Kibercinayətlıq: Virtual Seksual Zorakılıq

Kibercinayətkarlıq özünün həm təsir göstərmə mexanizmləri, həm də törədə biləcəyi psixoloji tramvalar, maddi zərər, təhlükə riski və s. etibarilə çox mürəkkəb fenomen olub yaşadığımız müasir qlobal sivilizasiyasının yüksək texnoloji inkişafının zərərli yan təsir effekti kimi meydana çıxır. Symantec Korporasiyası tərəfindən 2013-cü ildə hazırlanmış kibercinayətkarlıqla bağlı hesabatda dünya üzrə İnternetdən istifadə edən yetkin insanların 50%-nin kibercinayətkarlıqla və ya digər neqativ onlayn vəziyyətlərlə üzləşməsi artıq müəyyən edilib. Azərbaycanda bu qəbildən olan cinayətkarlığın bəzi formalarına qarşı mübarizə aparılsa da, müəyyən müzakirə və maraafləndirmə tədbirləri həyata keçirilsə də kibercinayətkarlığın xüsusi bir forması olan “Virtual seksual zorakılıqadlı virtual cinayətkarlıq lazımi qədər diqqət mərkəzinə gətirilmir, halbuki bu şəxsi həyatın toxunulmazlığı və psixoloji sağlamlığın qorunması müstəvisində xüsusilə təhlükə yaradan kibercinayət növüdür. 





Virtual seksual təzyiq (bəzən bu virtual davranışın daha ağır formasını virtual seksual təcavüz də adlandırırlar) ilk dəfə hələ 1993-cü ildə amerikalı jurnalist Culian Dibbel tərəfindən internet vastəsi ilə bir neçə insanın eyni zamanda daxil olub virtual ünsiyyət qura bildiyi LambdaMOO adlı sosial şəbəkədə reallaşan seksual təzyiq və təqib xarakterli davranışları xarakterizə etmək məqsədilə diqqət mərkəzinə gətirilmişdir. 2007-ci ildə isə Belçika Federal Polisi İkinci Həyat (Second Life) adlı virtual gerçəklikdə reallaşan seksual zorakılıq zəminində baş vermiş kibercinayət hadisəsini araşdırmağa başlamışdır. 2010-cu illərdə virtual seksual təzyiqin reallaşdığı virtual dünya və sosial şəbəkələrin sayı çoxalmış, həm də belə virtual davranışa əl atan insanların sayında artım qeydə alınmışdır. Azərbaycanda əsasən facebook, instagram kimi sosial şəbəkə və virtual ünsiyyət məkanları populyar olduğundan virtual seksual təzyiq xarakterli davranış nümunələrinə burada da rast gəlmək mümkündür.





