Lilit: Kainatda ilk qısqanc qadın qüvvə. Adəm-Şeytan ziddiyyətinin kökü

İbrahim dinlərinin mifologiyasının ana xəttini Şeytanın Adəm övladının düşməni olması, onu yoldan çıxarmağa, günah işlətməyə sövq etməsi dayanır. Bu xəttin üzərində İbrahim dinlərində Xeyir/Allah ilə Şərin/Şeytanın mübarizəsi (metafizik dualizm), insanın öz nəfsi ilə mübarizəsi və s. qurulur. Əslində hər cür ən mürəkkəb və mücərrəd metafizik konstruksiyaların kökü əksər hallarda belə sadə dini-mifoloji inanclara gedib çıxır. Bu qəbildən olan inanclar Şeytanın Adəm övladına olan kininin, düşmənçiliyinin səbəbi kimi adətən yaradılışdan sonra Allahın bütün mələklərə Adəmə səcdə etməsini əmr etməsi, yalnız özünün oddan xəlq edildiyini əsas gətirərək Şeytanın torpaqdan yaradılmış Adəmə səcdə etməkdən imtina edərək Allahın əmrinə qarşı çıxmasını göstərir. (Yeri gəlmişkən bu mənada Şeytan kainatda ilk alternativ düşüncənin sahibi, fikrini arqumentləşdirən ilk aqnostik sayıla bilər. )





Amma İbrahim dinlərinin əsasında dayanan dini-mifoloji görüşlərin kökünü bu dinlərin meydana çıxmasından daha öncə mövcud olmuş semit (yəhudi-ərəb) inanc sistemində axtarıb tapmaq mümkündür. (Axırıncı inanc sistemi isə öz başlanğıcını tarixin daha qədim dövrlərində mövcud olmuş Mesopotamiya, Misir və s. kimi qədim sivilizasiyaların müvafiq inanc sistemlərindən götürür.) Sadəcə olaraq İbrahim dinləri ilkin semit inanc sisteminin hamısını öz tərkibinə daxil etmədiyindən bir çox hallarda nisbətən natamam bir dini-mifoloji mənzərə formalaşdırır. Bu isə öz növbəsində bir sıra məntiqi uyğunsuzluğun yaranmasına səbəb olur. Məsələn, İbrahim dinlərinə əsasən əgər Adəm yer üzündə yaradılan ilk insandırsa (kişidirsə), Həvva isə yaradılan ilk qadındırsa, o zaman insan nəslinin davamı üçün ikinci nəsildə artıq qardaş və bacılar (Adəm ilə Həvvanın övladları) seksual əlaqəyə daxil olmalı və üçüncü nəsil insan övladlarına başlanğıc verməli idilər. Bu məntiqsiz, eləcə də (müasir) əxlaqa zidd uyğunsuzluqdan xilas olmaq üçün İbrahim dinləri çərçivəsində müxtəlif spekulyasiyalara cəhd edilsə də, məsələn, ilkin dövrdə əxlaq kodeksləri müasir əxlaq kodekslərindən fərqli idi, Adəm övladları öz bacıları (qardaşları) ilə deyil səmadan endirilən mələklər ilə seksual əlaqəyə daxil olmuş, növbəti nəsil üçün insan artımına başlanğıc vermişlər və s., hər halda məntiqi ziddiyyətdən tamamilə xilas olmaq mümkün deyildir. Məsələn, hansı səbəbdən Allah bütün incəlikləri nəzərə alarkən əxlaq kodeksləri arasında bu qədər ziddiyyət yaratmışdır, insan övladının “genetik” informasiya sistemində qeyri-insani başlanğıcın (mələk) özünə yer alması niyə müqəddəs kitablarda (məsələn, Quranda) açıq şəkildə özünə yer almayıb və s.





Amma ənənəvi yəhudi mifologiyasında daha mərkəzi mistik fiqur da mövcuddur — Lilit (ali şeytani-qadın, Şeytanın 4 qadınlarından biri və birincisi). Ərəb düşüncəsində (hədislərdə) və Quranda bu ada rast gəlinməsə də yəhudi dini dünyagörüşündə və yəhudi mistisizmində (Kabbalah) bu ada rast gəlmək mümkündür. İbrahim dinlərinin əsas personajlarının əksəriyyəti kimi ali şeytani-qadın fiqur da daha erkən Yaxın və Orta Şərq sivilizasiyalarının (Şumer, Akkad, Babil) dini-mifoloji dünyagörüşündən götürülüb. Yəhudi mifologiyasına görə Adəm torpaqdan yaradılmış yeganə insan deyil və onun qabırğasından yaradılan Həvva da onun birinci qadını deyil. Allah Adəmi torpaqdan yaratdıqdan sonra onun tənha olmaması üçün eyni yol ilə torpaqdan ona qadın yaradır və onu Lilit adlandırır. Amma Lilit hər ikisinin eyni şəkildə yaradıldığını əsas gətirərək Adəmə tabe olmaqdan imtina edir və Cənnəti tərk edir. (Bu mənada Lilit kainatda ilk feminist hesab oluna bilər. ) Daha sonrakı yaradılışda artıq Allah Adəm üçün onun ikinci qadınını onun qabırğasından yaradır və onu Həvva adlandırır. Amma mifologiyada və mistisizmdə Lilitin Həvvanı qısqanması və məhz onun ilan cildinə girərək əvvəlcə Həvvanı və onun vasitəsilə Adəmi qadağan olunmuş meyvədən yeməyə təhrik edir. (Bu mənada Lilit həm də kainatda ilk qısqanc qadın qüvvədir. ) Adəmi və Cənnəti tərk edən Lilit Şeytan ilə birləşir, onun qadını olur və beləliklə, Adəm ilə Şeytan arasındakı barışmaz ziddiyyətin kökündə həm də qadın dayanır. Lilit sözü qədim yəhudi dilindən tərcümədə “gecə cadugəri” anlamına gəlir, ərəbcədən Layl (Leyla) sözü ilə eyni mənşəlidir — hər iki söz “gecə” anlamını verən L-Y-L qədim semit söz kökünə malikdir. Qədim yunan mifologiyasında isə Lilit adı Lamia (Lamiyə) kimi işlənir.









 •  0 comments  •  flag
Share on Twitter
Published on June 14, 2020 09:19
No comments have been added yet.