Elmar Hussein's Blog, page 4

July 30, 2021

Buddizmdə “günah” anlayışı

Buddizm etik dini-fəlsəfi sistem olaraq etik müstəvidə “yaxşı”-“pis” anlayışlarından istifadə etsə də “günah” anlayışını bu sistemə daxil etmir. Məsələn, buddizmə görə oğurluq etmək və ya canlını öldürmək pis davranışdır, amma insan bu pis davranış vasitəsilə günah qazanır tipli əxlaqi mülahizələr buddizmdə mövcud deyil. “Günah” anlayışı məzmun etibarilə məsələn, İbrahim dinlərində (yəhudilik, xristianlıq və islamda) insandan kənarda mövcud olan fövqəltəbii varlıq olan Tanrı tərəfindən cəzalandırılmaq və ya bağışlanmaq davranışı ilə bağlıdır. Məsələn, işlədilən günahlara görə bioloji ölümdən sonrakı həyatda insan Cəhənnəmə düşməklə cəzalandırılacaq. İbrahim dinlərində Tanrı həm də bağışlayandır və bu səbəbdən işlədilən günahlardan sonra məsələn, tövbə edərkən, xeyriyyəçilik məqsədilə dünya malının (bəzən mütəmadi alınan rüşvətin, vergidən yayınan vəsaitin və s.) imtina edərkən insanın etdiyi günahların heç olmasa bir hissəsinin bağışlanma ümidi yarana bilir. Bəzən belə ümidlər insanı dəfələrlə müqəddəs yerləri ziyarət etməyə, uzun müddətli oruc tutmağa, Tanrı üçün onun düşmənlərinə qarşı döyüşməyə və s. vadar edə bilər. Bəzən isə bu açıqca dini “ticarətin” tərkib elementinə çevrilir, məsələn, orta əsrlər xristianlıq tarixində “cənnət qəbzlərinin” satışı (yəni inama əsasən dindarlar tərəfindən satışa çıxarılan daha çox qəbz almaqla daha çox günahı “sıfırlamaq” mümkündür).

Buddizmin əsasında karma prinsipi dayanır – əgər səbəb baş verirsə, onda nəticə də mütləq baş verməlidir. Heç bir qüvvə, hətta tanrılar da bu səbəbiyyət prinsipinin zəncirini qıra bilməz. Beləliklə, əgər insan oğurluq edərək və ya canlını öldürərək pis davranıbsa, onda mütləq şəkildə digər davranışları kimi onların da nəticəsi ilə qarşılaşacaq. Beləliklə, insan gələcəyi onu cəzalandıraraq və ya mükafatlandıraraq onun həyatına müdaxilə edəcək kənar fövqəltəbii varlıqlardan asılı deyil. Hər bir insan öz gələcəyini keçmişdə necə davranmağı seçməklə özü təyin edir və seçəcəyi hər bir davranışın nəticəsi ilə üzləşir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on July 30, 2021 22:57

July 29, 2021

July 24, 2021

Buddizmdə peyğəmbərlik institutu

Əgər yəhudiliyin yaradıcısı kimi Musa peyğəmbəri, xristianlığın yaradıcısı kimi İsa peyğəmbəri və islamın yaradıcısı kimi Məhəmməd peyğəmbəri qəbul etsək, onda Qautama Buddanı (e.ə. 480-400) da buddizmin yaradıcısı olaraq onun “peyğəmbəri” adlandırmaq olar. Amma buddizmdə peyğəmbərlik institutu adlarını qeyd etdiyimiz dinlər ilə müqayisədə fərqli məzmun kəsb edir.

Buddizmin əksər cərəyanları belə hesab edir ki, hər bir insan potensial cəhətdən Buddaya çevrilə bilər. Budda buddizmin ən geniş yayılmış qollarından olan Mahayana buddizmdə və Vajrayana (Tibet) buddizmdə etik müstəvidə ən yüksək standard sayılır. Belə ki, Budda sadəcə olaraq kamil insana çevrilmiş adi insandır – hər bir insan ilə onun arasındakı fərq yalnız kamillik dərəcəsinə görə təyin olunur. İnsanın məqsədi Buddanın düşüncə və davranışlarını təqlid etmək deyil, onun kimi düşünmək və davranmaqla kamillik zirvəsinə qalxmaqdır. Beləliklə, buddizmdə Budda anlayışı sadəcə olaraq onun yaradıcısı olan Qautama Buddanı deyil, kamilləşmiş (“nurlanmış”) bütün insanları ifadə edir və bu səbəbdən onun sayı cəmdə (buddalar) götürülür. Budda sözü ilə etimoloji cəhətdən bağlı olan Bodhi sözü sanskrit və pali dilindən tərcümədə “oyanma”, “maariflənmə” kimi tərcümə edilir. Beləliklə, Budda anlayışını məzmun etibarilə “başqalarının bilmədiyini bilən” kimi də təyin etmək mümkündür. Bu səbəbdən özünükamilləşdirmə yolu ilə “oyanan” (“başqalarının bilmədiyini bilən”) hər bir insan Buddaya çevrilmiş olur.

