Azadlıq və zərurət: Praktik (siyasi-hüquqi) fəlsəfə və elm (elm fəlsəfəsi)
“Azadlıq dərk edilmiş zərurətdir.” Azadlıq analyışına verilən təriflərdən biri məhz belə ifadə edilir. İlk öncə qeyd edək ki, bu tərif məntiqi cəhətdən düzgün tərif deyildir. Məntiqə əsasən düzgün tərifin qaydalarından biri tərif verilən anlayışın (“azadlıq“) məzmunu açarkən məzmunu oxucu tərəfindən qeyri-müəyyən, anlaşılmaz, qaranlıq qalacaq anlayışlardan istifadə etməməkdir, yəni tərif konkret və aydın olmalıdır. Bu konteksdə “Azadlıq dərk edilmiş zərurətdir” tərifi orta statistik oxucu üçün “informativ” deyildir, azadlıq anlayışının məzmununu aydınlaşdırmır və əlavə interpretasiyaya ehtiyac duyulur. Məsələn, xüsusilə siyasi fəlsəfədə məşhur olan və tarixi 17-ci əsr Avropa fəlsəfəsinə gedib çıxan tərif (“Azadlıq hər bir insanın qanunla qadağan olmayan şəkildə heç bir məhdudiyyət olmadan öz istəklərini, arzularını həyata keçirə bilmək imkanıdır“) tərifi daha aydın və konkretdir. Bunu asanlıqla siyasi praktikaya tətbiq edərək hansı siyasi sistemlərin demokratik, hansıların isə qeyri-demokratik olduğunu müəyyənləşdirmək mümkündür. Demokratik sistemlərdə hər bir insan qanunla qadağan olmayan şəkildə heç bir məhdudiyyət olmadan öz istəklərini, arzularını həyata keçirə bilmək imkanına malikdir, qeyri-demokratik sistemlərdə əksinə, belə imkana malik deyil. Demokratik sistemlərdə hər bir insanın anadangəlmə təbii hüquqları konstitusiyada və müvafiq hüquq sistemində təsbit edilib, bu hüquqlar (məsələn, yaşamaq, təhlükəsizlik, fikir ifadə etmək və s.) bütövlükdə həmin hüquq sistemində işlək olan qanunların fəlsəfəsini (hüquq fəlsəfəsini) təşkil edir və yalnız bu qanunlar hər bir insanın heç bir məhdudiyyət olmadan öz istəklərini, arzularını həyata keçirə bilmək imkanını deyil, məhz hər bir insanın qanunla qadağan olmayan şəkildə heç bir məhdudiyyət olmadan öz istəklərini, arzularını həyata keçirə bilmək imkanıdır. Azadlığın bu tərifinə əsasən hər bir insan hipotetik olaraq azad ola bilər və ya ideal olaraq qəbul etdiyimiz azadlıq anlayışının məzmununda ifadə olunan vəziyyətə maksimal olaraq yaxınlaşa bilər. Qlobal sivilizasiyada demokratik siyasi sistemlər kimi qiymətləndirdiyimiz sistemlər məhz bu səbəbdən demokratik sistem kimi qiymətləndirilir və eyni səbəbdən də bəzi siyasi sistemlər də qeyri–demokratik sistemlər kimi qiymətləndirilir. Amma təbii ki, bu azadlıq sosial sistemdə və bu sistemin müxtəlif altsistemlərində (siyasi, iqtisadi, hüquqi, mədəni və s.) olan hipotetik azadlığı nəzərdə tutur. Şübhəsiz hüquq fəlsəfəsində, həm də siyasi fəlsəfədə azadlıq anlayışını daim müzakirə və mübahisə mövzusu ola bilər: məsələn, 19 və 20-ci əsrin əvvəllərində klassik liberalizm ideologiyası çərçivəsində azadlıq anlayışı adətən “neqativ” müstəvidə (“neqativ azadlıq“) qabarıq ifadə edilirdisə, 20-ci əsrin sonlarına doğru və 21-ci əsrdə neoliberalizm ideologiyası çərçivəsində azadlıq anlayışı adətən “pozitiv” müstəvidə (“pozitiv azadlıq“) önə çəkilir. Neqativ azadlıqda klassik anlamda azadlığa verilən tərifin fəlsəfəsindən çıxış edərək əgər qanunla qadağan edilməyibsə, hər bir insan öz istənilən istəyini reallaşdırmaqda azaddır fəlsəfəsi önə çıxarılırdı, əsas ağırlıq mərkəzi insan hüquqları və eqoistik individualizmin üzərində qurulurdu. Halbuki, pozitiv azadlıqda mühüm olan əgər qanunla qadağan edilməyibsə, hər bir insan öz istənilən istəyini reallaşdırmaqda azaddır fəlsəfəsi deyil, insanın bu istəklərini reallaşdırarkən individ (fərd) olaraq özünü inkişaf etdirib etdirməməsidir. Məsələn, siyasi sistem demokratik olaraq əgər qanunla qadağan edilməyibsə, hər bir insan öz istənilən istəyini reallaşdırmaqda azaddır fəlsəfəsini tanıya bilər, amma son nəticədə kollektiv olaraq insanlar qanunla qadağan olunmayan şəkildə öz istəklərini reallaşdırarkən, bir müddət sonra sosial sistem (cəmiyyət) tənəzzülə uğramağa, “çökməyə” başlayar. Hipotetik bir situasiya: demokratik sistemdə gənclərin qanunla qadağan olunmayan şəkildə gecə klublarında zaman keçirmək, əylənmək azadlığı mövcuddur. Amma gənclərin əksəriyyəti zamanının əksəriyyətini yalnız bu azadlığını reallaşdırmaq ilə keçirərsə, sosial sistemdə təhsil altsistemi çökməyə başlayacaq və nəticə etibarilə bir müddət sonrası sosial sistem hətta demokratik olsa belə böhran mərhələsinə qədəm qoymalı olacaq. Bu səbəbdən siyasi sistemin demokratik olaraq əgər qanunla qadağan edilməyibsə, hər bir insan öz istənilən istəyini reallaşdırmaqda azaddır fəlsəfəsini tanıması kifayət deyil, bu azadlığı həm də individ olaraq hər bir insanın özünü inkişaf etdirməyə yönəltməsi zəruridir. Beləliklə, pozitiv azadlıq anlayışında əsas ağırlıq mərkəzi insan hüquqları və eqoistik individualizm üzərindən əxlaq və etik individualizm üzərinə keçir. Təbii burada əxlaq və etika konservativ siyasi sistemlərdə olan qatı mühafizəkar qiymətini almır, sadəcə klassik konservatizm ideologiysının bəzi “çalarlarını” klassik liberalizm ideologiyasına əlavə edərək neoliberalizm ideologiyasını formalaşdırır.
Amma əvvəldə qeyd etdiyimiz “azadlıq dərk edilmiş zərurətdir” tərifi onu sosial-siyasi sistemə tətbiq edə biləcəyimiz qədər praktik, aydın və müəyyən deyil. Bu tərifə əsasən insan heç hipotetik olaraq azad ola bilməz. Belə ki, “azadlıq dərk edilmiş zərurətdir” tərifinin fəlsəfəsi “azadlıq hər bir insanın qanunla qadağan olmayan şəkildə heç bir məhdudiyyət olmadan öz istəklərini, arzularını həyata keçirə bilmək imkanıdır” tərifinin fəlsəfəsindən fərqlidir. Belə ki, “azadlıq dərk edilmiş zərurətdir” tərifi bütün sistemlərdə (sosial sistemdən tutmuş bioloji sistemlərə kimi) n (sonsuz) tərtibdə hadisələr (səbəb-nəticə zəncirinin) olduğunu nəzərdə tutur. Heç bir sistemdə təsadüf deyiləcək bir fenomen mövcud deyildir, hər bir zərurət üzərində qurulub, yəni səbəb-nəticə zənciri üzrə əgər səbəb(lər) baş veribsə, nəticə(lər)in baş verməsi labüddür. Təsadüf sadəcə