Elmar Hussein's Blog, page 13

February 15, 2020

Erkən nigah, pedofiliya və kapitalizm

14-16 yaşlı qızlarla nigaha daxil olmaq pedofillik göstəricisi sayıla bilərmi? Müasir dövrün sloqanlar (xüsusilə radikal feminist istiqamətində olan) bu sualı müsbət qiymətləndirməyə vadar edir. Elmə müraciət etsək, pedofiliya psixatrik xəstəlik olub yalnız bir deyil, mümkün şəraitdə heç bir sədd tanımadan bütün uşaqlara (heç bir cinsi fərq tanımadan həm oğlanlara, həm də qızlara) qarşı zorakı seksual istəyin təzahürüdür. Həmçinin psixatriyada seksual zorakılığın qurbanı olan insanların (uşaqlar) yaş həddi 13 və daha aşağı həddir. Yəni psixatriya baxımından yanaşsaq, 14-16 yaşlarında qızlarla nigaha daxil olmaq istəyən insan pedofiliya xəstəliyindən əziyyət çəkən insanlar kateqoriyasına daxil deyil. (Təbii istisnalar xaric)





Əgər tarixilik nöqteyi-nəzərindən yanaşsaq, nigah yaş həddinin 17-18 yaş müəyyən edilməsi müasir qərb sivilizasiyasının (kapitalist münasibətlərinin) inkişafı ilə üst-üstə düşür. (Hərçənd müəyyən qərb cəmiyyətlərində, məsələn, Böyük Britaniyada məhkəmənin qərarı və valideynlərin razılığı ilə 16 yaşında nigaha daxil olmaq mümkündür.) Ənənəvi cəmiyyətlərin bir çoxunda, məsələn, Çin, Hindistan, Ərəb-müsəlman cəmiyyətlərində nigaha daxil olmaq üçün yaş həddi 14-16 (bəzən 13) müəyyənləşirdi. (Müasir dövrü deyil, orta əsrlər və erkən müasir dövrü nəzərdə tuturam.) Böyük coğrafi kəşflərdən və sıxlaşan mədəni-iqtisadi əlaqələrdən sonra Avropanı təəccübləndirən bir məqam mövcud idi. Şərq cəmiyyəti daha gənc idi, 14-16 yaşlarında nigaha daxil olan insanlar artıq orta yaşlarında (35-40 yaşlarında) 20 yaşlarında gənclərin valideynləri statusunu daşıyırdılar. Cəmiyyət daha dinamik sürətlə inkişaf edirdi. Qadınların bioloji olaraq daha çox sayda və daha sağlam övlad dünyaya gətirmək imkanları olurdu. Halbuki kilsə (xristian dini institutunun) fərmanlarına əsasən Avropada nigah yaşı xeyli yüksək idi. Bu isə həmin dövr üçün Avropa cəmiyyətinin qocalması və əhali artımının aşağı olmasına gətirib çıxarırdı. Bu səbəbdən Şərq ilə tanışlıqdan sonra kilsə də öz fərmanlarında düzəliş etməyə və nigah həddini bəzən hətta 13 yaşa kimi endirməyə qərar verir. Erkən müasir dövrdən sonra Avropada əhali artımı və demoqrafik dinamika yalnız bundan sonra sürətlənməyə başlayır. (Xüsusilə 20-ci əsrin birinci yarısında yazıya alınmış “Avropada seksual münasibətlərin tarixi” ilə bağlı kitablarda bu mövzu ilə ətraflı tanış olmaq mümkündür.)





Erkən müasir dövrdə Şərq və Qərb insanının müqayisəli təhlilində şərqdə insanın psixoloji cəhətdən daha sağlam, qərbdə isə daha çox psixoloji nevroz halında olması idi. Statiskaya əsasən qızlar cinsi yetişkənlik dövrünə 10-11, oğlanlar isə 11-12 yaşlarında qədəm qoyurlar. Artıq 14-16 yaşlarında libido enerjisinin (seksual instinklərin) pik nöqtəsini yaşamağa başlayırlar. Şərq insanı daha erkən nigaha daxil olmaqla həmin enerjini daha “sağlam” istiqamətə yönəldə bilirdi. Halbuki kilsə nigaha qədər hər cür seksual münasibətləri ciddi şəkildə qadağan etdiyindən həmin dövr üçün libido enerjisinin qarşısını kəsməklə psixoloji nevroz yaradırdı. (Yenə də Avropada seksual münasibətlərin tarixi” ilə bağlı kitablarda bu mövzu ilə ətraflı tanış olmaq mümkündür. Libido enerjisinin qarşısının kəsilməsi ilə insan şəxsiyyətində yarana biləcək mümkün psixoloji nevroz halları barəsində Seksual Psixologiya ilə bağlı kitablardan tanış ola bilərsiniz.) Müsəlmanların müqəddəs kitabında bu barədə ayrıca ayə də mövcuddur. Təqribən məzmunu ondan ibarətdir ki, həddi-buluq yaşına çatan övladlarınızı evləndirin. Əgər iqtisadi cəhətdən təminat ilə bağlı çətinliklər mövcuddursa, onda qul qızın sahibindən icazə almaqla onunla evləndirin.





