Dini düşüncənin inkişafının son dayanacaq nöqtəsini anlamaq üçün …

Dini düşüncənin inkişafının son dayanacaq nöqtəsini anlamaq üçün adətən Qərbdə xristianlığın və fəlsəfənin inkişafına güclü təsir göstərmiş Müqəddəs Avqustinin (354-430) düşüncələrini xatırlayıram. Kilsə tərəfindən hələ sağlığında “müqəddəs” elan olunması və xristian təlimini sistemləşdirib inkişaf etdirilməsində olan böyük xidmətlərinə görə “kilsə doktoru” (Doctor of the Church) (doktor sözü latıncadan tərcümədə “müəllim” deməkdir və katolik kilsəsi tərəfindən cəmi 36 nəfər belə yüksək ada layiq görülüb) adına layiq görülməsi müasir anlamda Avqustini filosofdan daha çox teoloq kimi qəbul etməyə əsas verir. Ən mühüm üç əsərindən biri “Allahın şəhəri” (“The City of God“) adlanır. Əsər xristianlıq üçün mühüm olan hadisəyə — qədim Roma imperiyasının paytaxtı olan əzəmətli Roma şəhərinin 410-cu ildə qot tayfaları tərəfindən ələ keçirilib darmadağın edilməsi, əhalisinin kütləvi surətdə qətl edilməsi, müxtəlif surətdə zorakılıqlara məruz qalmasına həsr olunur. Bu hadisə həmin dövrdə romalıların düşüncəsində bir şok effekti yaratmış və bir çox romalıları qədim Roma tanrılarının onlardan qisas alması düşüncəsinin üzərinə gətirib çıxarmışdır. Belə ki, 313-də Konstantinin hakimiyyəti dövründə onun əmri ilə xristianlığın təqib olunması aradan qalxır, tədricən kilsənin nüfuzu yüksəlməyə və qədim Roma tanrılarına olan sitayişdən imtina edib xristian olanların sayı artmağa başlayır. Əslində ilahi qüvvəyə olan inam və sitayişdən imtina etməyə görə bəşəriyyətin, insanların cəzalandırılması düşüncəsi sonralar xristianlığın, islamın özünə də keçmiş və müxtəlif şəkildəyişmələri ilə müasir dövrə də gəlib çatmışdır. Amma Müqəddəs Avqustin adı qeyd edilən əsərində bu məsələyə rasional yanaşır, konkret siyasi, sosial, iqtisadi, hərbi səbəblər kontekstində Roma şəhərinin işğal faktını arqumentlərlə izah edir və bunun qədim Roma tanrılarının qisası ilə heç bir əlaqəsi olmadığını göstərir. Amma maraqlı məqam həmin işğalın gedişində özünə yer alan bəzi zorakılıq faktlarından əks arqument kimi xristianlığın özünə qarşı istifadə edərkən və Avqustinin də bir teoloq kimi istənilən mümkün vasitə ilə xristianlığı müdafiə etmək istərkən baş verir. Belə ki, qot tayfaları tərəfindən Romanın işğalı zamanı Romada yerləşən dini məkanlarda, kilsələrdə yaşayan və özlərini əbədi olaraq Allaha sitayişə həsr edən, hər cür seksual xarakterli davranış aktlarından bu məqsədlə imtina edən bakirə kilsə xadimələrinin qotlar tərəfindən kütləvi şəkildə zorlanması faktı tarixdə özünə yer alır. Xristianlığa qarşı əks arqument isə bunun üzərindən belə qurulur: hər şeyə qadir olan və hər şeyi bilən Allah özlərini tamamilə ona ibadətə həsr etmiş bakirə kilsə xadimələrinin zorlanmasına necə yol verə bilərdi? Avqustinin isə cavabı isə xristian təlimini müdafiə etmək və hər cür tənqiddən xilas etmək üçün tipik irrasional düüncə üzərində qurulmuşdur. Avqustinin düşüncəsinə görə bu zorlanma faktını həmin kilsə xadimələrinin əksəriyyətinin öz bakirəliyini qoruyub saxlaması ilə həddindən artıq qürurlanması, bu səbəbdən özlərini müqəddəs və daha mükəmməl əxlaqa sahib hesab edərək adi insanlardan fərqləndirməsi və səbəbdən böyük günah işlətmələri, Allahın isə məhz bu günahlarına görə onları cəzalandırması kimi şərh etmək daha məqsədəuyğundur. Əksəriyyəti günahkarlardan ibarət olan həmin kilsə xadimələrinin arasında həmin zorakılıqların qurbanı olmuş az saylı günahsızlar isə çəkdikləri əziyyətə görə öz mükafatlarını o biri dünyada alacaqlar. Amma bir şərtlə ki, zorlanma zamanı həmin xadimələr heç bir seksual zövq almasınlar. Əks halda onlar da digərləri kimi günah işlətmiş hesab olunacaqlar.

 •  0 comments  •  flag
Share on Twitter
Published on January 25, 2020 22:11
No comments have been added yet.