Buddizm tarixində diqqəti cəlb edən məqamlardan biri “kamil insan” ilə “azad insan” anlayışlarının məzmun etibarilə bir-birinə yaxın olmasıdır. Belə ki, buddizmin digər (daha qədim) cərəyanı olan Theravada buddizmdə kamil insan Budda deyil, Arahant (mənəvi-ruhi cəhətdən azad) adlandırılır. Dolayı konteksdə bu kamil insanın son nəticədə mənəvi-ruhi cəhətdən bütün fiziki asılılıqlardan azad olması kimi də şərh oluna bilər.

 •  0 comments  •  flag
Share on Twitter
Published on July 24, 2021 23:13

July 9, 2021

Kvant fizikası və qeyri-səlis məntiq

Elmar Hussein, 2021, “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq”, Bakı, “Parlaq İmzalar” nəşriyyatı, s. 193-194

Kvant mexanikasında sistemin təyin edilməsi klassik fizikada sistemin təyin edilməsi ilə müqayisədə dəfələrlə mürəkkəbdir. Belə ki, burada hər hansı bir obyektin eyni zamanda həm pozisiyasının, həm də təcilinin qəti şəkildə qiymətini ölçmək mümkün deyildir. Heyzenberqin qeyri-müəyyənlik prinsipinin mahiyyətini məhz bu mülahizə təşkil edir. Bu səbəbdən elm tarixində bəzən belə hesab edirlər ki, qeyri-səlis məntiq 1964-cü ildə Lütfi Zadə tərəfindən yaradılsa da, onun əsas ideyası hələ 1928-ci ildə alman fiziki Verner Heyzenberq (1901-1976) tərəfindən irəli sürülmüş və onun adı ilə adlandırılmış Heyzenberqin qeyri-müəyyənlik prinsipində öz əksini tapır. Həm də nəzərə almaq lazımdır ki, bu prinsip qeyri-müəyyənlik ideyasını artıq birmənalı olaraq ontoloji müstəviyə şamil edir. Belə ki, Heyzenberqin qeyri-müəyyənlik prinsipinə əsasən dünyada mövcud olan bütün maddi cismlərin təşkil olunduğu elementar hissəciklər “dəqiq” təyin edilmiş obyektlər deyildir və bu qeyri-dəqiqlik insan idrakının məhdudiyyəti ilə bağlı deyildir. Nyuton mexanikasında elementar hissəcik (məsələn, elektron) ya A, ya da B nöqtəsində yerləşir, amma heç bir zaman hər iki nöqtədə yerləşə bilməz. Bu səbəbdən klassik fizikaya ikiqiymətli klassik məntiqi tətbiq etmək mümkündür. Belə ki, əgər hər hansı x elementar hissəciyi əgər ya A, ya da B nöqtəsində yerləşirsə və onun A nöqtəsində yerləşdiyini təyin etmək mümkündürsə, onda “x elementar hissəciyi A nöqtəsində yerləşir” mülahizəsi 1 qiyməti və “x elementar hissəciyi B nöqtəsində yerləşir” mülahizəsi 0 qiyməti alır. Amma kvant fizikasına əsasən hər hansı bir nöqtədə x elementar hissəciyinə rast gəlməyin yalnız ehtimalını hesablamaq mümkündür, çünki burada həmin hissəciyin dəqiq təyin edilə bilən koordinatları mövcud deyildir. Bu səbəbdən ikiqiymətli klassik məntiqi kvant fizikasına tətbiq etmək mümkün deyildir. Müasir elm fəlsəfəsində kvant fizikasının özünü bəzən “qeyri-səlis” fizika adlandırırlar. Bu kontekstdə biz yalnız hər şeyin mövcud ola bilmə dərəcəsindən danışa bilərik. Maraqlı olan məqam ondan ibarətdir ki, klassik və kvant sistemləri arasındakı sərhədi də dəqiq təyin etmək mümkün deyildir: kvant sisteminin hansı sərhəddən sonra klassik sistemə keçid aldığını dəqiq müəyyənləşdirmək qeyri-mümkün olduğundan bu sistem arasındakı sərhəd də prinsipcə qeyri-səlis məntiq ilə təyin edilir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on July 09, 2021 22:37