Müasir qərb cəmiyyətində nigah yaşının 17-18-ə qaldırılması məhz iqtisadi amillər (kapitalist münasibətlərinin inkişafı) ilə bağlıdır. Ənənəvi cəmiyyətdə yeni qurulan ailənin iqtisadi təminatın əsasən oğlanın valideynlərinin üzərinə düşürdü və ya ümumi böyük ailə olaraq hamı birlikdə eyni təsərrüfatda çalışır və ya eyni sənət ilə məşğul olurdu. Təsərrüfat forması natural təsərrüfat idi, yaşamaq üçün lazım olan hər şey ümumi böyük ailə olaraq ailə üzvləri tərəfindən istehsal olunurdu. Amma kapitalist münasibətlərinin inkişafı həmin natural təsərrüfat və böyük ailə modeli dağıdır. Yeni yaranan fabrik və zavodlar üçün sərbəst işçi qüvvəsi — fəhlələr lazım olur. Bunu təmin etmək üçün müxtəlif hüquqi və iqtisadi qanunlar ilə insanları əvvəlki natural təsərrüfatdan, ənənəvi icma yaşayış tərzindən ayırıb şəhərlərə — zavod və fabriklərə cəlb etməyə başladılar. (Biz bunu siyasi ideologiya olaraq liberalizm cərəyanın inkişafında — azadlıq, individuallıq və s. şəklində müşahidə edirik, amma bunun iqtisadi səbəbləri ilə bağlı Siyasi İqtisad kitablarında tanış ola bilərsiniz.) Amma alınacaq əmək haqqı ilə ailədə tək bir nəfərin məsələn, kişinin bütün ailəni iqtisadi cəhətdən təmin etməsi qeyri-mümkün idi. Deməli, iqtisadi çətinlik ailənin digər üzvü — qadının da iqtisadi fəallığını tələb edirdi. Digər tərəfdən iqtisadi fəallıq (əmək məşğuliyyəti) ondan faydalanmaq üçün kapitalist sistemi üçün zəruri əhəmiyyət kəsb edirdi. Hər bir əmək formasından zavod və fabrik sahibi olan kapitalist iqtisadi gəlir əldə edir, əmək haqqından tutulan müxtəlif vergilər ilə dövlət büdcəsi daha da artır. Halbuki qadınların ənənəvi cəmiyyətdə olduğu kimi iqtisadi passivliyi kapitalist və büdcə üçün iqitisadi cəhətdən sərfəli deyil. O səbəbdən müasir dövrdə kapitalist münasibətlərinin inkişafı ilə paralel şəkildə ənənəvi ailə modelini dağıtmağa və yeni ailə modeli formalaşdırmağa başlayan feminizm ideologiyasını inkişaf etdirməyə başlayırlar. Bir tərəfdən bu ideologiyanın təsiri altında qadın azadlığının (xüsusilə iqtisadi azadlıq) ön plana çıxması, digər tərəfdən isə kapitalist sistemində ailənin iqtisadi təminatının qadınların iştirakı olmadan onsuz da mümkün olmaması 14-16 yaşlarında nigahı iqtisadi cəhətdən mümkünsüz edir (yalnız qızlar üçün deyil, eyni zamanda oğlanlar üçün də). Yəni iri kapitalist cəmiyyətinin çox müxtəlif nöqtələrində iş tapmaq ehtimalı artıq erkən yaşlarından gəncləri öz valideynlərindən ayırır və beləliklə mümkün iqtisadi təminatdan (köməklikdən) məhrum edir, digər tərəfdən isə iş tapmaq üçün artıq keyfiyyətcə yeni bilik və bacarıqlara sahiblənməyi tələb edir. Bütün bunlar üçün isə artıq daha artıq zaman tələb olunduğundan nigah yaş həddi 17-18-ə qaldırılır.





Yəni müasir qərb cəmiyyətində erkən nigah buna qərar verənləri özlərində iqtisadi təminat üçün lazım olan bilik və bararıqların inkişaf etdirilməməsi riskini artırır və bu səbəbdən iqtisadi cəhətdən sərfəli deyil. Amma Qərbdə bunun yan təsir effektləri də mövcuddur. Belə ki, qərb orta əsrlər kilsə fərmanlarından fərqli olaraq nigah yaşını qaldırır, amma nigaha qədər seksual münasibətləri sərbəst edir. Yəni hüquqi yolla tənzimlənməsi mümkün olmayan libido enerjisinin sərbəst təzahür forması qərbdə ənənəvi cəmiyyət və ailə modeli üçün xarakterik olmayan boyfriend/girlfriend institutunu formalaşdırır, nigahdan kənar erkən hamiləliyin artması kimi ciddi sosial problem yaradır. (Bu barədə qərbdə müvafiq statistika ilə tanış olmaq mümkündür.Məktəbyaşlı qızlar arasında erkən hamiləliyin göstəricisi xüsusilə İngiltərədə yüksəkdir). Nigahdan kənar seksual münasibətlərin sərbəst ifadə formasının mümkünlüyü (free sex), digər tərəfdən nisbətən daha da mürəkkəbləşən sosial sistemdə lazım olan bilik və bacarıqların mənimsənilməsi üçün daha uzun müddətin lazım olması (eləcə də radikal feminizdən tutmuş müxtəlif amillər də daxil olmaqla) ümumiyyətlə ailə institutunu sıxışdırıb aradn çıxarmaq riskini və son nəticə olaraq bioloji növ olaraq insanın gələcəyini sual altına qoyur. Yenə də statistika Qərdə ailənin orta davam etmə müddətini 2-3, bəzi yerlərdə, məsələn, İtaliyada 5-7 il, boşanmaları 40-50%, bəzi yerlərdə 50%+, əhali artımını isə 2-3%, bəzi yerlərdə, məsələn, Baltikyanı dövlətlərdə mənfi (azalma) göstərir.





Qısacası bu istiqamətdə mövzu çox genişdir, siyasi iqtisadiyyat və seksual psixologiyadan tutmuş sosiologiya və tarixə qədər bir çox tədqiqat sahəsi ilə sıx bağlıdır.

 •  0 comments  •  flag
Share on Twitter
Published on February 15, 2020 08:11

February 8, 2020

Pineal gland: bio-fiziki sistemdən mental sistemə keçid yolu …

Pineal gland insan beyninin mərkəzində yerləşir və beynin digər pay mərkəzlərindən fərqli olaraq sağ və sol beyin yarımkürələri üzrə ayrılmır. Sadəcə hər iki beyin yarımkürəsinin ortasında yerləşməklə öz mövqeyi baxımından unikal bir beyin parçasıdır. Elmi ədəbiyyat onun serotonin və melotonin kimi kimyəvi substansiyaları yaratmaqla insanın gündəlik oyaq və yuxu ritmini, həmçinin fəsillər üzrə dəyişiklik ritmini tənzimlədiyini qeyd edir. Amma Misir kimi qədim sivilizasiyaların düşüncəsinə görə pineal gland daha geniş və mürəkkəb funksiyaya malikdir — o, insanın vücudu ilə ruhu arasında bağlantı yaradır. Aktivləşən zaman bu pay mərkəzi insanda eyforiya və ətraf aləm ilə vəhdət duyğusunu yaradır, insanın həqiqi biliyi əldə edib mükəmməllləşməsinə gətirib çıxarıb. Bu mərkəzin aktivləşməsi yoqa, meditasiya və mistik-ezoterik fəlsəfi təlimlərdə özünə yer alan müxtəlif üsullar ilə mümkündür. Pineal gland’in aktivləşdirilməsi ilə müxtəlif məkan ölçüləri arasında səyahət etməyin, məsələn, 3 D məkan ölçüsündən daha fərqli 4 D və ya 5 D məkan ölçüsünə keçid etməyin, habelə astral səyahətə çıxmağın mümkünlüyünə inanırlar.





