Elmar Hussein's Blog, page 5
May 17, 2021
Müharibə və hərbi konfliktlər haqqında mülahizələr
Müharibə və hərbi konfliktlər barəsində bəzi fikirlərimi bölüşmək istəyirəm. Bu fikirlər konkret bir müharibə və ya hərbi konfliktə qarşı yönəlməyib. Əsas diqqət mərkəzində olan qlobal sivilizasiya və bu sivilizasiyanın sərhədləri çərçivəsində individual insan həyatının mənasıdır. Ümumi kontekstdə belə hesab edirəm ki, hər bir insan bu dünyada ona ayrılmış bir sikl zaman müddətində mümkün olanı dərk etmək (özünüdərk və tərkibinə daxil olduğu sistemi dərk), mümkün olanı yaşamaq və mümkün qədər özünüinkişaf üçün bu dünyada mövcuddur. Əgər insan bu zamanı düzgün istifadə edərsə, o, kifayət qədər uzun, əgər düzgün istifadə etməzsə, o, kifayət qədər qısadır. Heç bir insanın zamanı müharibə və ya hərbi konfliktlər nəticəsində ortada kəsilməməli və ya əslində yuxarıda qeyd etdiyim məqsədlər üçün heç bir insana lazım olmayan hadisələrə və ya onun doğurduğu nəticələrə sərf olunmamalıdır. Tarix, din və bu qəbildən olan bütün sosial fenomenlər siyasi ideologiya elementləri ilə zəngindir, əksər hallarda siyasi propaqanda və manipulyasiyanın bir hissəsi çıxış edir. Məsələn, rasional məntiq mənə deyir ki, əgər insan Tanrıya inanırsa və ona ibadət etmək, məsələn, namaz qılmaq istəyirsə, onda bunu olduğu məkanda, məsələn, öz mənzilində və ya müqəddəs hesab olunan X məkanında etmək arasında heç bir ciddi fərq mövcud deyildir, heç olmasa yuxarıda qeyd etdiyim məqsədlər üçün bu belədir. Əgər bu ciddi fərq yaradırsa, onda bu fərqi yaradan səbəb rasional məntiq üzərində qurulmur, siyasi ideologiya ilə şərtlənir.
Müharibə və ya hərbi konfliktlər tarixində 100 il öncəyə gedərkən demək olar ki, həmişə onları doğuran səbəblərin siyasi ideologiyalardan və onlar arasında mövcud olan ziddiyyətlərdən irəli gəldiyini nisbətən daha yaxşı analiz edə bilirsən. Məsələn, 200 illik zaman kəsiyində belə analiz imkanları daha da genişlənir. 1000-1500 illik zaman müharibələrə başlanğıc verən və böyük insan qruplarını bir-birlərinin üzərinə hərəkətə keçirən formal səbəblərin əslində nə qədər rasional məntiqdən uzaq olduğuna demək olar ki, şübhə etmirsən.
Eramızdan əvvəl reallaşan hərbi yürüşlər və savaşlar daha çox tarixçilər üçün formal simvolik anlayışlar üzərində qurulmuş bir tarixi hadisə və oxucular üçün həyəcan doğuran mif, qəhrəmanlıq hekayətləri təsiri bağışlayır. Maraqlı tendensiya isə müharibə edən və belə müharibələr vasitəsilə tarixdə açdıqları dərin qanlı izlər vasitəsilə onun nəticələrini bəzən müasir qlobal sivilizasiyaya belə ötürməyi bacaran xalqlar etnik mənsubiyyət və genetik informasiya etibarilə bir-birlərinə çox yaxındırlar. Onsuz da nisbi sonsuz tarixdə keçmişə doğru hərəkət edərkən son nəticədə eyni “insan” qrupunun (və ya bir neçə “insan” qrupunun”) üzərində gedib çıxırıq. Hamı öz genetik informasiyasında digərinə məxsus olan informasiyanın müəyyən bir həcmini daşıyır. Amma istənilən halda bütün bu tarixi hadisələri birləşdirən ana xətt mövcuddur: siyasi ideologiyalar həmişə müəyyən bir böyük insan qrupunun (sosial qrupun) sayca onlardan dəfələrlə çox olan digər insan qruplarını istismar etmək və onlar üzərində dominantlıq istəyinin reallaşmasına xidmət edir. Tarix fəlsəfəsində, məsələn, K.Marksın tarix fəlsəfəsində “ideologiya” anlayışı ilə “yalançı şüur” anlayışı məzmun etibarilə eyniyyət təşkil edir. İnsanları məhv edən, mədəniyyətləri dağıdan məhz bu ideologiyalardır.
Elm sonsuz Kainatda 13.8 milyard il ərzində mövcud olan/olmuş böyük və nisbətən böyük 2 trilyona qədər qalaktikanı fərqləndirir. Belə qalaktikalardan yalnız biri Süd Yolu qalaktikasıdır ki, o da təqribən 100 milyard ulduzdan ibarətdir. Belə ulduzlardan yalnız biri Günəşdir ki, onun ətrafında formalaşan Günəş sistemi bütün peyk, meteroid və bu qəbildən olan bütün kosmik obyektlərdən başqa 8-12 planetdən ibarətdir (planetlərin sayı barəsində ehtimallar müxtəlifdir). Belə planetlərdən yalnız biri Yer kürəsidir. Amma bu Yer kürəsinə, onun faydalı qazıntılarına və s. nəzarət etmək üçün müxtəlif ideologiyalar adı altında aparılan müharibələrdən yalnız birində — İkinci Dünya Müharibəsində bir ideologiyanın digərinə qalib gəlməsi üçün təqribən 75 milyon insan həyatını itirib. Onilliklər keçdikcə ideologiyaların özünə olan münasibət, onların yenidən qiymətləndirilməsi, yenidən qavranılması baş verə bilər, amma istənilən halda 75 milyon insanı geri qaytarmaq mümkün olmur. Sadəcə olaraq sonsuz Kainatda yalnız bir zərrəcik üçün yalnız bir müharibədə 75 milyon insan mahiyyətini sonadək dərk etmədiyi bir ideologiya uğrunda həyatını itirmiş olur. Müharibə və hərbi konfliktlərin kiçik istisnalar ilə rasional məntiqi cəhətdən nə qədər məzmunsuz olduğunu nəzərə almaq üçün sadəcə olaraq qeyd etdiyimiz bu statistik göstəriciləri diqqət mərkəzinə gətirmək kifayət edə bilər.
