Fəlsəfə anlayışının etimologiyası. Filosof=Peyğəmbər və Müdriklik=Müqəddəs Ruh=Tanrı

Qədim Yunanıstanda “fəlsəfə” (“philosophy“) sözünün mənası haqqında qısa şəkildə bir məlumat paylaşmaq göründüyü qədər asan deyil. Müasir linqvistikada bu söz etimoloji cəhətdən sadəcə olaraq “müdrikliyi sevmək” şəklində təqdim edilərək onun ilkin mənasını əsaslı şəkildə dəyişdirir.

Philosophy” sözünün qədim yunan sivilizasiyasında daşıdığı mənanı anlamaq üçün ilk öncə sözün tərkibinə daxil olan ikinci sözün (sophia) mənasını izah etmək lazımdır. Sophia sözü “müdriklik” kimi tərcümə oluna bilər, amma bu “müdriklik” bu gün bizim anladığımızdan fərqli məzmun kəsb edir. Sophia (müdriklik) qədim yunan qavrayışında müəyyən bir reallıqdır, amma bu bizim materialist fəlsəfədə qavradığımız və elm fəlsəfəsində input siqnallar vasitəsilə haqqında beynimizə informasiya daxil olan “dünyəvi mövcudluq” (mundane existence) ilə eyni şey deyil. Sophia-nın qədim yunan, xristian və yəhudiliyə məxsus müxtəlif ezoterik fəlsəfi sistemlərdə olan interpretasiyalarını bir kənara qoysaq və məzmununu bir cümlə ilə ifadə etmək istəsək, onda onu belə təyin edə bilərik: “Sophia əbədi, sonsuz, formasız, dəyişilməyən, hər şeyin, o cümlədən sonlu və dəyişkən kainatın əsasında duran ən son reallıqdır (ultimate reality), hər oradan başlanğıc götürür və ora da qayıdır.” Məhdud və qeyri-kamil insan zəkası/ intellekti tərəfindən dərk olunması qeyri-mümkün olduğundan Sophianı yalnız öyrənməyə çalışmaq, onunla maraqlanmaq mümkündür. Nəticədə Sophia-nı sevmək, Sophia-ya maraq göstərmək, yəni Philosophy meydana çıxır.

Philosophy sözünü ilk dəfə Pifaqor işlətsə də, hər halda belə güman olunsa da, bu sözün geniş yayılması Platonun fikirləri ilə bağlıdır. Xüsusilə onun Phaedo Apology əsərlərində Philosophy yalnız bir fikir sahəsi kimi deyil, həm də həyat tərzi kimi çıxış edir. Məsələn,

1) Filosoflar dünyəvi nemətlərdən (var-dövlət, şöhrətpərəstlik, komfort və s.) uzaq durmalıdır;

2) Özünü birmənalı olaraq həqiqətə və müdrikliyə həsr etməlidir;

3) Əksəriyyətin qəbul etdiyinə (“common wisdom“) qarşı getməyi bacarmalıdır, belə cəsarətə malik olmalıdır;

4) İntellektual cəhətdən təvazökar olmalıdır və s.

Əgər belə demək mümkündürsə, qədim yunan qavrayışında filosoflar daha sonralar xristianlıq və islamda mövcud olan peyğəmbərlər obrazlarının prototipidir.

Eyni zamanda Sophia xristianlıqda Tanrı obrazının “prototipidir”. Əslində Sophia-nın atributları ilə İslamda Tanrı obrazının əlamətləri tam şəkildə eynidir, sadəcə olaraq Tanrı əlavə olaraq yaradıcıdır, bağışlayandır, cəza verəndir, başqa sözlə Sophia-dan fərqli olaraq burada Tanrı həm də “hərəkət” (“action“) atributlarına malikdir. Amma məsələn, Sophia-ya qovuşmaq və islam mistisizmində (sufizmdə) Tanrıya qovuşmaq maraq kəsb edən amillərdəndir.

Əgər Sophia ilə xristianlıqdakı Tanrı obrazının üzərinə qayıtsaq, bir sıra xristian mistikləri və erkən xristian kilsə teoloqları Sophia ilə Tanrının bir aspekti olan Müqəddəs Ruhu (Holy Spirit) eyniləşdirirlər. Bildiyimiz kimi, xristianlıqda Tanrı “Üçlük” (“Trinity“) şəklində – Müqəddəs Ruh,  Ata və Oğul (Jesus Christ) olaraq təqdim edilir. Bu “Üçlük”də Müqəddəs Ruh Sophia-nın bütün atributlarını özündə ehtiva edir. Beləliklə, Sophia Müqəddəs Sophia (Holy Sophia) adlandırılır və erkən xristianlığa aid olan dövrdə bu söz yunanca Hagia Sophia şəklində ifadə edilirdi. Hagia Sophianın şərəfinə Konstantinopolda 537-ci ildə eyni adlı kilsə də inşa edilib. Bu gün o, İstanbulda məşhur Hagia Sophia məscidi kimi tanınır.

Yeri gəlmişkən, qeyd etdiyimiz kimi, xristian mistisizmində və erkən kilsə teoloqlarının əsərlərində Oğul (Jesus Christ) də qədim yunan qavrayışında öz əksini tapan Logos ilə eyniyyət təşkil edir. Logos yunancadan bir başa tərcümədə “Mən deyirəm” mənasını verir. Müxtəlif kontekstlərdə “söz”, “nitq”, “əsaslandırma”, “mülahizə” və s. kimi tərcümə edilir. Yeri gəlmişkən Logic (Məntiq) də etimoloji cəhətdən öz başlanğıcını Logosdan götürür. Amma mistisizmdə Müqəddəs Ruhun bakirə Məryəmin bədəninə daxil olub Jesus Christ-ə başlanğıc verməsi sadəcə olaraq Müqəddəs Sophianın (Müqəddəs Sophia=Müqəddəs Ruh) Söz (Logos=Jesus Christ) vasitəsilə ifadəsi və ya çatdırılması kimi interpretasiya edilir. Bu kontekstdə peyğəmbər sadəcə olaraq Sophian-ı digər insanlara nisbətən daha çox dərk etməyə, Sophia-ya daha çox yaxınlaşmağa müvəffəq olmuş, həyat tərzi etibarilə digərlərindən fərqlənmiş  və nəticədə əldə etdiyi təcrübəni digərləri ilə paylaşmağa çalışan adi insan-Philosopher-dir. Məsələn, Buddizmdə bu məsələnin qoyuluşu və buddistlər tərəfindən qəbulu demək olar ki, mübahisə doğurmur. Belə ki, Buddizmin “peyğəmbəri” Qautama Buddha sadəcə olaraq “nurlanmış”, “aydınlanmış” (sanskrit dilində bu “bodhi” adlanır) adi insandır və potensial cəhətdən hər bir insanın daxilində bu potensial gizlənir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 29, 2022 11:05
No comments have been added yet.