Müasir insan niyə bu pay mərkəzinin tam potensialından istifadə edə bilmir? Ehtimallara əsasən insanların gündəlik qəbul etdikləri Sodium Flouride buna mane olur. Belə ki, bu mərkəz orqanizmin qəbul etdiyi Sodium Flouiride -nin demək olar ki, hamısını mənimsəyir və bu onun tam şəkildə fəaliyyətini pozmuş olur.

 •  0 comments  •  flag
Share on Twitter
Published on February 08, 2020 09:42

February 6, 2020

Yaşadığımız "real" dünya əslində virtual gerçəkliyin bir hissəsi ola bilərmi?

Bizim yaşadığımız real dünyanı komputer oyunlarında təzahür edən virtual gerçəklikdən yalnız və yalnız komputer texnologiyasının bu günə olan nisbətən zəif inkişaf etməsi səbəbindən virtual dünyanın daha az inandırıcı təsir bağışlamasıdır. Amma komputer qrafikası məsələn, keçən əsrin 90-cı illəri ilə müqayisədə çox təkmilləşib və hər il daha böyük sürətlə təkmilləşməkdə davam edir. Yaxın gələcəkdə belə sürətli inkişafın nəticəsi olaraq real adlandırdığımız gerçəklik ilə virtual gerçəklik arasında vizual olaraq heç bir ciddi fərqin olmayacağı ehtimalı böyükdür. Yalnız bir fundamental fərq olacaq: biz gerçək dünyada yaşadığımızı biləcəyik, virtual gerçəklikdə mövcud olanların isə əslində hər şeyin illuziya olduğundan xəbəri olmayacaq. (Virtual gerçəklikdə hərəkət edən “insan”larda heç bir mental aləmin — hissiyyatın, qavrayışın, düşüncənin və s. mövcud ola bilməməsi və onların yalnız bizim düşüncəmizin virtual ifadəsi olması fikri kənardan həmin virtuallığı müşahidə edə bilən insanlara (yəni bizə) məxsus ola bilər. Bizim içərisinə daxil olduğumuz sistemin hüdudlarından kənarda nəyinsə mövcud olub-olmadığını birməanlı qiymətləndirmək çox çətindir.)





Amma bizim özümüzün də içərisində yaşadığımız real gerçəklik ilə birlikdə daha yüksək inkişaf etmiş başqa sivilizasiyanın yaratdığı virtual gerçəkliyin bir hissəsi olmadığımızı məntiqi olaraq necə təkzib etmək olar? Bizim bütün mental aləmimiz yuxarıda sadaladığımız bütün elementləri ilə birlikdə sadəcə beynin neyro-dinamik aktivliyindən başqa bir şey deyildir. Başqa sözlə, neyro-fəlsəfəyə görə heç bir mental vəziyyət real olaraq mövcud deyil; yalnız və yalnız maddi hissəciklərdən təşkil olunmuş neyronlar və onlar arasında mövcud olan bio-elektrik bağlantılar mövcuddur. Əgər özümüzü hipotetik olaraq virtual gerçəklikdə simulyasiya altında olan bir “varlıq” kimi qəbul etsək, biz sadəcə deepest level-də neyronların da varlığına şübhə edəcək, yalnız və yalnız komputer qrafikasının qurulması və funksional fəaliyyəti üçün zəruri olan maddi hissəciklərin və onlar arasındakı bağlantıların (müasir komputer texnologiyasında istifadə olunan sistemin daha modern variantinin) gerçək olduğunu və bütün hiss etdiyimiz və yaşadığımız hər şeyin oradan gəldiyni qəbul etmiş olacağıq. Məntiqi olaraq bizim virtual deyil, “real” gerçəklikdə yaşadığımızı sübut etmək çox çətindir.





Bunu nəzərə alan Elon Musk (Forbes jurnalının 2016-cı il “Dünyanın ən nüfuzlu insanları” siyahısında 21-ci olan amerikalı mühəndis və ixtiraçı) bizim yaşadığımız dünyanın gerçək olması ehtimalını milyard şansdan bir mümkün olan variant kimi qiymətləndirir. Başqa sözlə, o, demək olar ki, 100% yaşadığımız dünyanın real olmadığına əmindir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on February 06, 2020 07:18

February 5, 2020

Orta əsr islam fəlsəfəsində peyğəmbərlik institutunun tənqidi. "Darvinizm" ideyaları …

 Islam fəlsəfəsində din, mistika, spekulyativ düşüncə tərzi mövcuddur, amma erkən müasir dövrdə eksperimental qərb elminin irəli sürdüyü demək olar ki, bütün fundamental ideyalar ehtimal şəklində hipotetik olaraq ərəb-müsəlman filosofları tərəfindən bir neçə əsr daha öncə irəli sürülüb. İslam fəlsəfəsində 9-cu əsrdə Al-Razinin timsalında sadə, amma güclü arqumentasiya yolu ilə hətta dinin özünü və peyğəmbərin müqəddəsliyini şübhə altına qoyan skeptik istiqamət də mövcuddur.





Biz məsələn, qərb fəlsəfəsində belə sadə və güclü arqumentasiya istiqamətinə rast gəlməmişik. Məsələn, Əl-Razinin düşüncəsinə görə əgər hər hansı ideya (X,Y və ya Z) hətta müqəddəs kitabda (Quranda) yazılmasaydı, insan öz zəkası və dərrakəsi ilə müstəqil olaraq həmin nəticəni özü əldə edə bilərdimi? İki mümkün cavab variantından biri həmin sualı “bəli” deyərək cavablandırmaqdır. Əgər belədirsə, yəni insan müstəqil surətdə öz zəka və dərrakəsi ilə Quranda yazılanlara özü gəlib çata bilərdisə, deməli, dinin müqəddəs kitabına və peyğəmbərinə ehtiyac yoxdur, insan zəkası və dərrakəsi hər şeyi anlamaq, izah etmək və qərar qəbul etmək üçün kifayətdir. Əgər yuxarıdakı sualı “xeyr” deyə cavablandırsaq, yəni insan zəkasının və dərrakəsinin hər şeyə qadir olduğuna şübhə etsək və Quranda insan zəka və dərrakəsinin fövqündə duran hər hansı ideya (X, Y və ya Z) olduğunu qəbul etsək, deməli, insan anlaya və dərk edə bilməyəcəyi həmin ideyanı sadəcə olaraq Qurandan əxz edir, formal olaraq əzbərləyir və hazır davranış modelini imitasiya edir. Son nəticə olaraq insan özünün imkanlarını inkişaf etdirə bilmir, əksinə, əzbərlədiyi və imitasiya etdiyi üçün insan zəka və dərrakə potensialı baxından geriləyir, canlılar aləmində bir pillə aşağı mərtəbəyə yaxınlaşır.





