“Gözəl və Bədheybət” və ya Stokholm Sindromu
“Gözəl və bədheybət” ( “Beauty and the Beast”) nağılının məzmunundan çox güman ki, hamı xəbərdardır. Bu barədə cizgi filmi də çəkiblər, film də ekranlaşdırıblar. Amma nağılın əsas süjet xətti — qadının onu əsir alan, qorxudan, əzab verən birinə vurulması sadəcə insan təxəyyülünün məhsulu deyil. Tarixdə buna bənzər hadisələr qeydə alınıb. Belə ki, 1973-cü ildə öz dostunu həbsxanadan azad etmək üçün Jan-Erik Olsson adlı biri İsveçin paytaxtında yerləşən ən böyük bankın 4 nəfər əməkdaşını (3 qadın və 1 kişi) girov götürür, 6 gün ərzində onları asmaqla və dinamitlə partlatmaqla hədələyir. Amma azad edilən girovlardan heç biri sonradan məhkəmədə onun əleyhinə ifadə vermirlər, hətta onun azad olunması üçün maliyyə yardımı göstərirlər. Qeyri-rəsmi məlumatda hətta girov qadınlardan birinin öz sevgilisindən ayrılıb həbsxanadan çıxana qədər onun yolunu gözlədiyi deyilir.
Britaniyalı jurnalist Yvonne Ridley 2001-ci ildə 11 gün Əfqanıstanda Talibanın əlində girov qaldıqdan və azad olunduqdan dərhal sonra islam dinini qəbul edir, konservativ islam həyat tərzini seçir və s.
Psixologiyada bu emosional vəziyyət Stokholm sindromu adlanır. Bu sindroma əsasən biri digərini döyən, incidən, qorxudan, əzab verən iki insan arasında tədricən güclü emosional bağlar inkişaf etməyə başlayır. Adətən burada təzyiq edən tərəf kişi və təzyiqə məruz qalan tərəf isə qadın olur, amma onlar arasında yaranan hisslər, xüsusən qadınlar tərəfindən səmimi xarakter daşıyıb saxtakarlıqdan uzaq olur. İlk baxışda paradox təsiri bağışlayan belə qadın hissləri və davranışı — məntiqə görə qadın belə insandan qorxmalı və ona nifrət etməlidir — həm də ailə daxili zorakılıqda da müşahidə olunur. Başqa sözlə qadının onu incidən və zorakılıq tətbiq edən ərinə qarşı nifrət hissləri həmişə mövcud olmur, bəzən əksinə onun qəlbində ona qarşı güclü sentimental hisslər də yaşaya bilər. Eksperimental yolla Stokholm sindromunun izahı mövcud deyil, sadəcə məlum olan tabe edən, təzyiq edən, qorxudan tərəf (adətən kişi) ilə tabe olan, təzyiqə məruz qalan, qorxudulan tərəf (adətən qadın) arasında yaranan sentimental hisslər səmimi xarakter daşıyır, xeyli dərəcədə möhkəm olur, riyakarlıqdan uzaq olur. Təkamül psixologiyasının verdiyi mümkün izahlardan birinə görə qadın beyni avtomatik olaraq (alt şüur “proqram” təminatı olaraq) dərhal təhlükə yaradan tərəfin (kişinin) mərhəmətini qazanmaqla, onun qəlbində özünə qarşı sentimental hisslər oyandırmaqla özünün təhlükəsizliyini təmin etməyə çalışır. (Qadının şüurüstü olan vəziyyətinə görə bu hisslər dediyimiz kimi səmimi xarakter daşıyır, riyakarlıqdan uzaqdır, qarşı tərəfi sevdiyinə özü də inanır. Amma şüuraltı olaraq bunun sadəcə özünümüdafiə mexanizmi olması ehtimalı böyükdür.) Kişi beyni isə genetik olaraq ondan asılı olanı qorumaq, himayə etmək üzrə proqramlaşdırılıb. Kişi beynində isə adətən dominantlıq xeyli dərəcədə mərhəmət hissi ilə paralel fəaliyyət göstərir. Bu səbəbdən ondan asılı olan, dominantlığını qəbul edən qadına qarşı sentimal hisslər ilə bağlanmaq Stokholm sindromu kontekstində kişi beyni üçün normal sayıla bilər.