Ezoterik fəlsəfədə insanın yaşaya biləcəyi sevgi iki pilləyə ayrılır. Birincisi, Eros (romantik sevgi) olub qarşı tərəfin vücudunun gözəlliyinə olan bağlılıq, buradan alınan həzz və ehtiras üzərində qurulur. İnsanın sevgi hissləri vücuddan başlayar və vücudların təmasına can atar. Amma bu insanın yaşaya biləcəyi sevgi hisslərinin primitiv formasıdır, insanı kamilləşdirməz, inkişaf etdirməz. İnkişaf və kamillik vücudların təmasından ruhların təmasına yüksəlməkdir. İnsan qarşı tərəfin vücudunun gözəlliyi üzərində yaşadığı sevgi hisslərindən tədricən bu vücudun içərisində gizlin qalan ruhun gözəlliyinə olan sevgi hisslərinə doğru yüksəlir. Bu artıq vücudların təması deyil, ruhların təması, qovuşması üzərində qurulur. Bu zaman insanın ruhu qarşı tərəfin ruhu ilə qovuşması əsasında insanın öz varlığı tamamlanar, bütövləşər, gözəllik və sevgi anlayışlarının özünə, özünün və ətrafda var olan hər şeyin əsasında duran həqiqətə yaxınlaşmış olur. Ezoterik fəlsəfədə bunu Platonik sevgi adlandırırlar. Platonik sevgi yaşamamış insanın varlığı natamam və qeyri-kamil hesab olunur.
Published on January 27, 2020 07:48