Seksual təzyiq və seksual zorakılıq tarixən bütün cəmiyyətlərdə müşahidə edilib və indi də müşahidə edilir. Müasir qlobal sivilizasiyada texnologiyanın yüksək inkişafı sadəcə olaraq bu cinayətin yeni bir forması kimi virtual seksual təzyiq və zorakılığın meydana çıxmasını şərtləndirib. Həm real, həm də virtual xarakterli belə cinayətlərin meydana çıxmasını şərtləndirən psixi səbəblər oxşar olsa da reallaşma məkanının fərqli olması səbəbindən virtual seksual seksual təzyiqin özünəməxsus cəhətləri mövcuddur. Əgər real fiziki və verbal seksual təzyiq zamanı cinayətkar əsasən öz qurbanını qorxudaraq öz iradəsinə tabe etmək istəyindən çıxış edirsə, virtual seksual təzyiq zamanı əsas istək öz qurbanını gizli seksual xarakterli ehyamlar vasitəsilə utandıraraq psixoloji cəhətdən çətin vəziyyətə salaraq öz iradəsinə tabe etməkdir. Burada virtual ünsiyyət zamanı şəxsi xarakterli informasiyaların gizli və məqsədli şəkildə toplanılıb daha sonra əlavə təzyiq vasitəsi kimi öz qurbanına qarşı istifadə edilməsi, bu məlumatların virtual məkanda açıq şəkildə ictimai müzakirəyə çıxarılması da istisna deyil. Bu zaman artıq virtual seksual təzyiq bir deyil, belə davranışa meylli bir neçə virtual şəbəkə istifadəçisi tərəfindən reallaşa bilər, çünki ictimai müzakirəyə çıxarılan şəxsi xarakterli məlumatların şərh edilməsi, rəy bildirilməsi praktik cəhətdən mümkündür. Virtual seksual təzyiqə meylli iştirakçılar isə virtual şəbəkənin yaratdığı bu imkandan sui istifadə edərək cinayət qurbanını şəxsən tanımadan ona çox ağır psixi travma yarada biləcək şərh və rəylər paylaşa bilərlər. Həm də nəzərə almaq lazımdır ki, virtual seksual təzyiqə meylli şəbəkə iştirakçıları bir sıra hallarda saxta istifadəçi adlarından istifadə etdiklərindən, qurbanın real şəxsiyyəti əksər hallarda onlar üçün anonim qaldığından və ya onunla real həyatda qarşılaşma ehtimalı az olduğundan seksual zorakılıq və təcavüz xarakterli düşüncə, istək və meyllərini daha asan şəkildə, heç bir məhdudiyyət olmadan paylaşa bilirlər ki, bu da öz növbəsində qurbanın daha ağır psixi travma alma ehtimalını yüksəldə bilər. Halbuki belə insanların altşüurunda seksual təzyiqə və zorakılığa meyllər hər zaman mövcud olsa da real həyatda qanun qarşısında cinayət məsuliyyəti və ictimai qınaq qorxusu səbəbindən bu qəbildən olan sosial davranış formalarına əl atmaqdan çəkinirlər. Virtual seksual təzyiq qurbanını seçən və digər kibercinayətkarların da bura aktiv cəlb olunmasına əlverişli şərait yaradan əsas cinayətkar adətən öz qurbanı ilə real həyatda ünsiyyətdə olur, yəni onlar məsələn, birlikdə təhsil ala, hər hansı bir sahədə fəaliyyət göstərə və ya qonşuluqla yaşaya bilərlər. Halbuki real həyatda fiziki seksual təzyiqi və zoraklığı gerçəkləşdirən cinayətkarlar öz qurbanlarını adətən şəxsən tanımadıqları, əvvəllər heç ünsiyyətdə olmadıqları insanlar arasından seçirlər. Bu mənada virtual məkanda saxta, adətən heç bir təhlükə vəd etməyən, bir çox hallarda isə əksinə özlərinə qarşı inam yaradan adlarlardan istifadəni kibercinayətkarların öz qurbanını daha asanlıqla ələ keçirmək üçün yararlandıqları üstünlük kimi də qiymətləndirmək olar.





Real seksual təzyiq və zorakılıqda olduğu kimi virtual seksual cinayət xarakterli davranışlarda da cinayətkarlar adətən kişilər, qurbanlar isə adətən qadınlar olur. Cinayətkarlar və qurbanlar arasındakı belə gender bölgüsünün biologiya, nevrologiya, psixatriya kimi elmlərin timsalında təbii elmi izahatı mövcuddur. Belə ki, orta statistik kişi beynində seksual istək  və aqressiv davranış aktlarını idarə edən pay mərkəzlərinin həcmi orta statistik qadın beyninin müvafiq sahələri ilə müqayisədə dəfələrlə böyükdür. Bu məsələn, orta statistik bir kişinin gün ərzində qadınlar ilə bağlı təqribən 5-6 dəfə seksual fantaziya qurması ilə nəticələnir, halbuki qadınlar gün ərzində ən yaxşı halda 1-2 dəfə bu qəbildən olan fantaziyalar qura bilərlər, bəzi günlər isə heç bir fantaziya qura bilmirlər. Seksual istək və aqressiv davranış meylləri isə insan psixikasında heç bir zaman yox olmur, sadəcə olaraq hüquq müstəvində cinayət məsuliyyəti və ya sosial müstəvidə ictimai qınaq yarada biləcəyi bütün hallarda insanın özünün təhlükəsizliyi məqsədilə avtomatik olaraq insanın altşüuruna sıxışdırılır. Təhlükə yaradan bütün şərtlər aradan qalxarkən, məsələn, cəmiyyətdə qanunlar öz işləmə mexanizmini itirərək cəzasızlıq şəraiti yaradarkən, belə meyl və istəklər dərhal üzə çıxmağa başlayır, nəticədə belə insanın seksual xarakterli cinayət törətmək ehtimalı yüksəlir. Virtual məkan isə özünün bir çox cəhətləri etibarilə məhz belə xarakterli kibercinayətlər törətmək üçün əlverişli məkana çevrilə bilər. Bu səbəbdən həm bütövlükdə cəmiyyət, həm də ayrılıqda hər bir insan seksual zəmində baş verə biləcək bütün kibercinayətkarlıq formalarını öncədən aşkar etməli, əvvəlcədən onlara qarşı önləyici tədbirlər görməlidir.





Həmsöhbət oldu: Kənan Novruzov





Qeyd: Bu yazının əsas hissəsi 11 avqust 2020-ci il tarixində “Şərq” qəzetində bir qədər fərqli başlıq altında dərc edilib.





 •  0 comments  •  flag
Share on Twitter
Published on August 11, 2020 08:11
No comments have been added yet.