Frankiş Qalası

Frankish Tower (Frankiş Qalası) Afina Akropolda yerləşən orta əsrlərə aid qala olub və bir qədər qəribə səslənsə də 19-cu əsrdə yunanların öz “vandalizminin” qurbanı olub. Qala Bizans imperiyasının (Vatikan trəfindən təşkil edilən) Xaç Yürüşləri zamanı işğal edilməsi nəticəsində yaranan kiçik xaçlı dövlətlərindən biri olan Afina Hersoqluğu zamanında tikilmişdir. Dəqiq tikilmə tarixi naməlum olsa da təqribən 14-cü əsrin sonlarına aid edilir. Akropolun qədim giriş qapısı olan Propylaea-nin yanında ondan təqribən 5-6 m hündürlükdə inşa edilmiş möhtəşəm bir qala (hündürlüyü 8.7 m, eni 7.8 m, divarının qalınlığı 1.7 m) olub. Amma Yunanıstan müstəqillik əldə etdikdən sonra Akropolun ilkin görünüşünü bərpa etmək üçün orada orta əsrlərdə inşa edilmiş bütün tikilələrin söküntüsü zamanı 1874-cü ildə 500 ildən daha çox yaşı olan bu qala da sökülmüşdür. İndi bu qalanı yalnız rəsm və fotolardan izləmək mümkündür. Sonralar orta əsrlər Avropa tarixini və mədəniyyətini tədqiq edən alimlərin, tədqiqatçıların bir hissəsi qalanın sökülməsini vandalizm və barbarlıq aktı kimi qiymətləndirmişdilər. İndinin özündə də Akropola səyahət edən zaman qədim giriş qapısını keçdikdən sonra xeyli geniş ərazi, o cümlədən qalanın yeri boşluq içərisindədir. Halbuki, qala qorunub saxlanılsaydı, bu turistlərin həmin məkana səyahətini daha rəngarəng və həyacanverici edə bilərdi.


