Yoqa-Buddist fəlsəfəsinə əsasən orucluq praktikası necə həyata keçirilir?
Oruc praktikası yalnız islamda (ibrahim dinlərində) mövcud deyil. Tarixi eramızdan əvvəllərə gedib çıxan yoqa-buddist fəlsəfəsində bu praktika elmi-tibbi baxımdan insanın vücud və əqlinin tələblərinə daha adekvat şəkildə formalaşıb. Qısa şəkildə müqayisələr aparaq:
(1) Yoqa-buddist fəlsəfəsində orucluq individual praktikadır: hamı eyni zamanda oruc tutmur, individual olaraq ildə 1-2 dəfə daha əlverişli zamanı (məs. işlərinin və ya dərslərinin daha az olduğu) müəyyənləşdirirlər.
(2) Yoqa-buddist fəlsəfəsində hamı eyni zaman müddətində oruc tutmur, hər kəs individual olaraq öz vücudunun dayanıqlığını nəzərə alır. Məqsəd vücudu daha sağlam etməkdir, ona ziyan vurmaq olmaz. Bəziləri üçün bu bir neçə gün, digərləri üçün bir neçə həftə, bəzən aydan daha artıq ola bilər.
(3) Yoqa-buddist fəlsəfəsində dərhal oruc praktikasına başlamazlar, yəni bir gün qabaq normal qidalanıb, sonra dərhal (qismən) aclığa keçid almazlar. Tədricən bir neçə gün müddətində qida qəbulunun miqdarını azaldar, oruc praktikasına başlayar və bir neçə günə tədricən qida normasına qayıdarlar.
(4) Yoqa-buddist fəlsəfəsində oruc gün çıxandan gün batana kimi ac qalmaq deyil. İslamda olduğu kimi hətta 1 dəq. əvvəl orucu pozdum deyə düşüncə yoxdur. Əsas müəyyən zamanda ac qalmaq deyil, əsas olan qidanın miqdarında və tərkibindədir. Tamamən meyvə və tərəvəzdən ibarət qidanı oruc praktikası zamanı normal şəkildə səhər, günorta və axşam qəbul edərlər. Sudan imtina isə ümumən ağlasığmazdır. Gün batandan gün çıxana kimi hər cür şəkildə mədəni qida ilə yükləməzlər.
(5) Buddist-yoqa fəlsəfəsində orucun tutmağın ibadət, mənəvi dözüm, empatiya duyğusunun inkişaf etdirilməsi (ac insanların hansı durumda olması) kimi düşüncələr ilə heç bir əlaqəsi yoxdur. Əsas məqsəd daha sağlam vücuda sahib olmaqdır. Beləliklə, Ayın görünüb-görünməməsi, gündəlik orucluq praktikasının bir neçə gec-tez başlanması (iftar və imsak vaxtları), onu və ya bunu etsəm orucum pozularmı-pozulmazmı deyə mənəvi-ruhi tərəddüdlər və bu qəbildən olan zahiri əlamətlər buddist-yoqa oruc praktikasında ümumiyyətlə mövcud deyil. Tibbi baxımdan daha bir vacib şərt — əsas müəyyən zaman kəsimində məhz qidanın tərkibinin və miqdarının azaldılması və beləliklə, insanın vücudunun və ağlının yeni sistemə öyrədilməsi deyil, bu zaman həm də vacib şərt “Enema” üsulu ilə insan vücudunun bir hissəsinin (yoğun bağırsaq sisteminin) normal qidalanma zamanı orada yığılıb qalmış olan müxtəlif “çöküntülərdən” təmizlənməsidir.