Tiranlıq iddiasında olan ssenaristin yaratdığı personaj taleyinə üsyan edir və təhkim olunduğu dünyadan qurtulmaq üçün çıxış yolları axtarır. Beləliklə, ssenaristlə personaj arasında konflikt yaranır. Onlar hiyləgərlikdə bir-birini üstələməyə çalışırlar. Tələlər qurulur, quyular qazılır... Bu qarğaşada həm ssenaristin, həm də personajın dünyasında günahsız insanlar qətlə yetirilir. Hər iki qəhrəman oxşar faciələrlə üzləşir. Lakin onları bir-birindən fərqləndirən çox vacib nüans var: seçimlər.
Səbəblər və nəticələr, təsadüflər və zərurətlər, dualar və şirklər… Təzadlar ahəng içində, səbirlə, fikir-fikir hər kəsi xəstələndirir.
Bütün hekayəni bizə Əzbərpozan Tanrıtay adlı fövqəltəbii varlıq məxsusi bir üslubda nəql edir. Əzbərpozan daxilində əsl mənəvi azadlığı kəşf edənlərin yoluna işıq saçır. Hərçənd o da özünü tamamilə hürr hesab etmir. İlahların qul, qulların azad olduğu bu iki dünyada kim kimə etiraz etsin?!
Aydın adlı ssenaristin qələmə aldığı personaj yazılanlara qarşı çıxır, təhkim olunduğu dünyadan qurtulmaq üçün çıxış yolları axtarır. Bu da yaradanla yaradılanın arasında münaqişəyə səbəb olur. Onlar bir-birini üstələməyə çalışır, bir-birinə tələlər qurur və quyular qazırlar. Azad iradə marionet iplərini qırmağa cəhd göstərir, seçimlər qəhrəmanların niyyətini ortaya çıxarır, nəticədə qiyam və islahın tarazlığı pozulur.
Çapdan çıxmağını səbrsizliklə gözlədiyim və xəbərini eşidən kimi almağa tələsdiyim əsər idi. Orxanın ən sevdiyim yanlarından biri səmimi rəylərə olduqca yüksək qiymət verməsidir, həm də oxucusunun rəylərini yüksək qiymətləndirməsi. “Hürr” o deyildi. Potensialına və qələminə bələd olduğum, təkcə bələd də yox, aşiq olduğum, həsəd apardığım birinin deyildi bu. Bəlkə də redaktor o qədər əlavələr eləmişdi ki, yadlaşmışdı. Orxanın qələminin izləri itib batmışdı o ərəb-fars mənşəli, mənası başa düşülməyən və də bu əsərin sujet xəttinə qəti yaraşmayan sözlərin içində. Yaxşı idilərmi? Orta. Yerində işlənmişdilərmi? Qətiyyən! Tanrıtayın dilindən özü haqda deyilən hissələr buradan deyildi, oradan - Kosmosdan bir yerlərdən idi. Amma az idi. Çox az. Əsər özü də azdır. Qısadır. Roman deyil də, povest adlandırılacaq qədər qısadır. Personajların sayı da imkan vermir “Hürr”ü roman adlandırmağa, hadisələrin arealı da. Sujet xətti isə sıxıcı templə gedir. O “Sancaqlı kölgələr”in adamı hər an həyəcanda saxlayan, davamını tez oxumağa ilhamlandıran ruhu bu əsərə yaddır. Anlayıram, janrlarda kəskin fərq var, amma oxucunu qarmaq cümlələrlə diqqətdə saxlamaq üçün janr önəm daşımır. Üslub önəm daşıyır və bu əsər Xanın üslubuna yaddır. Ən azından bu baxımdan. Yenə deyirəm, sonlara doğru almanı dişləmək məsələsi yüklərimi biz-biz elədi, amma ümumilikdə o deyil. O fars-ərəb mənşəli heç cür anlaşılmayan və qəti dilimizdə ümumişlək olmayan sözləri heç bir şəkildə bağışlaya bilmirəm. Və digər qeydləri də. Sənin qələmin şedevrdir, Xan. Bu isə sən deyilsən. Qəti deyilsən. Uğurlar, əziz qardaş!
This entire review has been hidden because of spoilers.
kitabla bağlı demək olar ki, gözləntim yox idi. Azərbaycanca kitab oxumağın zövqünü və Xan Abdullanın redaktəsini oxumaq istəyirdim sadəcə. yazar ilə bu kitabda tanış oldum. süjet xəttini ümumilikdə bəyəndim, çox qarışıq hisslərlə oxudum kitabı, eləcə də hələ də o qarışıq hisslərin içindəyəm. amma başa düşülməyən sözlərin çoxluğu, süjet xəttindəki müəyyən qarışıqlıqlar, kitabı tamamilə bəyənməyimə mane oldu. amma qısa vaxtda həyəcanla oxuyub bitirdim. yaratdığı hisslər isə hələ də eyni qədər qarışıq və qəribədir.