May 2, 2021
Filosoflar kimdir?

Çox güman ki, Qərbdə bütün arxeologiya muzeylərində və ya təyinatı üzrə buna oxşar muzeylərdə mütləq şəkildə heç olmasa bir filofos heykəli (büstü) mövcuddur. Yunanıstanın o qədər də böyük olmayan Salonik Arxeologiya Muzeyində mövcud olan və filosoflara həsr edilmiş yeganə heykəldir. Konkret olaraq heç bir filosofun büstü deyildir, sadəcə olaraq müəyyən atributları etibarilə filosof olan hər hansı bir insanı simvolizə edir. Tarixi 220-240-cı illərə gedib çxır. Qeyd edilən dövrdə məhz hansı atributlarına görə ilk baxışda hər hansı bir insanın filosof sosial qrupuna aid olub olmadığını müəyyən etmək olardı? Yəqin ki, müdrik görünüş, yaş və ya saqqal deyə düşünə bilərik. Amma xeyr! Məsələn, bu büstdə məhz fiqurun üzərində olan çox sadə himation adlı geyim onun fiosof olma ehtimalını yaradır. Daha sonralar Bizans dövrünə aid incəsənət nümunələrində Bibliya personajları, məsələn, İsa peyğəmbər, Müqəddəs Məryəm və digərləri məhz bu geyimdə təsvir edilirdilər. Bu konteksdə məntiqi nəticə olaraq qeyd etmək olar ki, orta əsrlər xristian sivilizasiyasında Bibliya personajları əslində daha erkən tarixi zamanda yunan-roma sivilizasiyasında mövcud olan və daha sonralar müqəddəsləşdirilmiş (ilahiləşdirilmiş) filosof obrazlarından başqa bir şey deyildir.
April 25, 2021
Yəhudilik: Manasseh və Ephraim qəbilələri
İbrahim dinləri (yəhudilik, xristianlıq və islam) arasında ən qədim din hesab edilən yəhudiliyin etnik və dini dünyagörüş etibarilə qismən qədim Misir kahinləri sosial sinfi ilə sıx bağlı olduğu ehtimal edilir. Belə ki, İbrahim dinləri mətnlərinin ən “romantik” hissəsi hesab edilən hissəsində Züleyxanın Yusifə (Joseph) olan qarşısıalınmaz sevgisi təsvir edilir. Əri Potiphar (Misir fironunun şəxsi mühafizə qvardiyasının kapitanı) tərəfindən qul kimi satın Yusifi yoldan çıxarmağa çalışan Züleyxa buna nail olmadıqda yalançı zorlama ittihamı ilə onun həbsinə nail olur. Sonralar yuxu yozma bacarıqlarına görə həbsxanadan azad olunan Yusif firon sarayında fironun özündən sonra ikinci ən yüksək vəzifəyə qədər yüksəlir. Qədim Misir kahini Potipherahın qızı ilə evlənir. Diqqət çəkən məqam Züleyxanın əri və Yusifin keçmiş sahibi olan Potiphar ilə Yusifin qayınatası olan Potipherahın çox oxşar adlara (hər iki ad əslində qədim misir dilindən eyni şəkildə tərcümə olunur və Ra günəş allahının himayəsində olmaq anlamına gəlir) malik olmalarıdır. Əgər bəzi Bibliya tədqiqatçılarının düşündüyü kimi onların hər ikisi eyni insan olarsa, onda Yusif Züleyxanın qızı (doğma və ya ögey) ilə nigahda olmuş, bu nigahdan Manasseh və Ephraim adlı iki oğlu olmuş, onlar isə öz növbəsində öz adları ilə bağlı olan iki yəhudi qəbiləsinə başlanğıc vermişlər. Beləliklə, dolayısı ilə yəhudilərin (qismən) qədim Misir kahinləri ilə genetik cəhətdən bağlılığı meydana çıxmış olur.
April 20, 2021
Cinayət psixologiyası: qadın serial qatillər
Insan beyni cinsi bölgüyə qarşı neytral (unisex) deyildir: bəzən yaranan intuitiv qavrayışın əksinə olaraq qeyd etmək olar ki, bəzi mühüm atributları etibarilə “kişi beyni” və “qadın beyni” anlayışları bir-birindən fərqlidir. Məhz bu fərqlər müvafiq olaraq kişi və qadın psixologiyasının, kişi və qadın davranışının və s. fərqli olmasını şərtləndirir.
