Analitik dil və xalis zəka

Ingilis dili analitik dildir: bəzən sadəcə olaraq irəli sürülən fikrin daxili struktutunu analiz edərək qarşı tərəfin əslində nəyi nəzərdə tutduğunu xalis zəka ilə analiz etmək mümkündür. Bu zaman əlavə olaraq emosional duruma və s. diqqət ayırmağa ehtiyac duymursan. Məsələn, “Məntiq çox çətindir” mülahizəsini irəli sürən insanın əslində məntiqin bu çətinliyinin öhdəsindən gəlməyə qadir olub olmadığını xalis zəka vasitəsilə təyin etmək qeyri-mümkündür: bu mülahizəni irəli sürən insan bununla nə demək istəyir – (1) məntiq çox çətindir, amma o, bunun öhdəsindən gəlməyə qadir olduğunu hesab edir, ola bilsin ki, hətta onu sevir, yoxsa (2) məntiq onun intellektual imkanlarından, qavrayışından və s. yüksəkdə dura biləcək qədər çətindir və bu səbəbdən o, məntiqin öhdəsindən gələ bilməcəyini hesab edir. Amma ingilis dilində hər iki hal yalnız bir söz fərqi ilə iki fərqli mülahizə şəklində ifadə edilir:

(1) Logic is VERY difficult;

(2) Logic is TOO difficult.

Analitik fəlsəfə, məntiq və xalis zəka üçün ingilis dili daha ideal və lakonikdir: daha sadə cümlə quruluşu, daha az söz ilə daha mürəkkəb məntiqi, daha dərin analitik mənanı ifadə etmək mümkündür.

Analitik dil və xalis zəka mövzusunun davam etdirirəm. Azərbaycan dilində məsələn, “O, kiməsə hansısa işi gördürdü” mülahizəsini xalis zəka vasitəsilə sadəcə analiz edərək dəqiq nəticə əldə etmək mümkün deyil. Məsələn, (1) o, kiməsə hansısa işi məcburən (zor tətbiq edərək) gördürdü, yoxsa (2) o, kiməsə hansısa işi xahiş edərək (nəzakətlə tələb edərək) gördürdü, yoxsa (3) o, kimisə hansısa işi onu inandıraraq (ona ödəniş edərək) gördürdü – məlum deyil. Amma ingilis dilində hər üç mənanı özündə ifadə edən mülahizələr struktur etibarilə bir-birlərindən fərqlənir:

(1) He MADE someone do something;

(2) He HAD someone do something;

(3) He GOT someone to do something.

Qeyd etdiyim kimi, analitik fəlsəfə, məntiq və xalis zəka üçün ingilis dili daha ideal və lakonikdir: daha sadə cümlə quruluşu, daha az söz ilə daha mürəkkəb məntiqi, daha dərin analitik mənanı ifadə etmək mümkündür.

Analitik dil və xalis zəka mövzusunda daha bir nümunəni nəzərdən keçirək. Təsəvvür edin ki, tələbə seminarda nisbətən daha yüksək bal almaq istəməyini belə arqumentləşdirir: “Mən bütün günü dərs öyrənmişəm“. BÜTÜN  günü, yəni necə? (1) Bütün gün boyu dərs öyrənmişəm, başqa heç bir şeylə məşğul olmamışam, amma arada fasilə vermişəm, kofe içmişəm, nahar etmişəm, gələn zənglərə cavab vermişəm, sosial şəbəkədə yazılanları gözdən keçirmişəm və s. ; yoxsa (2) non-stop rejimdə gün başlayandan gün bitinə qədər dərsdən heç ayrılmamışam.

İngilis dilində hər iki situasiya bir qədər fərqli mülahizə strukturu ilə ifadə edilir:

(1) İ studied ALL day.

(2) İ studied the WHOLE day.

Beləliklə, texniki baxımdan hər iki mülahizə eyni məzmun ifadə etmir.

İndi haqqında yazacağım linqvistik “prinsipi” əslində bizim dilə də tətbiq etmək mümkündür. Amma bizim dildə analitik fəlsəfə və məntiq demək olar ki, yazılmadığından dilin analitik fəlsəfi analizi aparılmayıb. Halbuki, ciddi analitik fəlsəfi və məntiqi əsərlərin yazarkən istifadə əsas təbii dil olan ingilis dilində hər bir sözün cümlədə işlənmə yerinə görə xalis zəka vasitəsilə qarşı tərəfin məqsədini anlamaq mümkündür. Məsələn, aşağıdakı üç oxşar cümləyə nəzər salaq:

(1) Seminara hazır gəl!

(2) Seminara hazır gəl, zəhmət olmasa!

(3) Zəhmət olmasa, seminara hazır gəl!

Bizim qavrayışımızda 1-ci və sonuncu 2 cümlə arasında bir qədər, amma sonuncu 2 cümlə arasında demək olar ki, heç bir məzmun fərqi yoxdur. Məsələn, “Get ready for the seminar, please!” cümləsinin tərcüməsi kimi adətən yuxarıdakı son iki cümlənin hər ikisindən istifadə edilir. Bizim qavrayışımız üçün “please” (“zəhmət olmasa”) sözünün cümlənin əvvəlində və ya sonunda işlənməsinin demək olar ki, fərqi yoxdur. Amma ingilis dilində belə deyil.

1-ci cümlə istənilən şeyin sərt və kobud formada tələb edilməsidir. Məsələn, adi şəraitdə tələbəyə bu şəkildə müraciət etik deyil.

2-ci cümlədə istənilən şeyə qarşı sərt tələb qorunub saxlanılır, amma artıq kobudluq yoxdur. Məsələn, adi şəraitdə tələbəyə bu şəkildə müraciət edərkən o, sənin tələb edilənə qarşı nə dərəcədə ciddi olduğunu, amma sadəcə etik çərçivədən kənara çıxacaq dərəcədə sərtlik, eləcə də kobudluq etmək istəmədiyini anlamış olur.

3-cü cümlədə istək və tələb qorunub saxlanılır, amma ciddiyyətdən nəzakətə, sərtlikdən yumşalmağa doğru xeyli dərəcədə eniş edilir.

İngilis dilində adətən “zəhmət olmasa” söz birləşməsinin işlənilib işlənilməməsini, eləcə də onun əvvəldə və ya sonda işlənməsinə diqqət yetirməklə qarşı tərəfin səs tonuna və ya emosional durumuna diqqət yetirmədən də bu cümlənin deyiliş məqsədini xalis zəka vasitəsilə analiz etmək mümkündür.

 •  0 comments  •  flag
Share on Twitter
Published on January 23, 2022 03:37
No comments have been added yet.