⌛️ Sarkazm dolu, monoton həyatdan ibarət, kitablı və məzəli – daha çox mırt – əsər… Yumoristik ab-havanı sevdim. Başqaları ilə məzələnənləri (mən başqası olduqda mənlə məzələnənləri təbii ki, çıxmaq şərtilə) və bəzən elə özüm də məzələnməyi (ümid edirəm, kimisə onunla məzələnərək incitməmişəm) sevdiyimdən əsərdəki baş qəhrəmanın hekayəsini zövqlə oxudum. Mətn sadə idi, rahatlıqla oxunurdu. Arada adama çərəzlik kitablar da lazımdır…
⌛️ Dezayrın yetmiş dörd yaşı var. Kitabxanaçı işləmiş, ömrü boyu həyat yoldaşına dözmüş, həyatından əməllicə sıxılmışdır. Bu bezginlikdən onun ağlına “qurtuluş ideyası” gəlir – qocalar evinə getmək. Ora düşmək üçün özünü unutqanlığa vurur. Ya altını batırır, ya yoldaşının sevmədiyi davranışlarını onun yanında sərgiləyir. Ya qıcıqlandıracaq sözlər deyir, ya da xeyli pul xərcləyir. Axır-əvvəl istəyinə nail olur.
⌛️ Dezayrın monoton həyatı həqiqi və səmimi idi. Hekayəsiz həyat idi. Otursan, dinləsən, 74 ili, bəlkə də, 74 saniyəyə nəql edər – demək olar, danışası heç nəyi yoxdur. Eyni mövzunun üstündə hərlənir, bəzən eyni şövqlə, bəzən də hədsiz bezginliklə orada ilişib-qalır. Və bu mövzu üzərində nələr edə biləcəyi haqqında müxtəlif ssenarilər barəsində bol-bol düşünür (elə bol-bol düşünməyə də qəşəng yer tapıb).
⏳ “…İkimizdən biri daha ağıllı davranmalı idi və susmaq ən yaxşı taktika idi…”
⏳ “…Əgər hələ də öz evimdə ölmək ürəyimdən keçirdisə, son şansım idi, çünki çoxdandır gözlədiyim həmin gün gəlib çatmışdı: bir neçə saat sonra qoca yaddaşsızların toplaşdıqları yeni evim “Qış günəşi”nə addım atacaqdım. Həftəlik alış-verişə getmək, pəncərələri silmək, maşını yumaq, uşaqları idman klublarına aparmaq və zibil atmaq üçün yaradılmış şənbə günü idi. Amma bunların heç biri daha mənim üçün deyildi…”
⏳ “…İnsanların yaşlanma prosesini səhvsiz canlandıran indiki kompüterlərin ixtira olunmasından çox-çox əvvəl cüvəllağılıqdan həzz duyan mən dost-tanışlarım yaşlananda necə görünəcəyini xəyal etməklə vaxt öldürürdüm. Kim keçəl qalacaqdı? Kimin saçları ağaracaqdı? Kim şikəst, kim canısulu qalacaqdı? Onları bığlı, qozbel, dişsiz təsəvvür edirdim. Rozanın yaddaşıma yazılan gənc simasına isə heç vaxt toxunmamışdım. Bu onun xatirəsinə hörmətsizlik olardı. Amma xəyallarım bundan imtina etsə də, zaman öz işini görmüşdü…”