Təəccüblü səslənsə də bu gün ateizmin əsas fundamental nəzəriyyə (paradiqması) olan təkamül təlimi də tarix etibarilə islam fəlsəfəsinə gedib çıxır — 8-ci əsr Əl-Cahiz. Onun “Heyvanlar barəsində” kitabı oxuyarkən sanki 19-cu əsr Darvinin düşüncələri ilə tanış olursan: “Bütün heyvanlar yaşamaq uğrunda mübarizə aparırlar; qida əldə etmək üçün və özlərinin başqa heyvanlar tərəfindən qida ehtiyatına çevrilməməsi üçün canlılar aləmində yaşamaq uğrunda mübarizə zəruridir. Təbii mühit həmin mühitdə sağ qalmaq üçün canlı orqanizmlərdə yeni keyfiyyət əlamətlərinin yaranmasına səbəb olur və beləliklə, yeni növlər yaranmağa başlayır. Sağ qalmağı bacaran canlılar onlara sağ qalmağa imkan verən bu əlamətləri nəsildən-nəsilə ötürürlər.” Darvindən 11 əsr əvvəl Əl-Cahiz tərəfindən irəli sürülmüş mülahizələrdir.

1 like ·   •  0 comments  •  flag
Share on Twitter
Published on February 05, 2020 07:34

February 2, 2020

Vəhdət fəlsəfəsi və sivilizasiyalararası münasibətlər tarix elminin (tarix fəlsəfəsinin) aktual problemi kimi

[image error]

“Ümumvəhdət Fəlsəfəsi və Müasir Elm” (elmi-nəzəri seminar), Bakı, 30-31 mart 2010, s. 57-60





Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu





Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu






Fəlsəfə tarixində əsasən İbn Ərəbinin (1165-1240) təlimi kimi təqdim edilən vəhdət əl-vücud təlimini müxtəlif aspektlərdən şərh etmək və qiymətləndirmək mümkündür. Amma bu təlim ilk növbədə müxtəlif düşüncə tərzlərinin, habelə islam və xristianlığın ortaq mənəvi dəyərlər aspekindən nəzərdən keçirilməsinə imkan verəcək yanaşmanın əsasında durur. Düzdür, İbn Ərəbinin fəlsəfəsində bu yanaşma özünəməxsus şəkildə əsaslandırılır. Belə ki, bu fəlsəfəyə əsasən bütün dinlərin təbliğ etdiyi, dini duyğuların mərkəzində dayanan və bu baxımdan da dinləri yaxınlaşdıran, onların eyniyyət məqamı kimi çıxış edən eşqdir. Amma burada irəli sürülən eşqin sufi-mistik anlamının dərinliklərinə getmədən də qeyd edə bilərik ki, dinlərə belə yanaşma, onlar arasında körpü yaratmaq istəyi (həm də nəzərə almaq lazımdır ki, burada söhbət yalnız islam və onun ilahi dinlər kimi qəbul etdiyi yəhudilik və xristianlıqdan deyil, həm də onun “kafir əməl” kimi qəbul etdiyi və “bütlərə sitayişi” nəzərdə tutan digər dinlərdən də gedir) eyni zamanda həm də müxtəlif mədəniyyətlər və deməli, həm də mədəniyyətlərin müxtəlifliyi baxımından bir-birindən fərqlənən sivilizasiyalar arasında əlaqə yaratmaq istəyidir. Məhz axırıncı məqam, yəni sivilizasiyalar arasındakı münasibətlər və əlaqələr baxımından vəhdət əl-vücud təlimi tarix fəlsəfəsi üçün də mühüm əhəmiyyət daşıyacaq yanaşmanı irəli sürməyə imkan verir. Amma vəhdət əl-vücud təlimi ilə sivilizasiyalar təlimi arasında paralellər aparmağa imkan verəcək məqamı yalnız indiyə qədər qeyd etdiklərimiz ilə məhdudlaşdırmaq olmaz və bir qədər sonra biz bu barədə bəhs edəcəyik.





“Sivilizasiya” anlayışı dini dünyagörüşün tədricən zəiflədiyi və dünyanın insanın fəaliyyət mühiti və nəticəsi kimi qəbul edildiyi zaman “mədəniyyət” anlayışının ardında Qərb cəmiyyətlərində elmi dövriyyəyə daxil olub (amma daha əvvəllər hələ orta əsr ərəb-müsəlman fəlsəfəsində İbn Həldunun (1332 -1406) da bu anlayışdan istifadə etdiyini qeyd etməliyik). Əgər xarici müəlliflərin yanaşmalarını nəzərdən keçirsək, sivilizasiya anlayışının çox müxtəlif şərhləri ilə qarşılaşa bilərik. Amma sivilizasiya anlayışının məzmununun müxtəlif şəkildə şərh edilməsinə baxmayaraq, onların az və ya çox dərəcədə iki faktor ( və ya meyar) — texnoloji tərəqqimədəniyyət ilə daha çox bağlı olduğunu müəyyən etmək olar. Təbii ki bu faktorlar arasında da qəti sədd çəkmək mümkün deyil, onların özləri də bir-biri ilə sıx bağlıdır. Lakin bu faktorlardan hansına daha çox üstünlüyün verilməsi həm də tarixə sivilizasion yanaşma adı altında irəli sürülən ideyalarda da tarixin inkişaf istiqamətinə dair fikir müxtəlifliyi yaradır və bu səbəbdə sivilizasiyalar arası münasibətləri nəzərdən keçirərkən sivilizasiya anlayışı adı altında məhz hansı faktoru daha çox nəzərdə tutduğumuzu dəqiqləşdirmək lazımdır. Bütün bu fərqli məqamlardan sərf-nəzər etsək, sivilizasiya təlimi adı altında tarixin inkişaf istiqamətinə dair iki istiqamətdə mülahizələr irəli sürülür. Birinci istiqamətdə vahid universal sistem olaraq bəşəriyyətin inkişafının ən mühüm mərhələləri kimi dünya sivilizasiyalarının təkamülü nəzərdə tutulur. İkinci istiqamətdə isə nəsillərin vaxtaşırı olaraq bir-birini əvəz etməsi şəklində müxtəlif lokal sivilizasiyalardan bəhs edilir. Problemə ümumi şəkildə yanaşsaq, birinci istiqamətdə tarixin dövrləşdirilməsi meyarı kimi texnoloji tərəqqi, ikinci istiqamətdə isə müxtəlif lokal sivilizasiyaların bir-birindən fərqləndirilməsi meyarı kimi mədəniyyət faktoru çıxış edir. “Sivilizasiyaların toqquşması”, “mədəniyyətlərin dialoqu”, “mədəniyyətlər plüralizmi” və s. qəbildən olan ideyalar irəli sürülərkən yuxarıda nəzərdə keçirdiyimiz iki istiqamətdən axırıncısı nəzərdə tutulur.





