Yunan mifologiyası: sevmək … həm də ondan qisas almaq deməkdir.
Insanın mental sisteminin tam mənzərəsini formalaşdırmaq üçün burada yalnız elmi, rasional-məntiqi deyil, həm də qeyri-elmi, mistik-irrasional xarakterli informasiyanı, bilik “formalarını” axtarmaq zəruridir. Adətən hər ikisinin mahiyyəti ən alt qatlarda bir-birinə yaxınlaşır. Əgər belə demək mümkündürsə, insan ətraf mühiti müşahidə edərək, qavrayaraq, analiz edərək, qiymətləndirərək qazanmış olduğu təcrübəni birinci forma ilə ifadə edə bilməyəndə bu zaman ikinci formaya keçid alır. Bu kontekstdə bəşəriyyətin inkişafının erkən mərhələlərində insanın özünü ifadə etmə forması olan mifologiya əslində maraqlı rasional-məntiqi elementləri özündə gizləmiş olur.
Məsələn, qədim yunan mifologiyasına görə insanların müəyyən davranış nümunələri, mental vəziyyətləri müəyyən tanrı(lar) tərəfindən nəzarət edilir, nizamlanır. Bu nəzarət və nizamlanma prosesini analiz edərək əslində insanın müxtəlif davranış nümunələri və mental vəziyyətləri arasındakı incə “psixoloji” keçidləri izləmək mümkündür.
Yunan mifologiyasında sevgi fenomeni və davranışı bir deyil, iki tanrı tərəfindən nizamlanır. Belə ki, sevgi və ehtiras tarısı olan Erosdan başqa xüsusi olaraq sevgiyə qarşılıqlı cavab verməyən və onu məsxərəyə qoyan insanları cəzalandırmaq üçün dünyaya gəlmiş Anteros tanrısı da mövcuddur. Hər iki tanrı qardaş olub müharibə tanrısı Ares ilə gözəllik tanrıçası Afroditanın övladlarıdır. (“Sevgi oyununa” gedən yolun bir tərəfi gözəlliyə (harmoniyaya) gedib çıxırsa, yolun əks tərəfində müharibə (zorakılıq) insanı gözləyir.) Qarşılıqlı olaraq sevgi münasibətərinə cavab verməyənləri bu hissdən ömürlük məhrum etməklə cəzalandıran Anteros öz xarakteri etibarilə atası müharibə tanrısına daha çox oxşayır. Cəzalandırmaq istəyini ifadə edən Anteros sadəcə sevgini və ehtirası ifadə edən Erosu tərk edərkən o, cılızlaşır, kiçilir, amma Erosun yanına qayıdarkən o, böyüyür, güclənir və sevməkdən başqa hisslərinə qarşılıqlı cavab verməyəndə həmin insanı cəzalandırmaq ehtirasını da özündə daşıyır. (Qisas hissindən kənarda sevgi zəifdir, halbuki məhz qisas hissi insanın sevgisini gücləndirir.) Eros ilə Anterosun eyni ata və anadan doğulmuş daha iki qardaşı mövcuddur — dəhşət tanrısı Deymos və qorxu tanrısı Fobos. Qədim yunanlara görə insan üçün ən dəhşətli lənət sevgidən yaranmış nifrətdir. Sevgi “genetik olaraq” müharibə, dəhşət və qorxunun elementlərini də özündə gizlədir. Sevmək yalnız kiməsə ülvi hisslərlə bağlanmaq demək deyil, həm də bu hisslərə qarşılıq verməyəndə ondan qisas almaq, onu cəzalandırmaq deməkdir.