Sosial sistemin (cəmiyyətin) müxtəlif sferalarında olduğu kimi kriminal davranışın da forma və məzmununun qiymətləndirilməsi zamanı cinslər üzrə olan bölgü müəyyən dərəcədə diqqəti cəlb edir. Məsələn, qadın serial qatillər öz qurbanlarını seçmə və öldürmə taktikası, eləcə də cinayəti icra etmə motivi baxımından öz kişi həmkarlarından əhəmiyyətli dərəcədə fərqlənirlər. Kişi serial qatillər əsas etibarilə “seksual manyak” davranışının xüsusiyyətlərini özlərində daşıyırlar, bu da kişi beyninin anatomik quruluşu ilə izah edilir. Belə ki, hər bir normal kişi beyni (straight male brain) seksual fantaziyaların və aqressiv fikirlərin yaranmasını şərtəndirən nisbətən daha böyük pay mərkəzinə malikdir. Sadəcə olaraq belə fantaziya və fikirlər daimi olaraq beyin tərəfindən ümumi nəzarət sisteminin təsiri altında olduğundan əsas etibarilə altşüura sıxışdırılır və nadir hallarda təzahür edir. Kişi serial qatillərdə belə nəzarət sistemi zəif olduğundan və ya tamamilə sıradan çıxdığından onlar asanlıqla öz altşüurunda yaşadıqları və arzu etdikləri belə fantaziya və fikirləri reallaşdırmağa başlayırlar.
Qadın serial qatillər ilə bağlı bu qəbildən olan bütün məsələlər əsasən fərqli şəkildə təzahür edir. Qadın serial qatillərin cinayət davranışına meyl etməyini şərtləndirən əsas motiv puldur. Seksual fantaziya və aqressiv fikirlərin kişi altşüurunda yaratdığı güclü təzyiq eyni intensiv şəkildə qadınlarda pul ilə assosiasiya olunur. Qalan bütün bio-psixoloji proseslər oxşardır. Beynin nəzarət sistemi sıradan çıxarkən kişiləri seksual motivlər əsasında serial qatilə çevirən amillər qadınları pul səbəbindən serial qatilə çevirir. Hər iki halda bu proseslər demək olar ki, idarə olunmazdır, avtomatik rejimdə cərəyan edir. Bu səbəbdən serial qadın cinayətkarların əksəriyyəti orta və hətta yüksək sosial təbəqəyə mənsub olsalar da bu güclü motiv onları pul səbəbindən silsilə cinayətlər törətmək istəyindən çəkindirmir. Beləliklə, serial qadın qatillərdən müdafiə olunmaq bir az çətindir. Çox aristokratik görünüşə malik imkanlı qadın pul səbəbindən sizi asanlıqla aradan götürməyə qadir ola bilər.
Kişi serial qatillər öz qurbanlarını adətən tanımadığı insanlar içərisindən seçir, amma onların qadın həmkarları bu seçimi adətən öz ailəsindən və yaxın çevrəsindən etməyə üstünlük verir. Bu isə kişi qatillərə nisbətən qadın qatillərdən müdafiə olunmaq imkanını qat-qat çətinləşdirir, çünki insanların adətən tanımadıqları başqa insanlar ilə müqayisədə onların inam və etimadını qazanmış çox yaxın sosial mühitə qarşı təhlükəsizlik mexanizmi zəif inkişaf etmiş olur. Bu konteksdə təhlükə riskini artıran digər bir amil qadın serial qatillərin öz qurbanını öldürmə taktikasının da həddindən artıq məkrli olmasıdır. Onların öz cinayətini reallaşdırmaq üçün üstünlük verdikləri ən sevimli üsul qəbul edilən qidaya zəhər qatmaqdır. Beləliklə, insan həyatının bir hissəsini paylaşdığı qadın tərəfindən günlərin bir günü heç bir təhlükə hiss etmədən çox asanlıqla cinayətin qurbanına çevrilə bilər.
Kişi və qadın serial qatillərin müqayisəli analizi nəticəsində məlum olan digər maraqlı məqamlar isə belədir: zahiri görünüş baxımından serial qatil qadınlar orta statistik gözəl qadından daha cazibədar olurlar, adətən ətrafda qayğıkeş və xeyirxah insan təəssüratı oyadırlar və əksəriyyəti də ali təhsilli olur. Qısacası həyatda onlar ilə yolu kəsişən cinayət qurbanının sağ qalmaq şansı minimal qiymətləndirilir.
March 13, 2021
Qeyri-səlis məntiq ilə binar məntiqin müqayisəli analizi (elmi seminar)
5 mart 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının təşkilatçılığı ilə “Lütfi Zadənin sonsuz çoxqiymətli məntiqi (qeyri-səlis məntiq) ilə Aristotelin ikiqiymətli məntiqinin (binar məntiqin) müqayisəli analizi” mövzusunda elmi seminar keçirilmişdir. Qeyd edilən elmi seminardan paylaşılan bu hissədə Heyzenberqin qeyri-müəyyənlik prinsipi, kvant fizikası və qeyri-səlis məntiq arasındakı əlaqənin mövcud ola bilmə imkanı haqqında fikirlər öz əksini tapır. Ümumiyyətlə, elm, fəlsəfə və məntiqin mühüm və maraqlı kəsişmə nöqtələrindən biri neyronal şəbəkə, kvant fizikası və qeyri-səlis məntiqdir. Bu kəsişmə nöqtəsində çox şey aydın deyil, müxtəlif interpretasiyalara açıqdır və insan intuisiyasına ziddir.