Lokal sivilizasiyalar anlayışı A. Toynbinin (1889-1975) adı ilə bağlıdır. Amma biz lokal sivilizasiyalar təlimi adı altında bir qədər fərqli terminlərdən istifadə edənləri də — N.Danilevskini (1822-1885)(“mədəni-tarixi tiplər”), O.Şpenqleri (1880-1936) (“yüksək mədəniyyətlər“), P.Sorokini (1889-1968) (“mədəni supersistemlər”) və s. nəzərdə tuturuq. Bütün fərqli məqamlardan sərf-nəzər etsək, lokal sivilizasiyalar təlimi çərçivəsində sivilizasiyalararası münasibətlər baxımından əhəmiyyət daşıyan iki ideya irəli sürülür:





Birincisi, bu təlimə əsasən lokal sivilizasiyalardan hər birinin tarixi inkişafı əslində siklik (“antitarixi“) xarakter daşıyır, müəyyən inkiaşf mərhələləri keçdikdən sonra yaradıcı qüvvəsini tükəndirir və özünün ilkin vəziyyətinə qayıdır.





İkincisi isə hər bir lokal sivilizasiya məhv olarkən özünün inkişafı ərzində əldə etdiyi nailiyyətləri və təcrübəni digər sivilizasiyalara ötürmür. Hər bir sivilizasiya ondan əvvəl mövcud olan və ya müasiri olduğu “yad” sivilizasiyaların çox və ya az təsiri altında bütün nailiyyətləri özü yaradır. Bu isə prinsipcə sivilizasiyalararası varislik və dialoq imkanlarının inkar edilməsi deməkdir. Halbuki vəhdət fəlsəfəsinə əsasən bu imkan real olmalıdır. Amma adi tarixi biliklər də bu imkanın reallığını təstiq edir. Belə ki, hər bir sivilizasiaynın unikallığını mədəniyyətlər dialoqu yolunda təbii əngəllər sayan Şpenqlerin özü də mədəniyyətlərin qarşılıqlı təsirini tamamilə inkar etmir, amm bunu qeyri- təbii hal sayırdı: “Misir və çox böyük ehtimalla Çin mədəniyyətindən başqa bütün mədəniyyətlər daha qədim mədəniyyətlərin himayəsi altında olub; bu beynəlxalq formaların hər birində yad elementlərə rast gəlmək mümkündür.” Toynbinin fikirləri isə daha fərqli və maraqlıdır. O, 13 lokal sivilizasiyadan yalnız 5-ni canlı sivilizasiya adlandırır ki, onlar da 3-cü nəslin sivilizasiyalarıdır. Bunlardan daha əvvəl isə 1-ci və 2-ci nəslin sivilizasiyaları mövcud olmuşdur. Düzdür bu 3 nəsli bir-birindən fərqləndirən məqamlar tamamilə izah edilmir, amma hər halda bəşəriyyət tarixində nəsillərin bir-birindən fərqləndirilməsi müəyyən mənada həm də irəliyə doğru inkişaf ideyasını özündə ehtiva edir. Bu o deməkdir ki, 1-ci və 2-ci nəslin sivilizasiyalarının inkişaf siklləri müasir — 3-cü nəslin sivilizasiyalarının inkişaf siklləri ilə eyni ola bilməz. Beləliklə, Toynbinin nəsilləri bir-birindən fərqləndirilməsi nəticəsində onun lokal sivilizasiyalar arasındakı varislik əlaqələrini tamamilə inkar etməməsi qənaətinə gəlmək mümkündür. Amma Toynbinin özü də bu varislik əlaqələrinin ötürülməsi mexanizmini aydın şəkildə qeyd edir və özünəməxsus şəkildə izah edir. Onun fikrincə, tənəzzül mərhələsində daxili proletariat hökmranlıq edən azlıqdan uzaqlaşır, bu zaman narazılıqlar artır və etiraz hərəkatı böyüyür ki, bu da çox zaman xristianlıq və buddizm kimi universal dini icmaların formalaşmasına gətirib çıxarır. Hökmranlıq edən azlıq tərəfindən qurulmuş universal dövlət məhvə məhkumdur. Amma daxili proletariat tərəfindən qurulmuş universal dini icma, məsələn, xristianlıq yeni sivilizasiya üçün körpü və əsas olur.





Nəzərdən keçirdiyimiz kimi, vəhdət fəlsəfəsinin əsasında duran müxtəlif mədəniyyətlərin, deməli, həm də sivilizasiyaların ziddiyyətlərdən daha çox eyniyyət məqamlarını özündə ehtiva etməsi ideyasını inkar etmək praktik cəhətdən mümkün deyildir. Hətta prinsip etibarilə sivilizasiyalar arasındakı qarşılıqlı münasibət və varislik əlaqələrini qəbul etməyən və hər bir sivilizasiyanın yalnız özünəməxsus mədəniyyət əsəasında formalaşması ideyasını irəli sürən lokal sivilizasiyalar təlimin nümayəndələri də bəzi məqamlarda özlərinin bu əsas ideyasından kənara çıxırlar. Qeyd etdiyimiz kimi, vəhdət fəlsəfəsinə görə bütün dinləri, mədəniyyətləri yaxınlaşdıran, onların eyniyyət məqamı kimi çıxış edən sufi-mistik anlamda götürülən eşqdir. Amma fikrimizcə, müxtəlif mədəniyyətləri (sivilizasiyaları) yaxınlaşdıran, onların eyniyyət məqamı kimi çıxış edən həmin mədəniyyətin daşıyıcısı olan cəmiyyətdə texnoloji tərəqqinin səviyyəsi və bu tərəqqinin cəmiyyətin ictimai münasibətlər sistemində yaratdığı dəyişiklikdir.