bir neçə səbəb-nəticə zəncirinin kəsişmə nöqtəsidir ki, bu nöqtələrin baş verəcəyi zaman-məkan nöqtəsini müəyyənləşdirmək heç də həmişə mümkün deyildir. insan üçün qeyri-müəyyən olan həmin zaman-məkan nöqtəsi həm də insan azadlığının məhdudlaşdığı nöqtədir. Məsələn, “azadlıq hər bir insanın qanunla qadağan olmayan şəkildə heç bir məhdudiyyət olmadan öz istəklərini, arzularını həyata keçirə bilmək imkanıdır” tərifini bura tətbiq etsək, insan sosial sistemdə hətta hipotetik olaraq bu imkana sahib olsa da məsələn, ekoloji sistem bu imkanı məhdudlaşdıracaq. Məsələn, insan sosial sistemdə nigaha daxil olmaq istəyini reallaşdırmaq istəyir, sosial sistem daxilində qanunlar bunu məhdudlaşdırmır və insan hipotetik olaraq nigaha daxil olmaqda azaddır. Amma ekoloji sistemdə pandemiya baş qaldırır, sosial sistemdə fövqəladə hal yaranır, (müvəqqəti olsa da) insan öz istəyini reallaşdıra bilmir, başqa sözlə insanın azadlığı məhdudlaşır. İnsan bunu təsadüf kimi qiymətləndirə bilər, halbuki zaman-məkan nöqtəsi olaraq bu hadisələrin kəsişmə nöqtəsi tam zərurətdir, yəni zaman üzrə keçmişə doğru hərəkət etsək bildiyimiz və bilmədiyimiz bütün səbəblərin hər an doğurduğu nəticələr ilə məhz bu nöqtəyə doğru izləmək (hipotetik olaraq) imkanımız mövcuddur. Bu kontekstdə azadlıq həm də müxtəlif alternativ imkanlar arasından biri seçmək azadlığını önə çıxarır ki, burada da mühüm olan insanın bütün zəruri olan səbəb-nəticə zəncirlərindən xəbərdar ola bilmə dərəcəsi (səviyyəsi) onun potensial olaraq azad ola bilmə dərəcəsini (səviyyəsini) müəyyən edir. Şübhəsiz ki, individ olaraq insanın ən müxtəlif sistemlərdə (sosial-siyasi sistemdən tutmuş bio-psixoloji sistemə qədər) belə xəbərdar olma dərəcəsi (səviyyəsi) cüzidir. Psixoanalitik fəlsəfə (freydizm) insanın şüurunda onun düşüncəsində mövcud olan informasiya şəbəkəsinin təqribən 10%-nin toplandığını qeyd edir. Əksər informasiya (90%) şüuraltında gizlənir, insan bura giriş etmək imkanına sahib deyildir, insanın düşüncəsində toplanan informasiya şəbəkəsinin bu hissəsi “qaranlıq qutudur”, amma insan seçim imkanlarına, yəni müxtəlif alternativ imkanlar arasından biri seçmək azadlığına təsir göstərir. Eksperimental psixologiyanın bəzi istiqamətləri şüuraltında gizlənən informasiyanın 97-98%, şüurda toplanan informasiyanın isə cəmi 2-3% olduğunu qeyd edərək vəziyyəti bir qədər də dramatikləşdirirlər. Nəticə etibarilə hər bir insan individ olaraq hətta bütün sosial, siyasi, hüquqi, bioloji və s. sistemləri bir kənara qoysaq belə, öz “individual” psixoloji sistemində hansı səbəb-nəticə əlaqə sistemin olduğundan demək ola ki, xəbərdar deyil, yəni onun “səbəb” kimi qiymətləndirdiyinin gerçəkdən səbəb olma ehtimalı cüzidir və eyni şəkildə onun “nəticə” kimi qiymətləndirdiyinin gerçəkdən nəticə olma ehtimalı cüzidir. Nəticədə “azadlıq nədir?” sualından daha önəmli olan “insan gerçəkdən azaddırmı (azad iradəyə sahibdirmi)?” sualı meydana çıxır.