Kainatda dualizm prinsipi və qeyri-səlis məntiq
Kainat yalnız bir prinsipin üzərində mövcud deyildir — yeganə olan prinsip dayanıqlı tarazlığı və inkişafı təmin edə bilməz. Tarazlıq və harmoniya üçün biri digəri ilə əkslik təşkil edən iki prinsip (dualizm) zəruridir. Onlardan biri digərini tamamlayır, onlar qarşılıqlı asılı və bağlı olaraq yalnız birlikdə mövcud ola bilərlər. Hər ikisi eyni dərəcədə əhəmiyyətli (və ya əhəmiyyətsizdirlər), yalnız birlikdə inkişaf edə (və ya tənəzzül edə) bilərlər. Birinin digərinə nəzərən əhəmiyyətinin daha da artırması (azalması), birinin digərinə nəzərən daha da proqress (reqress) etməsi Kainatın mövcudluğunun əsasında dayanan dual prinsiplər arasındakı tarazlığı pozar, harmoniyanı xaos ilə əvəzləyər. Şərti olaraq bu dual prinsipləri kainatın kişi və qadın başlanğıcı olaraq təyin etmək olar.
Şərti olaraq kainatın kişi və qadın başlanğıcı olaraq təyin etdiyimiz bu dualizm prinsipi həm kosmosun, həm cəmiyyətin, həm də individual insan həyatının ayrılmaz (inteqral) tərkib hissəsidir. Amma bu prinsipin məzmununda öz əksini tapan kişi və qadın başlanğıclarının bir-birindən fərqləndirilməsinin özü də şərti xarakter daşıyır: onların birindən digərinə keçid arasında qəti şəkildə müəyyən edilmiş bir sədd mövcud deyildir; məsələn, onlar arasında elə bir sədd mövcud deyildir ki, bu bizə hipotetik düz xətt boyunca həmin səddən bir nöqtə sağda qərarlaşan elementi qadın başlanğıcı və bir nöqtə solda qərarlaşan elementi kişi başlanğıcı olaraq təyin etməyə imkan versin (və ya əksinə). Kişi bağlanğıcından qadın başlanğıcına və əksinə keçid qeyri-səlis (arasıkəsilməz) məntiq əsasında baş verir. İndiyədək qlobal intellektual düşüncənin (təfəkkürün) bu konteksdə əsas yanılması bütün digər anlayışlar kimi kişi və qadın anlayışlarını da ikiqiymətli (binar) məntiq üzərində təyin etməsidir: sanki hipotetik düz xəttin iki əks qütbündə 0 və 1 qiyməti ilə təyin edilmiş mütləq anlayışlar mövcuddur, əgər məsələn, qadın anlayışı 0 qiyməti ilə təyin olunursa, onda kişi anlayışı 1 qiyməti ilə təyin olunmalıdır və ya əksinə. İkiqiymətli məntiqin bu xətası qlobal sivilizasiyanı zaman-zaman fəlakətlərə, faciələrə sürüklədiyi kimi kişi-qadın anlayışlarının qəti şəkildə bir-birindən fərqləndirilməsi də bu konteksdə sosial sistemdə özünəməxsus böhranlara yol açır. Sosial sistemdə belə bölgü ilə razılaşmayanlar nəticə etibarilə hər iki anlayışın yalnız və yalnız bir qiymət əsasında təyin edilməsinə çalışırlar və nəticə etibarilə bütün sistemin gələcəyi üçün təhlükə və riskləri artırır. Halbuki, qeyri-səlis (arasıkəsilməz) məntiq 0 ilə 1 qiyməti arasında sonsuz çoxqiymətlərin, ehtimal və imkanların mövcud olmasına əsaslanır. Bu konteksdə məsələn, sosial sistemdə fərdi psixologiya, sosial davranış və s. atributları etibarilə kişi anlayışı ilə təyin olunan hər bir insan özündə qadın anlayışının müəyyən atributlarını (əlamətlərini), qadın anlayışı ilə təyin olunan hər bir insan isə özündə kişi anlayının müəyyən atributlarını (əlamətlərini) daşıyır. Nadir insan müvafiq olaraq 0 (məsələn, mütləq kişi) və 1 (məsələn, mütləq qadın) qiyməti və ya bu qiymətlərə çox yaxın qiymətlər (məsələn, müvafiq olaraq 0.1 və 0.9) ilə təyin oluna bilərlər. Bir çox insanlar müvafiq olaraq 0 və 1 qiymətləri ilə müqayisədə 0.5 qiymətinə daha yaxın qiymətlər ilə təyin oluna biləcək nöqtələrdə qərarlaşırlar. Bu səbəbdən biz qeyd edirik ki, müəyyən minimal və maksimal hədlər çərçivəsində hər bir başlanğıcın daxilində ona əks olan digər başlanğıcın elementləri mövcudur (məsələn, hər bir kişi düşüncəsinin dərinliklərində qadın başlanğıcına xas olan müəyyən elementlər mövcuddur və əksinə, hər bir qadın düşüncəsinin dərinliklərində kişi başlanğıcına xas olan müəyyən elementlər öz əksini tapır).
Əgər biz kişi başlanğıcı dağıdıcı qüvvədir, mövcud nizamı pozmağa meyllidir və qadın başlanğıcı isə əksinə qurucu qüvvə olub nizamı yenidən bərpa edir deyiriksə, onda bu mülahizə yalnız şərti məzmun kəsb edir: reallıqda həm kişilərin, həm də qadınların mahiyyətində həm dağıdıcı, həm də qurucu qüvvə potensialı gizlənib, sadəcə olaraq bu qüvvələr arasındakı nisbət və onlara rast gəlmə tezliyi müxtəlif ola bilər.