Əvvəldə qeyd etdiyimiz kimi, sivilizasiya anlayışının məzmunu daha çox iki faktor — texnoloji tərəqqi və mədəniyyət — əsasında izah edilir. Müxtəlif özünəməxsus mədəniyyətlərin daşıyıcısı olan cəmiyyətlərdə texnoloji tərəqqinin səviyyəsini və bu tərəqqinin cəmiyyətin ictimai münasibətlər sistemində yaratdığı dəyişiklikləri diqqət mərkəzinə gətirmək üçün sivilizasiya anlayışının yuxarıdakı birinci faktor əsasında məzmununun izahına müraciət etməliyik. Bu yanaşmaya əsasən vahid dünya sivilizasiyası texnoloji tərəqqi əsasında sadədən mürəkkəbə doğru müəyyən sxem üzrə inkişaf tarixi keçib. Belə sxemdə aşağıdakı mərhələlər öz əksini tapır: yığıcılıq ovçuluq cəmiyyəti, aqrar cəmiyyət, sənaye cəmiyyəti və post-sənaye cəmiyyəti. belə sxem üzrə inkişaf edən dünya sivilizasiyası hər bir mərhələdə konkret lokal sivilizasiyalar şəklində təzahür edir. Məsələn, Misir, Babilistan, Yunanıstan və s. kimi lokal siviliziasiyalr bütövlükdə dünya sivilizasiyasının aqrar cəmiyyət mərhələsində meydana çıxdıqları halda, onları sonrakı sənaye və post-sənaye mərhələlərində müşahidə etmək mümkün deyildir. Avropa (roman-german) sivilizasiyasını isə əksinə, axırıncı iki mərhələdə müşahidə etmək olar. Fikrimizi daha konkret ifadə etsək, qeyd etməliyik ki, dünya sivilizasiyasının hər bir mərhələsində meydana çıxan və ya müvafiq inkişaf dövrünü yaşayan lokal sivilizasiyalar arasında paralellər aparmaq və onlar arasındakı eyniyyət məqamlarını müşahidə etmək olar. Amma bu zaman onlar arasında aparılacaq müqayisənin əsası kimi yalnız texnoloji tərəqqinin səviyyəsi qəbul edilərsə, onda bu müqayisə bəsit xarakter daşıyar. Fikrimizcə, dünya sivilizasiyasının bu mərhələlər üzrə inkişaf mənbəyi də diqqət mərkəzinə gətirilməlidir.





Ümumiyyətlə, tarix fəlsəfəsində ictimai-tarixi inkişafın mənbəyinə dair ideyanı yalnız formasiya təlimində müşahidə etmək mümkündür. Düzdür, formasiya təliminin bütövlükdə bəşəriyyətin inkişaf tarixinin dövrləşdirilməsi məqsədilə irəli sürdüyü sxem (ibtidai icma quruluşu, quldarlıq, feodalizm, kapitalizm, kommunizm) qəbul edilməz olsa da inkişaf niyə baş verir sualına bu təlimdən kənarda ətraflı cavab tapmaq mümkün deyil. Tatixə formasion yanaşmaya görə tarixi inkişafın mənbəyi kimi çıxış edən texnoloji faktor (istehsal qüvvəsi) ilə ictimai münasibətlər sistemi arasındakı dialektik ziddiyyəti dünya sivilizasiyasının inkiaşf mərhələlərinə şamil etsək, həmin mərhələlərin hər birində təzahür edən lolak sivilizasiyalr arasında daha sistemli müqayisələr aparmaq olar. Daha aydın şəkildə desək, hər bir lokal sivilizasiyada texnoloji tərəqqinin səviyyəsi iqtisadi münasibətlər sistemində, axırıncının əəsasında isə bütövlükdə iictimai münasibətlər sistemində dəyişikliklər yaradır. (Həm ictimai münasibətlər sisteminin texnoloji tərəqqiyə, həm də digər ictimai münasibətlər formasının iqtisadi münasibətlər sisteminə əks təsir ehtimalı da realdır.) Deməli, dünya sivilizasiyasının inkişafının eyni mərhələsində təzahür edən lokal sivilizasiyalarda oxşar texnoloji tərəqqi oxşar ictimai münasibətlər sistemini formalaşdıracaq. (Biz təbii ki, burada formasiya təlimində, xüsusən bu təlim çərçivəsində ortodoksal yanaşmada olduğu kimi bu ictimai münasibətlər sistemini tamamilə eyniləşdirmə fikrindən uzağıq.)





Əvvəldə qeyd etdiyimiz kimi, vəhdət əl-vücud təlimi ilə sivilizasiyalar təlimi arasında paralelləer aparmağa imkan verəcək məqamı yalnız indiyə kimi üzərində dayandığımız məqam (müxtəlif mədəniyyətləri yaxınlaşdıran eyniyyət məqamı) ilə məhdudlaşdırmaq olmaz. Vəhdət əl-vücud təliminin başlıca müddəalarından biri hissə ilə tamın eyniyyəti məsələsidir. İnsan da, təbiət də eyni bir tamın hissələridir. Bizim yaşantılarımız təbiətin öz yaşayışının təzahürlərinə uyğundur. Təbiət nəfəs alır; biz onun nəbzini tuturuq, ürək döyüntülərini eşidir. İbn Ərəbiyə götə təbiət də bir insan orqanizmi ilə müqayisə oluna bilər. Lokal sivilizasiyalar təliminə görə də insanın mahiyyəti haqqında düşünərkən biz zəruri olaraq həm də cəmiyyətin mahiyyəti haqqında düşünürük. Ayrıca fərdin bioqrafiyası insan nəslinin yığcam tarixi kimi çıxış edir. İnsanın inkişaf mərhələləri cəmiyyətin inkişaf mərhələləridir. Biri digərinin öyrənilməsinə kömək edir. Başqa sözlə, burada vəhdət fəlsəfəsi insanın və cəmiyyətin (siviliziasiyanın) vəhdəti kimi çıxış edir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on February 02, 2020 09:55

January 30, 2020

Psixoanalik düşüncədə yuxuların simvolik mənalandırılması

Psixoanalitik yanaşmaya əsasən insanın yuxuları bütün personaj və hadisələri ilə birlikdə simvolik məna daşıyır və bu simvolların açılışı insanın altşüurunda gizlənən informasiya məkanına giriş əldə etmək üçün ən yaxşı açardır.





