Azad İradə: Elm (Elm Fəlsəfəsi) və Nevrologiya

Qeyd: Əziz oxucular, bu yazını oxumazdan öncə “Azadlıq və zərurət: Praktik (siyasi-hüquqi) fəlsəfə və elm (elm fəlsəfəsi)” və “Azad İradə: Elm (Elm Fəlsəfəsi) və Epistemologiya” adlı yazılarımızı oxumağınızı şiddətlə tövsiyyə edirik. İndi oxuduğunuz əslində həmin yazıların üçüncü hissəsi kimi düşünülüb. 





Ənənəvi fəlsəfənin metafizik “söz oyununa” getməsək, elm fəlsəfəsi üçün mühüm suallardan biri mental fenomenlərin (yəni maddi olmayan) fenomenlərin, o cümlədən azad iradənin reallıqda (zaman-məkan kontiniumunda) gerçəkdən mövcud olub olmamasıdır. İnsanın bio-sistemini (vücudunu) tərkib hissələrinə parçalasaq, orada heç bir mental fenomen (azad iradə, şəxsiyyət, vicdan və bu qəbuldən maddi olmayan bütün şeylər) aşkarlanmayacaq. İnsanın kəllə qutusunu müasir elmi texnologiyaların köməyi ilə (məsələn, fMRİ) monitorda izləsək, bu zaman müşahidə edəcəyimiz yalnız baş beyin və onun pay mərkəzləri, izləmə anında insanın konkret davranışından və ya düşüncə istiqamətindən asılı olaraq konkret pay mərkəz(lər)ində qeydə alınan neyro-dinamik aktivlik və s. olacaq. Bu zaman hansı səbəbdən biz mental fenomenlərin real olduğunu qəbul etməliyik və əgər qəbul etsək belə bunu rasional elmi (elmi fəlsəfi) cəhətdən necə əsaslandırmalıyıq? Bəlkə belə mental fenomenlərin mövcudluğu üzərində qurulan ənənəvi metafizik fəlsəfə, psixologiya müasir elm (elm fəlsəfəsi) üçün sadəcə qeyri-elmi, köhnəlmiş bir dünyagörüş formasıdır? Elm inkişaf etdikcə, oxşar dünyagörüş formaları zaman-zaman intellektual tarix səhnəsindən sıxışdırılıb çıxarılması məlumdur, məsələn, astronomiya elminin inkişafı astrologiyanı, kimya elminin inkişafı əl-kimyanı elm səhnəsindən “sildiyi” kimi niyə də nevrologiyanın və bio-psixologiyanın inkişafı ənənəvi metafizik fəlsəfəni (mental fenomenlər kontekstində) və ənənəvi psixologiyanı (yəni onun bio- hissəsindən kənarda qalan hissəsini) heç olmasa elm səhnəsindən silib atmasın? Diqqət yetirəcəyimiz vacib məqam odur ki, burada söhbət elmi düşüncəni demək olar ki, mənimsəməyən orta statistik insandan deyil, məhz elmin (elmi fəlsəfənin) üzərində dünyagörüşünü formalaşdıran professional elm mütəxəsislərindən gedir. Niyə insanın mərkəzi sinir sistemini məsələn, onun davranışına təsirini tədqiq edən professional nevroloq (nevrologiya alimi) bu təsir dinamikasında üzə çıxan müxtəlif qəbildən olan səbəb-nəticə zəncirinə (məsələn, genetikanın insan davranışına təsiri, hormonların insan davranışına təsiri, qəbul edilən qidanın insan davranışına təsiri və s.) (fundamental) elm üçün hipotetik olan mental fenomenlərin, məsələn, azad iradənin də insan davranışına təsirini daxil etsin? Bunu zəruri edən amillər hansıdır? Nəzərə alaq ki, mərkəzi sinir sisteminin elmi şəkildə öyrənilməsi intellektual tarixdə nisbətən yenidir, yəni tarixi 19-cu əsrə gedib çıxır, müxtəlif fundamental elmlərin, məsələn, biologiya, fizika, kimya, fiziologiya, psixologiya və s. kimi elmlərin müvafiq tədqiqat sahələrinin sintezi kimi nevrologiya elmi yalnız 1960-cı illərdə yaranıb, amma insanın mərkəzi sinir sistemini real zamanda real fəaliyyət dinamikasında (məsələn, insan kitab oxuyarkən, riyazi məsələ üzərində düşünərkən, qorxulu bir səhnə izləyərkən və s.) monitorda izlənməsinə imkan yaradan ən son texnologiyaların tətbiqi sayəsində çox sürətli inkişaf yolu keçib. İntellektual tarixin buna qədər olan mərhələsində, məsələn, orta əsrlər islam tibbində beyin və neyro-dinamik aktivlik anlayışının hətta mövcud olmasından belə söhbət gedə bilməzdi. Məsələn, bu gün nevrologiyanın baş beynin konkret pay mərkəzlərinin neyro-dinamik aktivliyi ilə izah etdiyi davranışları, islam tibbi (fəlsəfəsi) abstrakt “ruh” anlayışı, bitki ruhu, heyvan ruhu və insan ruhu ilə izah edirdi. Ümumi və təqribi qeyd etsək, bizi bütün canlılarla birləşdirən bitki ruhudur, məsələn, qidalanma, çoxalma və s.; bizi yalnız heyvanlarla birləşdirən heyvan ruhudur, məsələn, emosiyalar və s.; bizi yalnız biz edən, yəni rasional düşüncə və s. insan ruhunun təzahürüdür. Müasir nevrologiya üçün bu sadəcə qeyri-elmi yanaşmadır. Müasir elm bu kimi dünyagörüşün üzərində dayana və inkişaf edə bilməz. Əslində biz orta əsrlər islam sivilizasiyasının nə qədər yüksək inkişaf etdiyini desək də, məsələn, nevrologiya elmi konteksində insan beyninin və neyro-dinamik aktivliyin öyrənilməsi imkanları heç müqayisə edilə bilməz. Təsəvvür edin ki, müasir nevrologiyadan fərqli olaraq insanın mərkəzi sinir sistemini real zamanda real fəaliyyət dinamikasında öyrənmək qətiyyən mümkün deyildi, çıxan mümkün nəticələr yalnız ölmüş insanların cəsədinin yarılması ilə əldə edilən “material” (beyinin və s.) vizual müşahidəsi üzərində əldə edilirdi. Bu səbəbdən əgər bir qədər əvvəl səsləndirdiyimiz sualın üzərinə qayıtsaq, ən son müasir elmi texnologiyalar vasitəsilə mərkəzi sinir sistemi üzərində ən son elmi tədqiqatları aparmağı bacaran nevrologiya üzrə mütəxəsis, alim hansı səbəbdən elm üçün hipotetik olan mental fenomenlərin, o cümlədən azad iradənin reallığını qəbul etməlidir? Halbuki bu gün astronomiya üzrə mütəxəsis astrologiyaya, kimya üzrə mütəxəsis əl-kimyaya müraciət etmir.





