Fəlsəfə, qadın və sevgi barəsində …
Qərb coğrafiyası üçün az saylı qadın filosofların arasında bütün dövrlər üçün ən məşhur ad Hypatia (4-5-ci əsrlər) hesab oluna bilər. Atası Theon kimi riyaziyyat və fəlsəfə ilə məşğul olan Hypatia bilik və düşüncələrində atasını da qabaqlamış, zahirən gözəl görünüşə malik olmuş, amma buna rəğmən ömrünün sonuna kimi seksual xarakterli heç bir ünsiyyət yaratmamışdır. Tarixçilər onun qəlbini ələ almaq məqsədilə onun mühazirələrində iştirak edən gəncin istəklərinə Hypatia’ın musiqi alətində ifa etməklə qarşılıq verdiyini yazır. Bununla o, gəncin ehtirasını aradan qaldırıb diqqətini özünün düşüncələrinin gözəlliyinə yönəltməyə cəhd edirmiş. Amma öz seksual istəklərindən əl çəkməkdən imtina edən gəncə “sən seksual münasibətlərin gözəlliyini sevirsən, amma gözəlliyin özünü sevmirsən” deyə rədd cavabı verib. Əslində Hypatia’ın gözəllik barəsindəki düşüncələri Platonun ideyalar və dünyəvi həyatda bu ideyaların təzahürü fəlsəfəsinə gedib çıxırdı; Hypatia özü də neoplatonist idi. Yəni əsl həqiqət ideyada gizlənib və bu həqiqət dəyişməzdir. Dəyişən bu ideyanın konkret situasiyalarda təzahür formasıdır, məsələn, gözəllik ideyası dəyişməzdir, amma gözəl qadın, gözəl şeir, gözəl nə isə insandan insana zamandan zamana məkandan məkana dəyişə bilər. Dərin fəlsəfədir, mistik xarakterləri ola bilər, bir sözlə adi dünyəvi insanın düşüncə tərzinə görə deyil. Halbuki Hypatia ona sevgisini ifadə edən bir gənc ilə onun başa düşmədiyi dildə danışır, ondan onun başa düşmədiyi bir şeyi istəyir. Qadının intellekti onun cazibəsini artırsa da görünür həddindən artıq abstrakt intellektual düşüncə tərzinə yüklənən qadın əksinə bütün cazibə qüvvəsindən məhrum olur, qadın kimi bütün maraqlar dünyasından kənarda qalır. Bilik və fəlsəfə isə düşünmək üçün maraqlı ola bilər, amma yaşamaq üçün effektiv olmaya bilər. Elə Hypatia’ın özünün də həyatının sonu faciə ilə yekunlaşıb. Dini dünyagörüşü etbarilə bütpərəst olan Hypatia xristianlar siyasi hakimiyyəti ələ keçirdikdən sonra onlar tərəfindən 45 və ya 65 yaşlarında (doğum tarixinin müxtəlif olması səbəbindən) daş-qalaq edilərək öldürülmüşdür.