Əgər biz kişi bağlanğıcı işıqlı qüvvədir, ağ rəngi simvolizə edir, özünə yaxınlaşan bütün enerjini daha çox əks etdirməyə meyllidir və qadın başlanğıcı isə əksinə qaranlıq qüvvədir, qara rəngi simvolizə edir, yaxınlaşan bütün enerjini toplayır, özündə saxlayır deyiriksə, onda bu mülahizə yalnız şərti məzmun kəsb edir: reallıqda həm kişilərin, həm də qadınların mahiyyətində həm enerjini əks etdirən, həm də enerjini toplayan qüvvə potensialı gizlənib, sadəcə olaraq bu qüvvələr arasındakı nisbət və onlara rast gəlmə tezliyi müxtəlif ola bilər.
Əgər biz kişi başlanğıcı aktiv qüvvədir, hər şeyi aydınlaşdırmağa, dərk etməyə, üzə çıxarmağa yönəlib və qadın başlanğıcı isə əksinə passiv qüvvədir, hər şeyi gizlətməyə, heç də hər şeyin duyğu orqanları vasitəsilə öyrənməyin mümkün olmadığını xatırlatmağa yönəlib deyiriksə, onda bu mülahizə yalnız şərti məzmun kəsb edir: reallıqda həm kişilərin, həm də qadınların mahiyyətində həm aktiv, həm də passiv qüvvə potensialı gizlənib, sadəcə olaraq bu qüvvələr arasındakı nisbət və onlara rast gəlmə tezliyi müxtəlif ola bilər.
Həm də nəzərə almaq lazımdır ki, kainatda heç bir şey mütləq sükunət halında mövcud olmur, hər şey axır, hər şey dəyişir, bir haldan başqa hala keçir. Bu kontekstdə hər bir insan müəyyən şərtlər altında davamlı olaraq mütləq kişi və ya mütləq qadın başlanğıclarına yaxınlaşır və ya uzaqlaşır.
February 9, 2021
Ortodoksal din və din fəlsəfəsi
“Ortodoksal din” və “din fəlsəfəsi” anlayışları öz aralarında eyniyyət təşkil etmir. Məsələn, xristianlıq fəlsəfəsi ortodoksal xristianlığın, islam fəlsəfəsi ortodoksal islamın sərhədlərindən kənara çıxır. Ordodoksal din mahiyyət etibarilə statikdir, modifikasiya və müasirləşməyə qapalıdır, məzmun etibarilə isə zəngin deyil. Din fəlsəfəsi isə əksinə, dinamikdir, cəmiyyət modifikasiya və müasirləşməyə məruz qaldıqca paralel olaraq din fəlsəfəsi də bütün bu proseslərdən geridə qalmamağa çalışır; bu kontekstdə bəzən ortodoksal din anlayışının məzmununa aid etdiyimiz mühüm əlamətlərin əhəmiyyətli bir hissəsi əslində sonralar din fəlsəfəsinin məzmunundan ora transfer edilmiş əlamətlərdir, başqa sözlə, ortodoksal dinin qazandığı zənginliyin əhəmiyyətli bir hissəsi əslində sonralar din fəlsəfəsinin sayəsində mümkün olub. Ortodoksal din hazır dini mətnlər, rəvayətlər və qanunlar sistemidir. Din fəlsəfəsi rasional və yaradıcı şəkildə ortodoksal dinin interpretasiyası, qismən təstiqi, qismən təkzibi, qismən digər dini, fəlsəfi, elmi və s. sistemlər ilə sintezidir. Ortodoksal din adətən dinə edilmiş əlavə edilmiş belə interpretasiya və sintezi təkzib etməyə çalışır, dini öz ilkin halına qaytarmağa çalışır və nəticə etibarilə ilə dini fundamentalizmin təzahür etməsi ehtimalını yaradır. “Dini fundamentalizm” anlayışının kökündə dayanan “fundament” (bu konteksdə dinin əsası, kökü) zəruri şəkildə mühafizəkarlıq elementlərini ehtiva etdiyindən, çünki statik dəyişilməz olan və bir neçə on əsrlik tarixə malik ortodoksal dinin özündə daşıdığı məzmun ilə dinamik modifikisiya və müasirləşməyə məruz qalmış cəmiyyətin özündə daşıdığı məzmun arasındakı yaranmış olan böyük boşluğu (dərin uçurumu) doldurmaq mümkün deyildir, müasir qavramda əsasən neqativ məna kəsb edir və potensial şəkildə bu boşluğu zorakı yolla qapamaq üçün dini fundamentalizm dini radikalizmə meyl etməli olur. Beləliklə, dini fəlsəfənin özünəməxsus şəkildə zəngin məzmuna malik olması arqumenti vasitəsilə ortodoksal dinin müasir qlobal sivilizasiyada zəruriliyi əsaslandırmaq məntiqi cəhətdən qüsurludur. Eyni şəkildə, ortodoksal dinin müasir qlobal sivilizasiyada zəruriliyini inkar etməklə din fəlsəfəsinin özündə daşıdığı bütün zənginliyi də tamamilə inkar etmək də məntiqi cəhətdən qüsurludur. Çox güman ki, ortodoksal dinlərdən daha çox əsasında rasional və yaradıcı şəkildə ortodoksal dinin interpretasiyası, onun qismən təstiqi, qismən təkzibi, qismən digər dini, fəlsəfi, elmi və s. sistemlər ilə sintezi dayanan sinkretik dini-fəlsəfi hərəkatlar müasir qlobal sivilizasiya üçün zəruridir.
