminin kütləvi korrupsiyalaşması və s.) yaranan kimi, hətta xalq psixologiyasının və ya dinin daşıyıcısı olaraq cinayətə qarşı çıxış edən insanın özü də avtomatik cinayətkara çevrilə bilər. Burada mühüm olan məsələ sosial sistemin tənzimlənməsidir. Amma sosial sistemin tənzimlənməsində həmişə boşluqlar var və olacaq, bu səbəbdən cinayətlər və cinayətkarllar həmişə var və olacaq. Amma istənilən halda sosial sistemin təhlükəsizliyini təmin etmək üçün cinayətkarların cəzalandırılmasında son məqsədi düzgün seçmək lazımdır. Qeyd etdiyimiz kimi, nevrologiya müstəvisində heç bir insan, o cümlədən heç bir cinayətkar azad iradəyə malik deyil. Cinayətkar istəsəydi belə eyni şərtlər daxilində cinayəti törətməyə bilməzdi. Bu səbəbdən neyrofəlsəfə kontekstində heç bir cinayətkar törətmiş cinayətə görə əxlaqi məsuliyyət daşımır. Amma hər bir cinayət törətmiş olduğu cinayətə görə cinayət məsuliyyəti daşıyır. Cinayətkarların daşıdığı cinayət məsuliyyətinə görə cəzalandırılmasında son məqsəd onların bütöv sosial sistemin təhlükəsizliyi naminə necə və hansı müddətə sistemdən kənarlaşdırmaqdır. Xüsusilə təhlükəli cinayətkarların fiziki məhvi və ya ömürlük həbsi bu məqsədə xidmət edir (və ya etməlidir). Amma əgər cinayətkarın bir müddətdən sonra cəmiyyət üçün təhlükəsiz və ya az təhlükəli olmasına qərar verilərək onun gələcəkdə cəmiyyətə qaytarılması nəzərdə tutulursa, onda ona qarşı həbsdə davranışların xüsusi nəzarət altında olmasında fayda var. Son məqsəd cinayətkarın törətmiş olduğu cinayətə görə ona cəza verərək zərər çəkmişə qarşı ədaləti bərpa etmək deyil, əksinə, cinayətkarın gələcək davranışlarının sosial sistem üçün risklərini minimuma endirməkdir. Məsələn, zorlama ittiham olunan cinayətkarın axtalanaraq cəza müddəti bitdikdən sonra gələcəkdə cəmiyyətə qaytarılması nəzərdə tutulursa, bu artıq potensial serial qatilin (manyakın) cəmiyyətdə özünə yeni qurbanlar seçməsi ehtimalını yarada bilər. Qeyd etdiyimiz kimi, nevroloji müstəvidə insan seçimi və davranışı avtomatik olaraq qapalı çevrədə mərkəzi sinir sistemi tərəfindən qəbul edilən input siqnallar, informasiya və bu sistemdən göndərilən output siqnallar ilə tənzimlənir. Sistemə daxil olan hər bir siqnal son nəticədə insan seçiminin və davranışının tənzimlənməsində iştirak edir.