June 27, 2021

Sorit paradoksu

Elmar Hussein, 2021, “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq”, Bakı, “Parlaq İmzalar” nəşriyyatı, s. 130

“Fəlsəfədə mövcud olan qeyri-müəyyənlik fenomenini daha ətraflı şəkildə analiz etmək üçün Sorit paradoksunu nəzərdən keçirə bilərik. Sorit anlayışı qədim yunan sözü olan soros anlayışından yaranıb və hərfi tərcümədə “topa” və ya “qalaq” deməkdir. Sorit paradoksu ilkin formada neçə qum dənəciyinin qum topası yarada biləcəyinə dair sualı özündə ehtiva edirdi. Əgər 10000 qum dənəcəyi qum topasının yaranması üçün kifayət edirsə, onda 9999 qum dənəciyi də qum topasının yaranması üçün kifayət edir, çünki 1 qum dənəciyi qum topasının qeyri-qum topasına çevrilməsi üçün şərait yaratmır. Əgər 9999 qum dənəciyi dənəcəyi qum topasının yaranması üçün kifayət edirsə, onda 9998 qum dənəciyi də qum topasının yaranması üçün kifayət edir, çünki 1 qum dənəciyi qum topasının qeyri-qum topasına çevrilməsi üçün şərait yaratmır. Əgər 9998 qum dənəciyi dənəcəyi qum topasının yaranması üçün kifayət edirsə, onda 9997 qum dənəciyi də qum topasının yaranması üçün kifayət edir, çünki 1 qum dənəciyi qum topasının qeyri-qum topasına çevrilməsi üçün şərait yaratmır və s. Əgər hər dəfə 1 qum dənəciyi qum topasının qeyri-qum topasına çevrilməsi üçün şərait yaratmırsa, onda qum topası qeyri-qum topasına necə çevrilir? Əgər 1 qum dənəciyi qum topasının qeyri-qum topasına çevrilməsi üçün şərait yaradırsa, onda 1 qum dənəciyi niyə qum topası hesab edilmir?”

 •  0 comments  •  flag
Share on Twitter
Published on June 27, 2021 03:26

June 22, 2021

Əxlaqlı davranış, yoxsa praqmatik davranış?

Əxlaqlı davranış ilə praqmatik davranış arasındakı nisbi xətt harada mövcuddur? Biz məsələn, necə deyə bilərik ki, bu xəttdən bir ştrix sol tərəfdə davranış əxlaqlı və bir ştrix sağ tərəfdə praqmatik olaraq təyin edilir? Burada əxlaqlı davranışın həcminə etik müxtəvidə pozitiv qiymətləndirilən bütün digər anlayışlar qrupunu – humanist, ədalətli, fədakar və s. davranışı daxil edirik. Əxlaqlı davranış zamanı insan subyektiv praktik məqsədlər izləmir; praktik məqsədlərin izlənilməsi praqmatik davranışda ehtiva edilir. Məsələn, X adlı satıcı ədalətli ticarət edərək qiymətləri düzgün tənzimləyir, hətta fədakarlıq göstərərək məhsulu mövcud bazar qiymətlərindən daha aşağı satır, bəzən humanistlik edərək imkansız ailələrə həmin məhsullları heç bir ödəniş olmadan verərək yardımlar edir. Əgər həmin insanın davranışını idarə edən şüurlu motivasiya yalnız bunlardan ibarətdirsə, onda o, əxlaqlı insandır. Amma əgər şüurlu motivasiya belə davranmaqla etik müstəvidə pozitiv qiymətləndirilən ad qazanmaqla daha çox müştərinin inam və etibarını qazanaraq daha çox satış etmək və daha çox qazanmaqdırsa, onda o, əxlaqlı deyil, praqmatik insandır. Ona görə ki, əgər daha çox satış edərək daha çox qazanmaq şərtləri dəyişərsə, onda o, artıq öz müştərilərinə qarşı ədalətli, humanist və fədakar davranmayacaq.

