27 fəsildən ibarət olan (400 səhifəlik) Qaranlıq Günəş seriyasının birinci kitabı Xeyrin Çöküşü Azərbaycanda epik-fantastik, yüksək fentezi və ya fantastik-qurğu janrında yazılmış ilk ədəbi nümunədir. Romanın ilk fəslində baş qəhrəmanlarımıza çevriləcək iki xüsusi təyinatlı döyüşçü ilə - Etrak və Aqrenlə qarşılaşırıq. Onlar verilmiş tapşırığın dalınca daima irəliləyirlər. Lakin gözləmədikləri, bilmədikləri bir şey - mübhəm mənzərə onları gözləməkdədir... Bu aləmdə biz üç nəhəng bölgənin adını eşidirik: Şimal dağları, Raqa (şərqdə) və Yeni Azar (qərbdə). Əsaslı olaraq hadisələr ilk əvvəllərdə cəngəlliklərdə cərəyan etsə də, sonradan Raqa dövləti sərhədlərində davam edir. Bu dövlətlərin başında dayananlar Üçlük adlı birlikdir. Üçlüyün nümayəndələri üç müdrik ekrodur, hansı ki bu ekrolar görünüşcə insandan fərqlənməyən, paralel dünyadan gəlmiş uzunömürlü, sehirli güclərə sahib bir irqdir. Onları xeyirxah canlılar adlandırmaq olar, hər nə qədər təqsirləri, nöqsanları olsa da. Şərin şahzadəsi Draqzinin pis xislətli mövqeyinə vidralar və xain ekrolar daxildir. Vidralar paralel dünyadan gəlmiş və yalnız gecələr üzə çıxan vəhşi məxluqlardır. Bir də kölgələr var ki, onlar da Qaranlıq şahzadənin yaxın adamlarıdır (xain ekrolar). Yeni Azarın cinayət və vidralara qarşı mübarizədə istifadə etdiyi döyüşçü növü nakradır, Raqada isə qazza. Məqsəd həyatı nizamda saxlamaq olsa da, bu nizam dəfələrlə pozulur və sonda Şər oyanır. Əsər sirrlə başlayıb suallarla bitir. Mövzu üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1.
Bəzi oxucular üçün kitabın əvvəli maraqlı, sonu daha maraqlı və həyəcan dolu, lakin ortası cansıxıcı ola bilər. Lakin bu məsələyə bir az geniş aspektdən baxılmalıdır. Əslində əsərin ortası da darıxdırıcı deyil, əksinə o hissə süjeti kifayət qədər irəlilətməyi bacarır. Daima həyəcan, adrenalin, kəskin sualların yaratdığı bir əsər oxucunu dincəlməsinə, kitabı kənara qoyub az da olsa rahatlamasına icazə verə bilməz. Bu üzdən süjetin qüsuru təkcə budursa, tək elə bu olaraq da qalsın. Bəzi yerlər xaricində hadisələrin bir-biriləri ilə əlaqələndirilməsi yaxşı alınıb. Amma bu tez-tez baş verərsə, oxucunu yora bilər (ki məni yordu amma eyni zamanda xoşnud etdi). Bir sualın cavabın tapmamış, digər bir sual ortaya çıxırdı və s. Belə olduğu təqdirdə obyekt (kitab) subyekti (oxucu) özünə zəncirlədir, lakin subyekt də davamlı o zəncirlərdən qurtulması üçün canfəşanlıq edir. Bu da bəzən usandırıcı ola bilər. Etrakın ələ keçirdiyi gündəlik çox cazib idi, lakin əsər daxilində qəfil gündəliyin yazıları dayanır və onun aqibəti barədə məlumat verilmir. Süjet xətti, quruluşu və inkişafına görə bal dəyərləndirməm 1 ballıq şkaladan 0,7.
