Əgər “ölənəcən sevmək” mülahizəsi doğrudursa, bu daha çox qadın beynini ifadə edir…
Qadın beynində dediyimiz kimi yaddaşın formalaşmasında mühüm rola malik Hippocampus adlanan mərkəz daha böyük və daha aktiv olduğundan adətən onlar həyatlarında baş vermiş olan hadisələri unutmur, incə detallara qədər bütün mühüm informasiyanı yadda saxlayırlar. Bu səbəbdən onların zərif qəlbini sındıracaq nöqsanlara yol versəniz, onlar hətta sizi bağışlasalar belə sizin bu nöqsanlarınızdan qazanılan acı təəssüratlar bir ömür boyu onların yaddaşında yaşayacaq. Amma qadın beyninin hadiə və yaşantılara qarşı belə həssaslığının sizin üçün üstün tərəfləri də mövcuddur. Qadınlar onların qəlbini sındırarkən yaşanılan acı təcrübəni unuda bilmədikləri kimi həyatlarında yaşadıqları romantik münasibətləri və sevgini də adətən unuda bilmir, onun da bütün incə detallarını əbədi olaraq yaddaşlarına həkk edirlər. Əgər “ölənəcən sevmək” fikri düzgündürsə, bu daha çox qadın beyni üçün nəzərdə tutulub. Kişi beyni uzun zaman kəsiyində bu baxımdan daha çox unutqanlıq və sadəqətsizlik vəd edir. Qadınlar unutmağı bacarmasalar da onların etibarını və etimadını qazanmaq bəzən an məsələsi olur. Bunun üçün sadəcə onu bərk-bərk qucaqlayıb bir-iki dəqiqə özünə yaxın etmək kifayət edir — dərhal qadının bütün şübhələrinin dağılması və yenidən sizə inanması üçün bu kifayət edir. Bioloji olaraq bu həmin bir-iki dəqiqə ərzində yaxın təmas nəticəsində qadın beynində Oxytocin adlanan kimyəvi substansiyanın həcminin artması ilə izah edilir. Oxytocin sosial bağlılıq və sevgi kimi ülvi hisslərin yaranmasının bio-kimyəvi əsası (və ya mühüm əsaslarından biri) hesab edilir, dəri vasitəsilə təmas nəticəsində beyinə ötürülən siqnallar nəticəsində onun ifrazı artır. Həm də genetik olaraq qadın beyni həmin Oxytocin‘ i qəbul edəcək daha çox reseptorlara malikdir. Bu isə öz növbəsində adətən qadınların genetik olaraq sosial bağlantıya və sevgiyə kişilərdən daha sadiq olmasına gətirib çıxaran səbəblərdən biridir.