February 8, 2021
Qlobal sivilizasiya, din və müasirlik
“Din və sosiologiya” mövzusunda maraqlı seminar təşkil edilmişdi. Məruzəçi mövzu üzrə olduqca hazırlıqlı və savadlı həmkarımız idi. Müəyyən səbəblərdən nə tədbirin, nə də məruzəçinin adını qeyd etmək istəmirəm, amma bu nə tədbirə, nə də məruzəçiyə verdiyimiz yüksək qiyməti qətiyyən azaltmır. Bizim mental sistemimiz (mental apparatus) daha artıq dərəcədə məntiq ilə yükləndiyindən bu konteksdə mövzu barəsində çıxardığım bəzi qənaətləri qısa tezislər şəklində aşağıda qeyd etmək istəyirəm:
1. Əgər cəmiyyətdə dini şüurun formalaşması üçün ideal şərait yaranarsa, onda din insanlar arasında bölgünü dərinləşdirir, hətta dini diskriminasiyanın yaranması ehtimalı güclənir.
Cəmiyyətdə dini şüurun formalaşması üçün ideal şərait deyərkən bu şüurun formalaşmasına aparıb çıxaran yolun dünyəvi sistemin nəzarətindən kənarda qalması, dini şüurun yalnız və yalnız öz müqəddəs tekstləri, rəvayətləri və buradan çıxış edilərək yazılmış interpretasiyalarını nəzərdə tuturam. Bu kontekstdə yalnız dinin dövlətdən ayrı olması zəruri deyil, həm də dinin dövlət tərəfindən dolayı yolla da olsa nəzarət altında olması zəruridir. Bəzən ilk baxışda diqqəti cəlb etməsə də son nöqtədə dini ictimai şüur ilə dünyəvi ictimai şüur və onun müxtəlif formaları şəklində hüquqi, əxlaqi, elmi və s. ictimai şüur potensial şəkildə kəskin ziddiyyət vəziyyətindədir. Məsələn, dini hüquq sistemində nəzərdə tutulan davranışların əhəmiyyətli bir hissəsi dünyəvi hüquq sistemində ağır cinayət məsuliyyəti kimi interpretasiya oluna bilər. Dünyəvi dövlətin nəzarət sistemi güclü olarkən bu ziddiyyət potensialdan imkana çevrilmir, nəzarət zəifləyərkən və ya dünyəvi dövlətin özü dini dövlətə doğru ciddi meyl edərkən bu ziddiyyət hətta böhran həddinə qədər kəskinləşə bilər.
2. Müasir dövrdə mövcud şərtlər altında özünü məhdudlaşdıraraq mövcud olmalı olan din anlayışının konnotasiyası (məzmunu) dini ictimai şüur üçün ideal şəraitdə mövcud olan din anlayışının konnotasiyası (məzmunu) ilə üst-üstə düşmür.
Dünyəvi sistemdə din anlayışının özünün qorunub saxlanılmasına baxmayaraq, dünyəvi sistemin nəzarəti altında olarkən din fenomeni öz məzmununda ciddi məhdudlaşdırmalar, modifikasiya və modernizasiya etməyə məcbur olur. Amma mahiyyət etibarilə ənənəvi dini sistem statik fenomendir, modifikasiya və müasirləşməyə meylli deyil. Cəmiyyət isə əksinə dinamik sistemdir, daim modifikasiya və müasirləşməyə meyllidir. Cəmiyyət dünyəvi sistem tərəfindən idarə edilərkən cəmiyyət modifikasiya və müasirləşmə imkanı əldə edərək dini bu ümumi istiqamətə tabe olmağa vadar edə bilir. Amma cəmiyyət dini sistem və ya dinə güclü meyl edən digər siyasi sistem tərəfindən idarə edilərkən din öz məzmununda heç bir məhdudlaşdırma etmir, əksinə cəmiyyətin modifikasiya və müasirləşməsinin qarşısına sədd çəkir.
3. Qlobal sivilizasiyada dünyəviləşmə prosesi tədricən daha da güclənir və bu prosesin qarşısını almaq mümkünsüz görünür. Amma bu dünyəviləşmə prosesinin gedişində din fenomeninin mövcud olma ehtimalının 0-a bərabər olması demək deyildir.
Əgər qlobal sivilizasiyada dünyəviləşmə prosesini sonsuz çoxqiymətli məntiqin üzərinə köçürsək, şərti olaraq dünyəvi sistemin mövcud olmadığı və yalnız dini sistemin mövcud olduğu nöqtəni 0 nöqtəsi, dini sistemin mövcud olmadığı və yalnız dünyəvi sistemin mövcud olduğu nöqtəni 1 nöqtəsi kimi qəbul etsək, onda qlobal sivilizasiyada dünyəviləşmə prosesi tədricən daha çox 1 nöqtəsinə yaxınlaşmağa doğru gedir, amma sonsuz çoxqiymətli məntiq üzrə heç bir zaman 1 nöqtəsinə çata bilməyəcəyindən məsələn, 0.91 nöqtəsində 0.09 qiyməti ilə ölçülə biləcək dini sistem mövcud olacaq.
4. Qlobal sivilizasiyada dünyəviləşmə prosesi tədricən daha da güclənir və bu prosesin qarşısını almaq mümkünsüz görünür. Amma bu dünyəviləşmə prosesinin nəticəsinin qlobal sivilizasiyanı təşkil edən bütün lokal sivilizasiyalar və ya lokal sosial məkanlar üzrə bərabər bölünməsi demək deyildir.