Bu qəbildən olan suallara cavab vermək üçün elm fəlsəfəsində istifadə olunan məntiqi arqumentasiya aşağıdakı şəkildə qurulur:





Müqəddimə_1. Bəzi davranış aktlarının səbəbləri qismində fiziki səbəblər ilə yanaşı (hipotetik) mental səbəblər də çıxış edə bilər.





Müqəddimə _2. Bəzi davranış aktlarının səbəbləri qismində fiziki səbəblər ilə yanaşı (hipotetik) mental səbəblər də çıxış edərkən, bütün fiziki səbəbləri nəzərə almasaq, (hipotetik) mental səbəblər təkbaşına davranış aktını müəyyənləşdirə bilməzlər.





Müqəddimə_3. Bəzi davranış aktlarının səbəbləri qismində fiziki səbəblər ilə yanaşı (hipotetik) mental səbəblər də çıxış edərkən, bütün (hipotetik) mental səbəbləri nəzərə almasaq belə fiziki səbəblər təkbaşına davranış aktını müəyyənləşdirə bilər.





Nəticə. Bəzi davranış aktlarının səbəbləri qismində çıxış edən (hipotetik) mental səbəblər elə burada çıxış edən fiziki səbəblər ilə eyniyyət təşkil edir.





Bir neçə hipotetik situasiya götürək: Məsələn, X adlı insanda intihar meylləri güclənməyə başlayıb. Başqa sözlə, X çox qiymətli məntiq üzrə intihar nöqtəsinə lap yaxınlaşıb. Müxtəlif mental səbəblər göstərə bilərsiniz: S_1. İnsanın iradəsi zəifdir (“iradə” mental fenomendir). S_2. İnsan günah duyğusu altında əzilir (“günah” mental fenomendir). S_3. İnsan uğursuz sevgi yaşayır (“sevgi” mental fenomendir) və s. Keçid alaq fiziki səbəblərə: S_4. İnsanın bio-sistemi serotonin adlı bio-kimyəvi element ilə zəngin deyil. (Serotonin insanda hipotetik olaraq real hesab etdiyimiz özünəinamı (dəyəri) tənzimləyir, bu bio-kimyəvi elementin dərəcəsi bio-sistemdə aşağı düşdükcə, insan intihar nöqtəsinə yaxınlaşır.) S_5. İnsanın bio-sistemi GABA bio-kimyəvi element ilə zəngin deyil. (GABA neyro-ötürücü olub, bir neyrondan digərinə informasiyanın ötürülməsini əngəlləmək kimi funksiyanı daşıyır; nəticə etibarilə GABA-ın normal funksionallığı insanın mərkəzi sistemində bizim hipotetik olaraq real hesab etdiyimiz narahatlıq stress vəziyyətinin qarşısını alır, çünki belə vəziyyətin kəskinləşməsinə gətirib çıxaraq informasiyaların neyronlar arasında ötürülməsi əngəlləyir.) və s. S_1-3 nəzərə alınmasa belə (əslində elmdə (elm fəlsəfəsində) bu qəbildən olan mental fenomenlər qətiyyən tədqiqat mövzusu deyildir), S_4-5 vasitəsilə konkret davranış aktına gətirən səbəblər elmi cəhətdən tədqiq edilir. Əslində gündəlik həyatda çox tez-tez istifadə edib rasional izahını tapmadığınız sualların cavabı, məsələn, niyə bəzi insanların iradəsi zəifdir (elmi cəhətdən izah etsək, ona görə ki, bəzi insanların qərar qəbul etmə kimi davranış aktına gətirib çıxaracaq inteqrativ beyin pay mərkəzlərinin neyro-dinamik aktivliyi zəifdir), niyə bəzi insanlar günah və ya uğursuz sevgi hallarına intihar ilə cavab verirlər (elmi cəhətdən izah etsək, ona görə ki, bəzi insanların bio-sistemi genetik olaraq serotonin bio-kimyəvi elementi ilə zəngin deyil, ekstremal situasiyada onsuz da aşağı olan serotonin dərəcəsi lap aşağı düşür, insan özünəinamsızlıq və eksiztensional mənasızlıq duyğularını daha güclü yaşamağa başlayır, nəticə olaraq avtomatik şəkildə intihar aktına gedən yol açılır) elmdə (elm fəlsəfəsində) gizlənib.





