Neyro-fəlsəfə barəsində daha bir neçə qeyd: "olduğun kimi görünmək, göründüyün kimi olmaq" mümkündürmü, "rəng effekti metafizikası" nədir və s.

Neyro-fəlsəfi yanaşmada “olduğun kimi görünmək, göründüyün kimi olmaq” sadəcə mümkün deyil. Ənənəvi düşüncənin əksinə olaraq insan heç kim olduğunu bilmir. İnsan neyronlar arasında ötürülən informasiyanın 3-10%-dən xəbərdar ola bilir, 90-97% informasiya ilə altşüurda gizlənmiş olur. Bu mənada insanı onun özündən daha yaxşı onun beynini monitorda vizual müşahidə edən mütəxəsis-alim daha yaxşı tanıya bilər. Beynin pay mərkəzləri üzrə bölgüsü, konkret hansısa istiqamətdə düşünərkən, qərar qəbul edərkən, emosional hallar yaşayarkən beynində xüsusilə aktivləşən neyro-dinamik fəallıq insanın görünməyən iç dünyası barədə daha mötəbər nəticələri ehtimal etməyə imkan verir. Əks istiqamətdə insanın olduğu kimi görünməyi də normal deyil, abnormal psixoloji durumun göstəricisidir. Ön beyin qabığı insan beynində yaranan istəkləri, instinktiv meylləri olduğu kimi cəmiyyətə ötürməzdən əvvəl onları senzuradan keçirir, sosial mühit tərəfindən xoş qarşılanları ora ötürür, pis qarşılanları isə əksinə gizlədir və ya “maskalayır.” Bu insanın sosial mühitə adaptasiya olunmaq, sağ qalmaq və həyatdan zövq almaq kimi fundamental meyllərinin əsasında duran əsas prinsiplərdən biridir.





Nevrologiyanın fəlsəfəsində şüur fenomeninin neyro-dinamik aktivlik əsasında izahının mümkünlüyünə skeptik yanaşan arqumentlər həm də duyğu orqanları vasitəsilə informasiya əsasında insan beynində toplanan hər hansı təcrübələrin keyfiyyət fərqləri üzərində qurulur. Bu mənada ən geniş yayılmış nümunə vizual hissiyyatın rəng fərqləridir. Bir çox filosofların fikrincə, eyni neyrofizioloji beyin quruluşan malik olan iki insanda nəzəri cəhətdən həyəcan siqnalı və pomidorun rəng effekti otun və qurbağanın rəng effektinə, və əksinə, keçid edə bilər. Bu səbəbdən fəlsəfi debatlar beynin rəng effekti təcrübəsi yaşamasından başqa həm də rəngin özünün reallıqda mövcud olub olmaması (“rəng effekti metafizikası”) üzərində qurulur. Amma nevrologiya elmi aspektindən yanaşsaq, eyni neyrofizioloji quruluşa malik insanların fərqli rəng effekti yaşamaları ehtimalı çox azdır (və ya ümumiyyətlə mümkün deyil.) Başqa sözlə, müxtəlif neyrofizioloji quruluş (və ya funksional cəhətdən hər hansı neyrofizioloji quruluşu əvəzləyən bir fiziki sistemin, məsələn, humanoid robotun “beyninin” sxematik quruluşu) eyni rəng effekti yarada bilər, amma bunun əksi mümkün deyil, yəni eyni quruluş fərqli effekt yarada bilməz. Bu mənada artıq 70-ci illərdən etibarən nevrologiyanın fəlsəfəsində süni intellektin müxtəlif psixi durum effekti, məsələn, ağrı effekti yaşaya bilməsi üzərində eksperimental fəlsəfə çərçivəsində məntiqi konstruksiyalar qurulur.

 •  0 comments  •  flag
Share on Twitter
Published on January 27, 2020 22:54
No comments have been added yet.