1. Yaş — yuxuda daha gənc görünmək həyatda itirilmiş imkanlara bir işarə ola bilər. Yuxuda daha yaşlı görünmək sağlamlıq ilə bağlı qorxulardan xəbər verə bilər.





2. Apokalipsis — yuxuda dünyanın sonunu görmək həyatda yaşamağa qarşı dərin qorxu hissindən irəli gələ bilər. Belə yuxular insanın həyatında baş vermiş (və ya verəcək) köklü dəyişikləri də simvolizə edə bilər.





3. Körpə — yuxuda körpə insanın yeni ülvi hisslər, romantik münasibətlər yaşamağa hazırlaşması kimi izah oluna bilər. Yuxuda danışan körpə insanın öz içərisində gizlənmiş öz uşaqlığı ilə ünsiyyəti də simvolizə edə bilər.





4. Təqib edilmək — yuxuda təqib edilmək sizi gözləyən məsuliyyətdən və ya uğursuzluqdan qaçıb yaxa qurtulmaq mənasına gələ bilər. Bu həmçinin uşaq ikən yaşanılmış psixoloji travmanın hələ də sizi təqib etməsi anlamına gələ bilər (siz hələ də həmin situasiyadan və insanlardan xilas olmağa çalışırsınız)





5. Danışmaq imkanının itirilməsi — siz yuxuda ağzınızı tərpədir, bütün səylərinizi ortaya qoyursunuz, amma səsiniz heç cürə çıxmır. Bu sizin həyatda eşidilməmək, qəbul edilməmək qorxunuzdan irəli gələ bilər.





6. Ölüm — yuxuda sevdiyiniz adamın və ya sizin özünüzün ölümü əslinə onun və ya sizin öz ölümüzə psixoloji hazır olmadığınız anlamına gələ bilər.





7. Maşın — yuxuda maşın insanın özünü və onun həyat yolunu simvolizə edir.





8. Yıxılmaq — yuxuda yıxılmaq həyatın hər hansı bir hissəsi üzərində nəzarətin itirməsi demək ola bilər.





9. Uçmaq — yuxuda uçmaq sizi sıxan, boğan məhdudiyyətlərdən xilas olmaq, azad olmaq, yeni daha yüksək mərhələyə keçid almaq istəyindən xəbır verə bilər.





10. Nəhənglər (divlər) — yuxuda nəhəng insanlar və ya divlər həyatda sizin qarşınızı kəsən həlledilməz problemlərdən xəbər verə bilər. Yuxuda onları məğlub etsəniz, bu həyatda həmin problem üzərində qələbəyə bir işarədir.





11. Pul — yuxuda pul özünə inama və gücə bir işarə ola bilər. Pulsuzluqdan əziyyət çəkmə bu inam və gücün azalması demək olacaq və əksinə.





 •  0 comments  •  flag
Share on Twitter
Published on January 30, 2020 21:38

Quantum anlayışının məzmunu barəsində

Atom quruluşuna dair Bohr modelinə əsasən atomun quruluşu Günəş sisteminin çox kiçik modelidir. Planetar modeldə mərkəzdə Günəş və onun ətrafında dəqiq müəyyənləşmiş orbit üzrə planetlər hərəkət etdiyi kimi hər bir atomun mərkəzində nüvə və onun ətrafında dəqiq müəyyənləşmiş orbit üzrə hərəkət edən elektronlar mövcuddur. (Müasir elmi mənzərə baxımından atomun belə kiçik “planetar” modeli o qədər də dəqiq deyil.) Amma planetlərdən fərqli olaraq elektronlar nüvə ətrafında dəqiq müəyyən edilmiş orbit üzrə hərəkət etsələr də yalnız bir orbitdə hərəkət etmirlər — onlar hərəkət orbitlərini dəyişə bilərlər. Hər bir orbit müəyyən bir enerji mərkəzini özündə daşıyır. Atom istilik qəbul edərkən özündə daha çox enerjini daşımış olur və bu ona nüvənin cazibə mərkəzindən daha çox uzaqlaşmağa və daha kənar orbitdə hərəkət etməyə şərait yaradır. (Amma cazibə onun tamamilə uzaqlaşmasına mane olur.) Enerjini itirəndə isə o, nüvə mərkəzinə daha yaxın orbitdə hərəkətini davam etdirməyə başlayır. Elektronlar kənar orbitdən daxili orbitə doğru yerini dəyişən zaman xüsusi uzunluqda dalğalar buraxmağa başlayır. Orbitlər arasında fərq dalğanın uzunluğunu, həmin dalğanın uzunluğu isə bizim gördüyümüz müxtəlif rəng effektlərinin yaranmasına səbəb olur. Elektronlar müxtəlif orbitlər üzrə yerlərini dəyişə bilsələr də heç bir zaman orbitlərarası “fəza”da hərəkət edə bilməzlər. Bir orbitdən digərinə keçmək üçün lazım olan minimum enerjinin kəmiyyət göstəricisini “quantum” adlandırmağa başlayırlar. Buradan isə daha geniş, mübahisəli və hələ də tam izah olunmayan quantum mechanics öz başlanğıcını götürür.

 •  0 comments  •  flag
Share on Twitter
Published on January 30, 2020 08:10

January 29, 2020

Mərkəzi sinir sisteminin "zövq-əzab" prinsipi barəsində qısa qeyd …

Behaviorist yanaşmanın əksinə olaraq mərkəzi sinir sistemi yalnız duyğu orqanları tərəfindən ötürülən input siqnallara reaksiya verəcəyini gözləyən passiv sistem deyil. Mərkəzi sinir sistemində “daxili nəzarət davranış sistemi” fəaliyyət göstərir. Neyronal səviyyədə bu sistemin fəaliyyəti hələ tam izah oluna bilməsə də onun mərkəzi sinir sisteminin müxtəlif istiqamətlər üzrə fəaliyyətini aktivləşdirdiyi və ya passivləşdirdiyi məlumdur. Ən mühüm olan belə mexanimzlərdən biri insan həyatında gündəlik yuxu-oyaq (sleep-wake) ritminin tənzimləməsidir. Digəri mexanizm isə oyaq zamanı insanın “gümrah” olma vəziyyətini (arousal state) tənzimləyir. Əvvəlki mexanizm kimi burada da siqnallar ətraf mühitdən deyil, daxili nevroloji sistemdən alınır. Arousal state bir istiqamətdə insan beyninin Hypothalamus mərkəzinin funksional fəaliyyətindən asılı olur; digər istiqamətdə isə ön beyin qabığında konkret məqsədlərin qiymətləndirilməsinə və əldə olunmasına istiqamətlənmiş cognitive sistemin fəaliyyəti ilə şərtlənmiş olur. “Daxili nəzarət davranış sisteminin” ən sirrli fəaliyyət mexanizmi isə mərkəzi sinir sisteminin “zövq–əzab” (pleasure-pain) seçimi üzərində işləməsini təmin etməsidir. Mərkəzi sinir sisteminin bu mənada son məqsədi insanın əzablardan qaçıb ətraf mühitdən zövq almasını təmin etməkdir. İnsan həyatında yerdə qalan hər bir şey — vicdandan tutmuş ən yüksək əxlaqi meyarlara qədər — son nəticədə yalnız və yalnız plesure-pain seçiminə hesablanıb.