İkinci situasiya: Ən müqəddəs və ülvi hisslərdən biri (birincisi) hesab edilən “ana sevgisi” ənənəvi metafizik fəlsəfi “söz oyunundan” istifadə edilərək azad iradə fenomeni çox gözəl şəkildə əlaqələndirilə bilər. Amma elmdə (elm fəlsəfəsində) bu mümkün deyildir. Hətta “ana sevgisi” belə ana olmuş qadının bio-sistemində testosteron adlanan hormonların səviyyəsindən asılıdır. Testosteronun səviyyəsi çoxaldıqca, qadının seksuallıq instinktləri güclənməyə və analıq instinktləri ilə zəifləməyə başlayır. Qadın daha fərdiyyətçi (individualist) və daha rəqabətcil (idmanda, karyerada və s.) olmağa daha çox meylli olur, nəsil artırma, qoruma və himayə etmə (sağlam şəkildə genetik infomasiyanı ötürmə) instinkti zəif olur. Eksperimental psixologiyada primatlar (insan ilə 98% eyni genetik informasiyaya malik canlılar) üzərində keçirilən tədqiqatlarda süni yolla (dərman preparatları) vasitəsilə vücudunda testosteronun dərəcəsi artırılan kimi “analıq instinkti” dərhal zəifləməyə başlayır və ana primat nəsilin qorunmasına və himayəsinə biganə yanaşmağa başlayır. Bütün bu situasiyada “azad iradə” adlandıra biləcəyimiz mental fenomenin iştirakını rasional elmi (elmi fəlsəfi) şəkildə izah etmək mümkünsüz olur.





Oxşar hipotetik situasiyaları hər bir insan da öz həyatına yaşa bilər (və ya nə zamansa artıq yaşayıb). Məsələn, azad iradə barəsində nə qədər metafizik “söz oyunu” etsək də, adi bir alkoqol qəbulu insanın bütün mərkəzi sinir sisteminin fəaliyyətini və bütün davranış aktlarını nəzarət altına alır, məsələn, mərkəzi sinir sistemində “kiçik beynin” (cerebellum) fəaliyyətini pozur və nəticə etibarilə insan balans və hərəkət çətinliyi yaşamağa başlayır. Başqa bir misal, morfin (narkotik) bio-sistemdə təbii şəkildə mövcud olan endofinə (“təbii ağrı kəsici”) oxşar kimyəvi tərkibi bio-sistemə daxil edir, nəticədə bio-sistemdə (vücudda) “yalançı” ağrı kəsici effekti yaradır, yəni insan stressi atır, narahatlıqdan xilas olur, şənlənir və s. Səbəb bio-sistemin təbii ağrı kəsici (endofin) ilə yalançı olanı (morfini) kimyəvi tərkiblərinin çox oxşar olması səbəbindən bir-birindən fərqləndirə bilməməsidir. Nəticədə mərkəzi sinir sistemi tədricən “yalançı” tərkibdən daha çox asılı hala düşərək öz funksional fəaliyyətini pozmağa başlayır. Bütün bu proseslərin heç birində “azad iradə” qəbildən olan mental fenomenlər aşkar şəkildə heç bir rola malik deyillər. Oxşar proseslər gündəlik qida qəbulu zamanı öz bio-sistemimizi həmin qidanın tərkibində olan inqredientlər (makro-molekullar) ilə təmin edərkən də baş verir; hər qidanın mərkəzi sinir sisteminə birbaşa və ya dolayı təsir effekti mövcuddur ki, bu da öz növbəsində insanın davranış aktında təzahür edə bilir. Bu konteksdə qeyd etdiklərimizi ümumiləşdirsək, “səbəb-nəticə zəncirində götürülərkən hətta ən dərin məzmunlu fəlsəfi problem belə sadə bir empirik faktdan ibarət olur.” (K.Marks)

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 28, 2020 06:14
No comments have been added yet.