Əsərdən maraqlı bir şey öyrəndim, ilk öncə elə onu qeyd edim: qaranlıq güclərin onların yoxluğuna inanmağımızı istəməsini. Bəli, həyatımızdakı bir çox pis hadisələr, pisliklər onların pis olduğunu dərk etməməyimizdən baş verir. Bu da əsl faciədir. Buradan mən Şərlə birlikdə Xeyirə də şübhəylə yanaşmağı öyrəndim. Olmaya Şər Xeyirin cildinə girmişdir... Qaranlıq Günəş daşıyıcısı sirli qoca sayəsində pis havanın olmadığını, bizlərə yararlı və yararsız hava olduğunu anladım. Bundan başqa gücün və ya qabiliyyətin, potensial olaraq daxilində olmağı onu istədiyin vaxt işlədə biləcəyini göstərmədiyini (bunun üçün yalnız təlim almaq, disiplinli çalışmaq lazım gəldiyini), elmin səbir tələb etdiyini, yarımqanların təhlükəli qüdrətə, hiyləgər ağıla sahib olduqlarını, çoxumuzun əslində yaddaşının güclü olduğunu, lakin hər birimiz fərqli maraqlara meyilli olduğumuzdan yaddaşımızın da yalnız özünə xoş gələnləri yadda saxlaya biləcəyini, buna görə bir şey öyrənməyə çalışmamışdan öncə ona həvəs göstərməyi, hətta onu sevmək lazım olduğunu öyrəndim. Daha sonra problemdən qaçmağın mənasızlığını, insanların inanclarına xor baxmamağı, geniş baxanın kiçiyi görmədiyini, insanların ən zəif yerlərinin şirin dil olduğunu, bu şirin dillə onlardan istifadə etməyi, emosiyalarımızın yaxşı və pisi dərk etməyimizə mane olduğunu, soyuqqanlılığın önəmini, bir dinin pisliyə sadəcə yaxşılıqla cavab verməli olduğunu – qaranlığı sadəcə işıq yox edər, insan gözlərinin qorxu anında sahibinə qəribə şeylər göstərə biləcəyini, insanın nə itirdiyini bilmədiyi müddətcə xoşbəxt olduğunu, nəticəsiz cəsarətin axmaqlıq olduğunu, quldur tipli insanların daha çox namus çəkdiyini və ya namus çəkənlərin daha çox quldur xislətli olmasını, qorxunun olduğu yerdə idarəetmənin asan olduğunu, “bəzən düşməndən gizlənməyin ən yaxşı yolu onun kölgəsində durmaqdır”ı, insan isntiktiylə qorxmağı səhv salmamağı, sevginin nə olduğunu bilməyən şəxsi sevməyin anlamsızlığını, bəz��n düşmənin daha səmimi olduğunu, daha çox qaraqabaq və realist insanların fövqəladə varlıqlara inanmadığını, işinin ustası olmağın yaşa baxmadığını, döyüş aqresiyasını limitdə saxlamağın vacibliyini və son olaraq əksər insanların yalnız məhvin eşiyinə çatdıqda islah olduqlarını, dəyişə bildiklərini öyrəndim. Beləcə əsərin öyrədicilik xüsusiyyətinə görə, bal dəyərləndirməm 1 ballıq şkaladan 1.
Romanda ən çox bəyəndiyim hissələrdən biri də Etrakla qardaşı Neraanin döyüş səhnəsidir. Təsvirlər xəyalımızda xalis canlandırma apara biləcəyimiz qədər yaxşı alınıb. Bunun kimi təsvirini bəyəndiyim digər bir səhnə zavallı qazzanın ölümüdür. Açığı İpardan sonra elə təsirlənə biləcəyim məqam da kitabın sonunda sıravi bir qazzanın vidralar tərəfindən yeyilməsi oldu... AR tanrıların yolunu bəyəndim. “Sirli Qoca” fəslində qocanın sehirləri mənimçün bayağılıq təşkil etdi. Yazı üslubuna gəldikdə isə roman qarşısıalınmaz bir axıcılıqda davam edirdi – heç sıxılmadım. Ancaq “Qatil” fəslində giriş xoşuma gəlməmişdi – cümlələrin sonundakı həmahənglik dəfələrlə məni narahat etdi. Təsvirlərə və yazı üslubuna görə bal dəyərləndirməm 1 ballıq şkaladan 0,8.