 •  0 comments  •  flag
Share on Twitter
Published on January 29, 2020 21:49

Bəzi elmi tədqiqatlar İbrahim peyğəmbərin müəyyən psixatrik xəstəliklərdən əziyyət çəkmiş olduğunu ehtimal edir. …

Bir qrup amerikan alimlərinin 2012-ci ildə Neyropsixatriya və Klinik Nevrologiya jurnalında nəşr etdirdikləri tədqiqata əsasən İbrahim peyğəmbərin müasir dioqnostika əsasında qarabasma (auditory hallucinations (AH), visual hallucinations (VH) və paranoyadan əziyyət çəkməsi ehtimal edilir. Adları qeyd olunan psixi rahatsızlıq insanda müxtəlif mistik təcrübələrin təzahür etməsinə gətirib çıxara bilər. Bunun bir səbəbi kimi qədim dövrdə yəhudilər (Israelites) tərəfindən reallığın təhrif edilməsinə gətirib çıxara biləcək psixo-aktiv tərkibli bitkilərdən geniş istifadə olunması ehtimalı çıxış edir. Digər ehtimal epilepsiya adlanan nevroloji pozuntunun üzərində cəmləşir. Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissiyyatlar, hərəki (motor) pozuntular, yayılmış tutmalar müşahidə olunur. Müasir dövrdə epilepsiyadan əziyyət çəkənlərin 2,2 %-i məhz fərqli dini təcrübə yaşadıqlarını qeyd edirlər. Bütün bunların fonunda təzahür edən paranoid şizofreniya (demək olar ki) insanda fəaliyyət pozuntusu yaratmır və daha yaxşı sosial funksionallıq ilə müşayiət olunur.





Şizofreniyadan əziyyət çəkən insanların 60%-da dini megalomania (ма́ния вели́чия) müşahidə olunur. Belə ki, onlar özlərini Allahın seçdiyi müqəddəs, xüsusi vergili insan, peyğəmbər və s. kimi qəbul edir, müxtəlif ilahi varlıqlar ilə ünsiyyət qurduqlarına inanırlar. “Sizin ilahidən gələn səsləri eşitdiyinizə necə əmin ola bilirsiniz?” sualına isə adətən “Allahın və mələklərin insanlarla danışdığı müqəddəs kitablarda qeyd olunub” deyə cavab verirlər. Bu səbəblə din psixoloji cəhətdən qeyri-adekvat insanlar üçün güclü “arqumentasiya” mənbəyi kimi çıxış edir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on January 29, 2020 09:32

January 28, 2020

ANS ( Autonomic Nervous System): mərkəzi sinir sistemində onun bütün daxili orqanlarının fəaliyyətini avtomatik tənzimləyən xüsusi alt sistem

İnsanın mərkəzi sinir sistemində onun bütün daxili orqanlarının fəaliyyətini avtomatik tənzimləyən xüsusi alt sistem — Autonomic Nervous System (ANS) fəaliyyət göstərir. ANS özü də mahiyyətcə bir-birinə əks istiqamətdə fəaliyyət göstərən daha iki alt sistemdən təşkil olunur. Birincisi insanı bioloji sistem olaraq mübarizəyə və ya müdafiəyə (“fight or flight“) hazırlayır . İkincisi isə insanı bioloji sistem olaraq istirahətə (“rest and digest“) hazırlayır.





Mübarizə və ya müdafiə üçün insana ilk növbədə enerji tələb olunur, bu səbəbdən avtomatik sistem orqanizmi daha çox qlukoza ilə təmin edir. Ürəyin fəaliyyəti güclənir, ürək bərk-bərk döyünməyə başlayır. Yaxınlaşan təhlükəni və düşməni daha yaxşı görmək üçün insanın gözləri avtomatik bərəlir. Həzm sistemi passivləşir, o səbəbdən təhlükə aradan qalxana kimi kritik anlarda insan aclıq hiss etmir.





Mübarizə və ya müdafiə yekunlaşandan sonra itirilmiş enerjini bərpa etmək və ya mövcud enerjini qoruyub saxlamaq üçün insanın istirahətə ehtiyacı yaranır. Nəticədə ürək döyüntüləri zəifləyir, həzm sisteminin fəaliyyəti güclənməyə başlayır, ağız suyu ifraz olunur, insan şiddətli aclıq hissi keçirməyə başlayır.





Hər iki sistemin ikisi bir arada aktiv şəkildə mövcud olmur, eyni zamanda yalnız biri də mövcud olmur. Sadəcə birinci sistem aktivləşəndə ikinci passivləşir və ya əksinə. Mahiyyət etibarilə ANS-in fəaliyyət mexanizmi Yin-Yang fəlsəfəsini xatırladır – kosmosda hər şey iki qüvvə — aktiv və passiv qüvvələr arasındakı tarazlıq üzərində qurulub. Tarazlığı qoruyub saxlamaq üçün nə aktiv qüvvə yerini passiv qüvvəyə, nə də passiv qüvvə yerini aktiv qüvvəyə doğru dəyişə bilər. Hər iki qüvvənin öz yolu var, nə birinci, nə də ikinci daha mühümdür, birinci olmasa ikinci, ikinci olmasa isə birinci mümkün deyil. Amma mütləq şəkildə nə birinci, nə də ikinci mövcud deyil – birincinin daxilində ikincinin elementləri, ikincinin daxilində isə birincinin elementləri mövcuddur.

 •  0 comments  •  flag
Share on Twitter
Published on January 28, 2020 21:58