Qlobal sivilizasiyada dünyəviləşmə prosesi dünyəviləşmə prosesinin altqatları olan elm, hüquq, liberalizm və s. institutlarının inkişafının qlobal sivilizasiyanı təşkil edən bütün lokal sivilizasiyalar və ya lokal sosial məkanlar üzrə bərabər bölünməməsi prosesi ilə paralel qiymətləndirilə bilər. Məsələn, şərti olaraq X nöqtəsində mövcud olan elm, hüquq, liberalizm və s. institutlarının zəif inkişafı həmin nöqtədə ictimai şüurun inkişafında daha ciddi boşluqlar və həmin boşluqları doldurmaq üçün din üçün daha çox imkanlar yaradır. Amma Y nöqtəsində daha güclü elm, hüquq, liberalizm və s. institutların mövcud olması həmin boşluqların həcmini və dinin ora nüfuz edə bilmə imkanını azaldır. Məntiqi cəhətdən X əsasında Y haqqında nəticə çıxarmaq və ya X əsasında bütün qlobal sivilizasiyada dünyəviləşmə prosesini qiymətləndirmək qüsurludur.
Bütün bu tezlərin subyekti böyük sosial qruplardır və bu səbəbdən məsələn, individual səviyyədə X adlı insanın böyük alim, amma həm dərin dini inanclı bir insan olması mülahizəsi anti-arqument kimi çıxış edə bilməz. Psixoloji müstəvidə hər bir insanın mental sistemində bir neçə mental proqram paralel fəaliyyət göstərir və proqramlardan birinin müəyyən səbəblərdən (qocalma, fiziki zərbə və ya fobiya) səbəbindən sıradan çıxa bilmə ehtimalı digər proqramın (məsələn, rasional-elmi) da sıradan çıxması demək deyildir.
January 27, 2021
“Humanitarizm: Gender bərabərliyinin tədrisinə yeni yanaşma” kitabı nəşr edilib

Navya Battula və Srihitha Putta adlı müəlliflər tərəfindən Hindistanda 2020-ci ildə “Humanitarizm: Gender bərabərliyinin tədrisinə yeni yanaşma” (“Humanitarianism: A new way of teaching gender equality”) adlı kitab nəşr edilib. Kitabın 87-ci səhifəsində bizim də düşüncələrimizə bir qədər yer ayrılıb.

August 11, 2020
Kibercinayətlıq: Virtual Seksual Zorakılıq
Kibercinayətkarlıq özünün həm təsir göstərmə mexanizmləri, həm də törədə biləcəyi psixoloji tramvalar, maddi zərər, təhlükə riski və s. etibarilə çox mürəkkəb fenomen olub yaşadığımız müasir qlobal sivilizasiyasının yüksək texnoloji inkişafının zərərli yan təsir effekti kimi meydana çıxır. Symantec Korporasiyası tərəfindən 2013-cü ildə hazırlanmış kibercinayətkarlıqla bağlı hesabatda dünya üzrə İnternetdən istifadə edən yetkin insanların 50%-nin kibercinayətkarlıqla və ya digər neqativ onlayn vəziyyətlərlə üzləşməsi artıq müəyyən edilib. Azərbaycanda bu qəbildən olan cinayətkarlığın bəzi formalarına qarşı mübarizə aparılsa da, müəyyən müzakirə və maraafləndirmə tədbirləri həyata keçirilsə də kibercinayətkarlığın xüsusi bir forması olan “Virtual seksual zorakılıq” adlı virtual cinayətkarlıq lazımi qədər diqqət mərkəzinə gətirilmir, halbuki bu şəxsi həyatın toxunulmazlığı və psixoloji sağlamlığın qorunması müstəvisində xüsusilə təhlükə yaradan kibercinayət növüdür.
Virtual seksual təzyiq (bəzən bu virtual davranışın daha ağır formasını virtual seksual təcavüz də adlandırırlar) ilk dəfə hələ 1993-cü ildə amerikalı jurnalist Culian Dibbel tərəfindən internet vastəsi ilə bir neçə insanın eyni zamanda daxil olub virtual ünsiyyət qura bildiyi LambdaMOO adlı sosial şəbəkədə reallaşan seksual təzyiq və təqib xarakterli davranışları xarakterizə etmək məqsədilə diqqət mərkəzinə gətirilmişdir. 2007-ci ildə isə Belçika Federal Polisi İkinci Həyat (Second Life) adlı virtual gerçəklikdə reallaşan seksual zorakılıq zəminində baş vermiş kibercinayət hadisəsini araşdırmağa başlamışdır. 2010-cu illərdə virtual seksual təzyiqin reallaşdığı virtual dünya və sosial şəbəkələrin sayı çoxalmış, həm də belə virtual davranışa əl atan insanların sayında artım qeydə alınmışdır. Azərbaycanda əsasən facebook, instagram kimi sosial şəbəkə və virtual ünsiyyət məkanları populyar olduğundan virtual seksual təzyiq xarakterli davranış nümunələrinə burada da rast gəlmək mümkündür.