Əxlaqlı və praqmatik davranış modelləri arasındakı bu fərqi müxtəlif müstəvilərdə nəzərdən keçirmək mümkündür. Məsələn, müvafiq olaraq dünyanın ən acınacaqlı və təhlükəli qaçqın düşərgəsində yalnız ədalət, humanizm və fədakarlıq prinsipləri əsasında fəaliyyət göstərən həkim və belə sosial məkanda işləməyə ezam olunmuş və ya belə iş təcrübəsi qazanandan sonra karyera yüksəklişini hədəf götürən həkim; ən qaynar müharibə zonalarında həyati risk altında yalnız ədalət, humanizm və fədakarlıq naminə fəaliyyət göstərən jurnalist və ya peşə fəaliyyəti etibarilə ora ezam olunmuş və ya belə iş təcrübəsi qazanandan sonra karyera yüksəklişini hədəf götürən jurnalist və s.

 •  0 comments  •  flag
Share on Twitter
Published on June 22, 2021 08:00

June 19, 2021

Kitab: Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq

2021-ci ildə “Parlaq İmzalar” nəşriyyatında “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq” adlı kitabımız nəşr olunub. Kitab aşağıdakı fəsil və mövzulardan ibarətdir:

Fəsil 1. Mülahizələr məntiqi və dil

Mövzu 1. Mülahizələr məntiqinin dili

1.1. Mülahizə və cümlə

1.2. Məntiqi bağlayıcılar (konyunksiya, dizyunksiya, implikasiya, ekvivalensiya, inkar, digər məntiqi bağlayıcılar)

Mövzu 2. Formal dil

Mövzu 3. Formal dildən təbii dilə tərcümə

Mövzu 4. Həqiqət cədvəli

4.1. Həqiqət cədvəlinin tərtib edilməsi

4.2. İnkar, konyunksiya, dizyunksiya

4.3. İmplikasiya

4.4. Ekvivalensiya

Mövzu 5. Mülahizələrin təsnifatı

Mövzu 6. Mülahizələr arasındakı qarşılıqlı əlaqələr

Fəsil 2. Mülahizələr məntiqi və sübut

Mövzu 7. Etibarlı arqument

Mövzu 8. Arqumentlərin təbii dilədn formal dilə tərcüməsi

Mövzu 9. Tutarlı arqument

Mövzu 10. Potensial cəhətdən inandırıcı arqument

Mövzu 11. Mülahizələr məntiqində sübutetmə üsulu: sübut ağacı

Mövzu 12. Mülahizələr məntiqində sübut ağacları üçün təyin edilmiş qaydalar

Mövzu 13. Həqiqət cədvəlinin və sübut ağacının müqayisəli analizi

Fəsil 3. Fəlsəfə: qeyri-müəyyənlik fenomeni və qeyri-səlis məntiq

Mövzu 14. Sorit paradoksu

Mövzu 15. Rassel paradoksu

Mövzu 16. Üçqiymətli Lukaseviç məntiqi

Mövzu 17. Dördqiymətli Dunn-Belnap məntiqi. Sonsuz çoxqiymətli məntiq

Mövzu 18. Sonsuz çoxqiymətli məntiqdə etibarlı arqument anlayışı

Mövzu 19. Epimenid paradoksu. Hödelinin birinci natamamlıq teoremi

Mövzu 20. Semantik paradokslar: Qrellinq paradoksu. Tarskinin həqiqətin müəyyənedilməzliyi teoremi

Mövzu 21. Nəzəri-çoxluq paradoksları: Kantor paradoksu. Para-tamlıq/para-uzlaşma məntiqi

Mövzu 22. Epistemik paradokslar: Menon paradoksu. Kripke paradoksu

Mövzu 23. Məntiq və ontologiyada qeyri-müəyyənlik fenomeni. Evans arqumenti

Mövzu 24. Lütfi Zadənin qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi. Kvant fizikası

