Xalis zəka və analitik fikir

Müasir global sivilizasiyada bir sərbəst düşüncə böhranı müşahidə edilməkdədir. İstənilən sərbəst düşünmə cəhdlərinin qarşısı irəli sürülən fikirlərin faktlarla əsaslandırılması tələbi ilə kəsilir, beləcə insanın sürü psixologiyasına qarşı çıxma imkanları azalır. Fikirlərin faktlar ilə əsaslandırılması fikrin doğru olması üçün yetərlidir, amma zəruri deyil. Başqa sözlə, faktlar ilə birbaşa olaraq əsaslandırmadan da fikrin doğru olduğunu əsaslandırmaq mümkündür. Məsələn, X hadisəsi özündə x, y, z, a, b, c əlamətlərini daşıyır. Bu artıq əsaslandırılmış olan arqumentin nəticəsini özündə əks etdirən 1-ci fikirdir. Y hadisəsi özündə x, y, z, a, b əlamətlərini əks etdirir. Bu isə artıq əsaslandırılmış olan digər arqumentin nəticəsini özündə əks etdirən 2-ci fikirdir. 1-ci və 2-ci fikirləri nəzərə alaraq, Y hadisəsinin 2.ci fikirdə öz əksini tapmayan c əlamətinə malik olduğuna dair növbəti arqument quraraq 3-cü fikri irəli sürmək olmazmı? Məntiqi cəhətdən bu mümkündür. Analogiya əsasında Y hadisəsinin c əlamətinə malik olmasına dair fikrinin doğru ola bilməsi ehtimalını əsaslandırmaq mümkündür. Şübhəsiz ki, qurulan analogiyadan çıxan nəticənin yalan olma ehtimalı hər zaman mümkündür, amma məsələn, hər iki hadisədə təkrarlanan oxşar əlamətlərin sayı çox olarsa, bu əlamətlər mühüm əlamətlər olarsa və s., onda analogiyadan çıxan nəticənin doğru ola bilmə ehtimalı artmış olur. Sonuncu 3-cü fikri əsaslandırmaq üçün mən empirik faktlardan istifadə etdimmi? Xeyr. Mən sadəcə xalis zəkadan istifadə edərək məntiqi yolla 3-cü fikri əsaslandırdım. Burada empirik faktlardan istifadə dolayı şəkildə arqumentasiya prosesinə daxil olur. Məsələn, 1-ci və 2-ci fikirlərdə X və Y-in hansı əlamətlərə malik olmasını ola bilsin ki, empirik faktlarla təstiq etmiş, bu fikirlər əsasında 3-cü fikri irəli sürərkən həmin faktlardan da dolayı şəkildə istifadə etmiş (və ya nəzərdə tutmuş) oluram. Amma istənilən halda insanın xalis zəka vasitəsilə əsaslandıra biləcəyi və ya xalis zəkadan başqa yolla əsaslandırılması mümkün olması doğru fikirlər (bilik) mövcuddur. Bu qəbildən olan fikirləri “analitik fikirlər” adlandıra bilərik.

 •  0 comments  •  flag
Share on Twitter
Published on December 03, 2021 11:47
No comments have been added yet.