Seksual təzyiq və seksual zorakılıq tarixən bütün cəmiyyətlərdə müşahidə edilib və indi də müşahidə edilir. Müasir qlobal sivilizasiyada texnologiyanın yüksək inkişafı sadəcə olaraq bu cinayətin yeni bir forması kimi virtual seksual təzyiq və zorakılığın meydana çıxmasını şərtləndirib. Həm real, həm də virtual xarakterli belə cinayətlərin meydana çıxmasını şərtləndirən psixi səbəblər oxşar olsa da reallaşma məkanının fərqli olması səbəbindən virtual seksual seksual təzyiqin özünəməxsus cəhətləri mövcuddur. Əgər real fiziki və verbal seksual təzyiq zamanı cinayətkar əsasən öz qurbanını qorxudaraq öz iradəsinə tabe etmək istəyindən çıxış edirsə, virtual seksual təzyiq zamanı əsas istək öz qurbanını gizli seksual xarakterli ehyamlar vasitəsilə utandıraraq psixoloji cəhətdən çətin vəziyyətə salaraq öz iradəsinə tabe etməkdir. Burada virtual ünsiyyət zamanı şəxsi xarakterli informasiyaların gizli və məqsədli şəkildə toplanılıb daha sonra əlavə təzyiq vasitəsi kimi öz qurbanına qarşı istifadə edilməsi, bu məlumatların virtual məkanda açıq şəkildə ictimai müzakirəyə çıxarılması da istisna deyil. Bu zaman artıq virtual seksual təzyiq bir deyil, belə davranışa meylli bir neçə virtual şəbəkə istifadəçisi tərəfindən reallaşa bilər, çünki ictimai müzakirəyə çıxarılan şəxsi xarakterli məlumatların şərh edilməsi, rəy bildirilməsi praktik cəhətdən mümkündür. Virtual seksual təzyiqə meylli iştirakçılar isə virtual şəbəkənin yaratdığı bu imkandan sui istifadə edərək cinayət qurbanını şəxsən tanımadan ona çox ağır psixi travma yarada biləcək şərh və rəylər paylaşa bilərlər. Həm də nəzərə almaq lazımdır ki, virtual seksual təzyiqə meylli şəbəkə iştirakçıları bir sıra hallarda saxta istifadəçi adlarından istifadə etdiklərindən, qurbanın real şəxsiyyəti əksər hallarda onlar üçün anonim qaldığından və ya onunla real həyatda qarşılaşma ehtimalı az olduğundan seksual zorakılıq və təcavüz xarakterli düşüncə, istək və meyllərini daha asan şəkildə, heç bir məhdudiyyət olmadan paylaşa bilirlər ki, bu da öz növbəsində qurbanın daha ağır psixi travma alma ehtimalını yüksəldə bilər. Halbuki belə insanların altşüurunda seksual təzyiqə və zorakılığa meyllər hər zaman mövcud olsa da real həyatda qanun qarşısında cinayət məsuliyyəti və ictimai qınaq qorxusu səbəbindən bu qəbildən olan sosial davranış formalarına əl atmaqdan çəkinirlər. Virtual seksual təzyiq qurbanını seçən və digər kibercinayətkarların da bura aktiv cəlb olunmasına əlverişli şərait yaradan əsas cinayətkar adətən öz qurbanı ilə real həyatda ünsiyyətdə olur, yəni onlar məsələn, birlikdə təhsil ala, hər hansı bir sahədə fəaliyyət göstərə və ya qonşuluqla yaşaya bilərlər. Halbuki real həyatda fiziki seksual təzyiqi və zoraklığı gerçəkləşdirən cinayətkarlar öz qurbanlarını adətən şəxsən tanımadıqları, əvvəllər heç ünsiyyətdə olmadıqları insanlar arasından seçirlər. Bu mənada virtual məkanda saxta, adətən heç bir təhlükə vəd etməyən, bir çox hallarda isə əksinə özlərinə qarşı inam yaradan adlarlardan istifadəni kibercinayətkarların öz qurbanını daha asanlıqla ələ keçirmək üçün yararlandıqları üstünlük kimi də qiymətləndirmək olar.
Real seksual təzyiq və zorakılıqda olduğu kimi virtual seksual cinayət xarakterli davranışlarda da cinayətkarlar adətən kişilər, qurbanlar isə adətən qadınlar olur. Cinayətkarlar və qurbanlar arasındakı belə gender bölgüsünün biologiya, nevrologiya, psixatriya kimi elmlərin timsalında təbii elmi izahatı mövcuddur. Belə ki, orta statistik kişi beynində seksual istək və aqressiv davranış aktlarını idarə edən pay mərkəzlərinin həcmi orta statistik qadın beyninin müvafiq sahələri ilə müqayisədə dəfələrlə böyükdür. Bu məsələn, orta statistik bir kişinin gün ərzində qadınlar ilə bağlı təqribən 5-6 dəfə seksual fantaziya qurması ilə nəticələnir, halbuki qadınlar gün ərzində ən yaxşı halda 1-2 dəfə bu qəbildən olan fantaziyalar qura bilərlər, bəzi günlər isə heç bir fantaziya qura bilmirlər. Seksual istək və aqressiv davranış meylləri isə insan psixikasında heç bir zaman yox olmur, sadəcə olaraq hüquq müstəvində cinayət məsuliyyəti və ya sosial müstəvidə ictimai qınaq yarada biləcəyi bütün hallarda insanın özünün təhlükəsizliyi məqsədilə avtomatik olaraq insanın altşüuruna sıxışdırılır. Təhlükə yaradan bütün şərtlər aradan qalxarkən, məsələn, cəmiyyətdə qanunlar öz işləmə mexanizmini itirərək cəzasızlıq şəraiti yaradarkən, belə meyl və istəklər dərhal üzə çıxmağa başlayır, nəticədə belə insanın seksual xarakterli cinayət törətmək ehtimalı yüksəlir. Virtual məkan isə özünün bir çox cəhətləri etibarilə məhz belə xarakterli kibercinayətlər törətmək üçün əlverişli məkana çevrilə bilər. Bu səbəbdən həm bütövlükdə cəmiyyət, həm də ayrılıqda hər bir insan seksual zəmində baş verə biləcək bütün kibercinayətkarlıq formalarını öncədən aşkar etməli, əvvəlcədən onlara qarşı önləyici tədbirlər görməlidir.
Həmsöhbət oldu: Kənan Novruzov
Qeyd: Bu yazının əsas hissəsi 11 avqust 2020-ci il tarixində “Şərq” qəzetində bir qədər fərqli başlıq altında dərc edilib.