Demək olar ki, dialoqların heç birində sünilik tapa bilmədim. Lakin bircə qarətçi ilə Etrakın söhbəti mənə uyğunsuz gəldi. Ya qarətçi Etrakgili birbaşa tutmalı idi, ya da onları nakra hesab edib uzaq durmalıydı (ən azından danışığına fikir verməli). Qarətçi olan şəxs (nöqteyi-nəzərimcə) “indi verin bizə o qızılları, yoxsa qanınızla meşəni sulayacam” deməz, bunu düşünmədən edər. Üçlük və Elionun söhbəti – rəsmi dialoqlar müdhiş alınıb. Eçsonun dili isə onun necə bir dünyaya sahib olduğunu rahatlıqca göstərə bilir. Dialoqlar (monoloq) üçün bal dəyərləndirməm 1 ballıq şkaladan 0,9.
Əsərdə, həqiqətən, mühüm personajlar var idi. Ən çox sempatiya duyduğum şəxs Zeldan idi – Şər mövqedə olsa da. Bilmirəm, adı məni belə özünə çəkir, yoxsa tipikliyi... Ancaq onu bilirəm ki, adam (ekro) əsl filmlikdir. Etrak məni soyuqqanlı olmağa vadar edir. Eçso isə istiqanlı. İkisi də Xeyir dostu, fəqət ikisi də xarakterlərinə görə bir-birinə zidd. Aqrensə mənimçün ərgən və emosiya tükədici bir canlıdır. Hökmdar Nekayla bağlı həqiqətləri də sevdim. Hər bir obraz yerli-yerində öz rolunu məharətlə oynayıb. Obrazlar üzrə bal dəyərləndirməm 1 ballıq şkaladan 1.
Dialoqlardan və əsər boyu təhkiyədən də göründüyü kimi tanrı və tanrılar barədə, qadın xasiyyəti və kişi qüdrəti barədə və s. hava şəraitindən tutmuş Şərin imiclərinin təsvirinə qədər müəllifin şəxsi fikirlərini görmək (ya da ən azından sezmək) mümkündür. Hər biri də dadlı-dadsız öz səriştəsini oxucusunun hisslərində göstərirdi. Milaynda yazılan qiyamət – qüsursuz plan! Doğrudan da belədir. Ancaq müəllifin fikirlərini mən bir oxucu olaraq üçüncü şəxsin dilindən yaxşıca görə bilmirdim. Yazıçının öz şəxsi fikirlərinin birinci (və ya üçüncü) şəxsin dilindən oxucuya yeritmək istəyinə görə bal dəyərləndirməm 1 ballıq şkaladan 0,6.
Çox az yeni söz öyrəndim. Və ya dilimizdə işləyi az olan sözlərin əsərdə yeri çox az idi. Ədəbi dil zənginliyi ilə bağlı sözçülüyə görə, dəyərləndirməm 1 ballıq şkaladan 0,5.
Əsərin kulminasiyası Etrakla Neraanin qarşılaşmasıdır. Burada yaşadığım şok effektini eynilə ikinci kulminasiya sayıla biləcək 22-ci fəsildə də yenidən yaşadım. Süjetin zirvəyə qalxıb sonradan enməsi və yenidən qalxması əla idi. Hadisələrin kulminasiya nöqtəsinin necə alınmağına əsasən, qiymətləndirməm 1 ballıq şkaladan 1.
Finalla bağlı çox şey deməyə lüzum görmürəm. Birnəfəsə: möhtəşəm! Roman üzrə finalı qiymətləndirməm 1 ballıq şkaladan 1. Ümumi qiymətləndirmə isə 10 ballıq şkaladan 8,5.