Elxan Elatlının "Qanunsuz əməliyyat" detektiv-macəra romanında söhbət 24 il əvvəl baş vermiş qətlin məxfi agent Gültən Dəmirli tərəfindən yenidən araşdırılmasından və şəhərdə təxribatlar törədən mütəşəkkil terrorçu dəstənin zərərsizləşdirilməsindən getsə də, burada anaya və vətənə məhəbbət, mürəkkəb ailə münasibətləri, qadın psixologiyası, düşmənə nifrət, intiqam eşqi və digər məsələlərə də kifayət qədər yer ayrılıb.
Əsərdə müəllifin "Qan ləkəsi", "Cəhənnəmdən gələn səs", "Ən yaxın planet" romanlarından sizə tanış olan Ələmdar Məlikov, qəhrəman polis zabiti Allahverdi Əbilov, general Baratov, Məltəm, Saleh, Ayçöhrə, Əminə arvad və digər obrazlarla bir daha qarşılaşacaq, onların həyatında baş vermiş yeniliklərlə tanış olacaqsınız.
Osmanov Elxan Əbdürrəhman oğlu - azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 14 kitabı işıq üzü görüb ki, onların üçü şeir, ikisi riyazi məntiq, doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Mən deyərdim ki, bu kitab yazıçının ən uğursuz kitabıdır ...bu kitabı oxuyandan sonram mənim yazıçının kitablarına qarşı marağım təmiz öldü....çox güman ki, onun kitablarını uzun müddət oxumayacam