Müəllifin həyəcanla oxuduğum əsərlərindən biri də "Hürr" oldu. Ümumiyyətlə, yazarın qələmini çox bəyənirəm, xüsusilə yaratdığı atmosfer və obrazların təsviri möhtəşəm olur. Bu əsər də yaratdığı sirli atmosferi və ele ilk cümlələrindən nifrət etdiyim obrazla diqqətimi çəkdi. Xoşlamadığım obrazın haqqında oxumaq nə qədər çətin olsa da, kitab özünü oxutdururdu. Əsərdəki bəzi səhnələr "trigger" edici olsa da, sonluq qaneedici idi. Bəzi kiçik məsələlər reytinqi aşağı saldı: nə qədər istəməsəm də, yazarın digər kitabları ilə müqayisə etdim və "Sancaqlı kölgələr"i daha çox bəyəndiyimi anladım. Bir də özümdən asılı olmadan hadisələrin başqa istiqamətdə gedəcəyini ümid etdiyimdən, əsas obrazlardan Vüqarın əsərdə çox rol oynadığını görüb məyus oldum. Bunlara baxmayaraq məncə əsər uğurlu alınıb.
Müasir Azərbaycan ədəbiyyatında fərqli bir cığır açılıb... İlk addımları görürük, həyəcanlanmamaq mümkün deyil... Öz səsini tapan, nə yazdığını bilən, təqlidin təzyiqindən canını qurtaran yeni qələmlər ümidlərimi artırır... Xanın qələmi ilə yeni tanış deyiləm... Bu artıq dördüncü romanıdır ki, oxuyuram (bunu da deyim ki, bu romanı iki dəfə oxumuşam)... Sözə başlamamış qeyd edim ki, keçmiş romanları ilə bu romanı müqayisə edəndə yüksək bir sıçrayış gördüm... Sürətli bir qalxış... Gözləmirdim, belə bir proqressə hazır deyildim... Potensiyalı bəzən "azacıq" dürtmələmək lazım imiş... potensial baş qaldırmaq üçün himə bənd imiş... Teass Pressin Gənclərin roman yarışı buna bir təkan oldu... Roman layiqli yerini tapdı... İlk növbədə mətnin dili məni ovsunladı... tam səmimi deyim, ilk oxuyuşda süjeti unutdum, heç maraqlı da deyildi... səbəbi, dili və üslubu idi... Məncə Xanın ən güclü tərəfi onun "səs"idir... Və bu səs istənilən mövzuya kolorit qatmağa, parlatmağa, oxutmağa qadirdir... ən azı mütaliə zövqümlə üst-üstə düşən oxuculara... On il sonra yazacağı mətni oxumaq üçün səbirsizlənirəm... Süjetə gəlincə, orijinallığına nə qədər qiymət verərsən, deyə soruşsanız, 3,5 cavab verərdim. Bu tərz süjetlərə ədəbiyyatda fikrimcə rastaşa bilirik... Sezenin sözü olmasın: "Dünyada bəstələnməyən musiqi qalmayıb"... yenə qayıdırıq, dil və üsluba... bu iki ünsür, romanı oxutdurur, oxucunu tutub saxlayır... Romanı atmosferası da yerində idi, xüsusilə bunu məkan təsvirlərində hiss edirdim... Burada cansız əşyalar belə mətnin ən maraqlı elementlərinə çevrilirdi... təfərrüatı görmə və bunu bir obraza çevirmə, üstə gəl yumor donu geyindirmə ideyası məndə mətni bir kənara atıb həmin xırda təfərrüatlara fokuslanma ehtiyacı yaradırdı... Baxmaqla, görmək arasındakı fərqi müəllif yaxşı başa düşür... Gələk personajlara... hər biri bir aləm idi... əhsən deyirəm... personaj yaratma ustalığına 5 bal verirəm... Lakin etiraf edirəm, personajların heç biri ilə bağ qura bilmədim, heç birinə canım yanmadı (Nicat nə qədər gen gəzdiyim insan tipinə aid olsa da, onu qurtarmaq üçün beynimdə müxtəlif variantlar qursam da)... Düşünürəm ki, buna səbəb müəllifin yumorudur... Ən amansız səhnələri belə yumora bulayırsansa, oxucunun dodağı qaçmasın, neyləsin... Bəzi oxucuların oxuduqdan sonra, "çox qarışıqdı" deməyini anlayıram... Bəlkə də, bitirəndən sonra "bu nə idi belə, oxuduq?!" da deyənlər olub... Düşünürəm ki, təbiidir, ilkdir, yenilikdir... Razıyam ədəbiyyatın əyləncə tərəfi var, amma vurğulayaraq deyirəm ki, mütaliədən zövq almaq üçün əmək vermək lazımdır... mütaliə zehni əmək tələb edir... Əlqərəz, mən könül rahatlığı ilə, dörd əlli bu mətnə 5 bal verirəm.
Yaradan və yaradılan, Azadlıq və köləlik, iradə və tabelik. Kitab təməli bu mövzular üzərində qurulsa da, oxucunu gözləmədiyi yerlərə, tarixlərə, insanlara tərəf aparır. Məni qorxutdu, təəccübləndirdi, ağlatdı.