 •  0 comments  •  flag
Share on Twitter
Published on June 19, 2021 07:41

June 13, 2021

Fəlsəfə: qeyri-müəyyənlik fenomeni və qeyri-səlis məntiq

İki qiymətli Bul (klassik) məntiqinə əsasən hər bir mülahizə ya doğru (1), ya da yalan (0) qiyməti alır. Amma real dünyanı yalnız doğru və yalan qiymətləri arasındakı kəskin fərq əsasında qavramaq və qiymətləndirmək mümkün deyil. Mülahizələr yalnız 1 və ya 0 qiyməti ala bilməz. Real dünya qeyri-müəyyəndir: mülahizələr adətən nə aydın şəklidə 1, nə də aydın şəkildə 0 qiyməti alır. Məsələn, əgər Nəzrin adlı bir insanın ömrünü şərti olaraq 100 il qəbul etsək, onda bu insan 100 × 365 = 36500 gün yaşamış olacaq. Əgər hər 4 ildən bir ilin 366 təqvim günü olaraq hesablandığını nəzərə alsaq, onda 36500 günün üzərində 100 ÷ 4 = 25 gündə əlavə etmək lazımdır: 36525 gün. Beləliklə, 100 il yaşayan Nəzrin adlı insan 36525 gün ömür sürmüş olur. Nəzrin öz ömrünün 1-ci günü aydın şəkildə körpədir və 36525-ci günü aydın şəkildə qocadır. Beləliklə, “Nəzrin öz ömrünün 1-ci günündə körpədir” mülahizəsi iki qiymətli Bul məntiqinə görə doğrudur və “Nəzrin öz ömrünün 36525-ci günündə körpədir” mülahizəsi iki qiymətli Bul məntiqinə görə yalandır. Əgər belədirsə, onda məhz hansı nöqtədə (hansı gündə) “Nəzrin körpədir” mülahizəsi doğrudan yalana keçid alır? Məsələn, məhz hansı nöqtədə (hansı gündə) “Nəzrin körpədir” mülahizəsi artıq yalandır və “Nəzrin uşaqdır” mülahizəsi doğrudur? Məhz hansı nöqtədə (hansı gündə) “Nəzrin uşaqdır” mülahizəsi artıq yalandır və “Nəzrin yeniyetmədir” mülahizəsi doğrudur? İnsan həyatını şərti olaraq aşağıdakı yaş mərhələrinə bölmək mümkündür: məsələn, 2 yaşa qədər körpə, 2-11 yaş mərhələsi uşaqlıq, 11-18 yaş mərhələsi yeniyetməlik, 18-30 yaş mərhələsi gənclik və s. Amma şübhəsiz ki, məsələn, Nəzrinin bioloji və psixoloji sistemində hansı fundamental dəyişiklik baş verməlidir ki, 11 yaşının son günündə “Nəzrin uşaqdır” mülahizəsi doğru və 12 yaşının ilk günündə “Nəzrin uşaqdır” mülahizəsi yalan olsun? Nəzrinin bioloji və psixoloji sistemində baş verməli və onu uşaq deyil yeniyetmə kimi qiymətləndirməyə imkan verməli olan bu fundamental dəyişiklik 1 gün, 24 saat, 1440 dəqiqə, 86400 saniyə aralığında necə müəyyən edilməlidir? Niyə zaman etibarilə 1 saat, 1 dəqiqə və ya 1 saniyə əvvəl “Nəzrin uşaqdır” mülahizəsi doğru və 1 saat, 1 dəqiqə və ya 1 saniyə sonra “Nəzrin uşaqdır” mülahizəsi yalandır? Bu qəbildən olan suallar fəlsəfədə qeyri-müəyyənlik fenomeninə dair sualların yalnız bir hissəsini əhatə edir.

Elmar Hussein, 2021, “Mülahizələr məntiqi. Fəlsəfə və qeyri-səlis məntiq”, Bakı, “Parlaq İmzalar” nəşriyyatı, s. 128-129

 •  0 comments  •  flag
Share on Twitter
Published on June 13, 2021 11:01

June 6, 2021

Azərbaycan universitetlərində fəlsəfənin tədrisi problemi, zehin fəlsəfəsi və s.

Video 12 may 2020-ci il tarixində Bakı Fəlsəfə Akademiyasının dəyərli üzvləri BDU-nun müəllimi və doktorantı Araz Əliyev və Ondokuz Mayıs Universitesinin magistrantı Qoşqar Abbas ilə birlikdə canlı yayımda baş tutan müzakirəmiz zamanı qeydə alınmışdır. Müzakirə üçün xüsusi olaraq mövzu seçilməsə də əsasən Azərbaycan universitetlərində fəlsəfənin tədrisi problemləri, bu sahədə gənclərin qarşılaşdıqları çətinliklər, eləcə də zehin fəlsəfəsi barəsində fikir mübadiləsi aparmışıq.

Bakı Fəlsəfə Akademiyasının digər videoları ilə tanış olmaq üçün link: https://www.youtube.com/channel/UCYi7…

 •  0 comments  •  flag
Share on Twitter
Published on June 06, 2021 01:23

May 23, 2021

Azad iradə və əxlaqi məsuliyyət

21 may 2021-ci il tarixində Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsində “Azad iradə və əxlaqi məsuliyyət” mövzusunda seminar keçirilmişdir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on May 23, 2021 05:31