“İnsan gerçəkdən azaddırmı (azad iradəyə sahibdirmi)?” sualının cavabı artıq siyasi fəlsəfədə gizlənə bilməz. Belə ki, “azadlıq hər bir insanın qanunla qadağan olmayan şəkildə heç bir məhdudiyyət olmadan öz istəklərini, arzularını həyata keçirə bilmək imkanıdır” deyərək məntiqi cəhətdən insanın hipotetik olaraq azad ola bilmə imkanını pozitiv qiymətləndirə, yəni insan azad ola bilər deyə bilmərik. Müasir elm buna icazə verməyəcək. Başqa sözlə, insanın sosial-siyasi sistemdə azad olması hələ onun ümumiyyətlə azad olması (azad iradəyə) sahib olması anlamına gəlmir. Məsələn, hipotetik situasiya: İnsan qanunla qadağan olmayan şəkildə heç bir məhdudiyyət olmadan öz istəklərini, arzularını həyata keçirə bilmək imkanına sahibdir, məsələn, cəmiyyətdən təcrid olunaraq asosial həyat keçirmək istəyir. Onun bu istəyinin qarşısını heç bir şey kəsə bilməz, bu qanunla qadağan deyil, o, heç kimə, o cümlədən özünə fiziki zədə törətmir, heç bir təhlükəli risk daşıyıcısı deyil, sosial sistemdə qarşısında öhdəliyi olan kimsə (azyaşlı övladı, ailəsi və s.) yoxdur. İnsan asosial həyat yaşamaq istəyir və belə yaşayır. Bu insan azaddırmı? Azadlıq hər bir insanın qanunla qadağan olmayan şəkildə heç bir məhdudiyyət olmadan öz istəklərini, arzularını həyata keçirə bilmək imkanıdır fəlsəfəsindən çıxış etsək, bəli. Amma insanın alternativ imkanlar arasından məhz bu istək üzərində seçim etməsinin müxtəlif psixoloji səbəbləri (fobiyalar, stereotiplər və .), müxtəlif nevroloji-psixatrik səbəbləri və s. ola bilər. Bütün bu səbəbləri də nəzərə alsaq, insan azaddırmı, azad iradəyə sahibdirmi, bütün bu səbəblər ona başqa alternativ seçim etməyə imkan verərdimi? Xeyr, ən azı elmi cəhətdən xeyr.
Beləliklə, “azadlıq nədir?” və “insan gerçəkdən azaddırmı (azad iradəyə sahibdirmi)? suallarının cavabını elmdə (elm fəlsəfəsində) axtarmağa başlayırıq. Fizikaya (Nyuton mexanikasına) görə eyni səbəblər toplusu eyni nəticəni törədir. Məsələn, bir hadisənin (nəticənin) S_1, S_2, S_3 … S_n səbəbləri vardır və S_1, S_2, S_3 … S_n həmin hadisənin (nəticənin) yaranması kimi kifayət edir, yəni daha bir S_n+1 səbəbin olması zəruri deyil, bu zaman həmin hadisənin (nəticənin) olmaması ehtimalı 0-dır, yəni yoxdur. Elmi cəhətdən (nevrologiya) insanda azad iradə deyilən bir fenomen mövcud deyildir, əvəzində beyinin qərar qəbul etmə mexanizmi mövcuddur ki, bu beyinin ən müxtəlif pay mərkəzlərinin inteqrativ sistemli fəaliyyətinin nəticəsidir. Bu qərar qəbul etmə mexanizminə (neyro-dinamik aktivliyə) təsir göstərən kifayətedici S_1, S_2, S_3 … S_n səbəblər mövcuddursa, bu zaman həmin neyro-dinamik aktivlik qəbul etdiyi konkret N nəticəsindən fərqli olan hər hansı digər bir nəticə (məsələn, M və ya L) qəbul edə bilməz. bu konteksdə “insan gerçəkdən azaddırmı (azad iradəyə sahibdirmi?” sualının cavabı belədir: insan yalnız və yalnız o zaman azaddır ki, insan müxtəlif alternativ ehtimallar arasından seçim etmək imkanına sahib olsun, yəni insan eyni dərəcədə məsələn, həm N, həm M, həm L üzərində seçim etmək imkanına sahibdir və insan məhz N üzərində seçim edir. Qeyd etdiyimiz kimi, elm (fizika və nevrologiya) insanın müxtəlif alternativ ehtimallar arasından seçim etmək imkanını istisna edir. İnsan hətta hipotetik olaraq zaman xətti üzrə indidən keçmişə hərəkət edərək N-dən S_1, S_2, S_3 … S_n-ə keçid alsa belə yenə də eyni kifayətedici səbəblər S_1, S_2, S_3 … S_n eyni nəticəni (N) törədəcək. Deməli, elmi cəhətdən insan gerçəkdən azad deyil, azad iradəyə sahib deyil, azadlıq isə reallıq deyil, daha çox illuziyadır.