Jump to ratings and reviews

Studentlər

Studentlər inqilabdan əvvəl türk (azərbaycanlı M.A.) tələbələrin həyatını göstərir. Bu həyat çox da zəngin, mündəricəli və yüksək məfkurə izincə qoşan bir həyat deyil. Bu da babalar həyatının müasir bir şəklidir. Babalarımız əsrlər boyu dini mübahisələrlə vaxt keçirmiş, Rüstəmbəylə Əli də bu yolu davam etdirirlər; babalarımız alış-veriş edib, min bir fəsadla zəngin olur, əlsiz-ayaqsızları istismar edirdi. Qulu da eyni tipin müasirləşmişi deyilmi? O zamanın hər bir mütəxəssisi yeni sənət, yeni fənlə təchiz olunmuş birər tacir, xudmin adamlar deyilmi?

451 pages, Unknown Binding

Published January 1, 2013

Loading...
Loading...

About the author

Yusif Vəzir Çəmənzəminli

21 books11 followers

Ratings & Reviews

What do you think?

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
15 (22%)
4 stars
27 (40%)
3 stars
20 (29%)
2 stars
3 (4%)
1 star
2 (2%)
Displaying 1 - 5 of 5 reviews
Profile Image for Lala Rustamli.
51 reviews20 followers
December 19, 2018
Bir dövr haqqında ətraflı məlumat əldə etmək üçün, həmin zamanın bədii ədəbiyyatına müraciət etmək lazımdır. Əgər söhbət Çar imperiyasının süqutu dövründə azərbaycanlı gənclərin idealogiyasından gedirsə, "Studentlər" əvəzolunmaz bir əsərdir. Əsərin baş qəhrəmanı gənc student Rüstəmbəy daima dilemmalar ilə üz-üzədir: imperiya dağılır, inqilab,ədalət uğrunda mübarizə zamanıdır: lakin bolşeviklər türk milləti ilə bağlı heç bir vəd vermir, müsavat firqəsi yaranmışdır, lakin qəhrəman islamda gələcək görmür. Vahid Turan ideyasına inanan Rüstəmbəy, türk xalqları ilə görüşdükcə onların nə qədər müxtəlif olduğunu anlayır. Öz şəxsi səadətini ümumi səadətə qurban verən qəhrəman sonda bütün mübarizələrin mənasızlığı içində boğulur.
Əsərin məzmunu günümüzdə də aktualdır. Kitabdakı tələbə tipləri və müzakirə edilən mövzular( din, siyasət, bərabərlik, millətçilik, mənəvi səadət ) günümüzdə də öz aktuallığını saxlayır. Oxuduqca qəhramanları ətrafımızda görməmək, Rüstəmbəy ilə mənəvi bağ qurmamaq mümkün deyil.
Profile Image for Chinara Ahmadova.
438 reviews123 followers
February 19, 2022
Bu kitab haqqında nə deyim ki! O qədər gözlənti ilə başlayıb 400 səhifənin əvvəli və sonundakı obrazın eyni olaraq qaldığı, yazıçının əlinə gələni yazdığı bir söz yığını. Heyif o gözləntimdən və əsəblərimdən.

Nə təsadüfdür ki, Rus-Ukrayna məsələsinin gündəmdə olduğu bir vaxtda bu rəyi yazıram. Rüstəmbəy adlı Azərbaycanlı studentin Ukraynadakı tələbəlik həyatı ilə başlayır birinci kitab və XX əsrin əvvəlində Azərbaycanlı studentlərin Ukraynadakı sosial həyatı və siyasi gündəmə atılmağa çalışmasını əhatə edir. Daha sonra 1917-ci il adı altında ikinci kitab başlayır ki, burda da Rüstəmbəyin siyasi fəaliyyəti fonunda çar Rusiyasının dağılması, inqilablar və dövrün ziyalıların həyatını izləyirik.

İdeya gözəldir, yad ölkədə yerlilərimizin gözü ilə istiqlalı, inqilabı və siyasi dəyişimləri oxuyacağımı sanırdım, di gəl ki, təhkiyə yazıçının hər şeyi "deməsi" ilə baş verir, emosiyaları, daxili nitqləri, hadisələrin təsvirini görmürük, birinci kitabda azı 15-16 yeyib-içmək məclisi var, bir gün Çingizgildəyik, bir gün Rüstəmbəygildə, bir tutarlı səhnə yoxdu ki, bu tələbələrin məqsədini anlayaq, Rüstəmbəy də gündə fikir dəyişir - İslamçılıqdan gəlir türkçülüyə, alovlu sözlər dediyini yazıçı deyir, amma bir normal çıxışını kitab boyu oxumuruq.

Dialoqlarda bilinmir kim hansı obrazdı, hamı bir-birinin kopyası. Bir-birinin eynisi olan (sadəcə, ailələri fərqlənir - biri tacir oğlu, biri hambal oğlu və s.) onlarla studenti kitaba salmağın nə anlamı? Kitabın arxasında adı keçən Əli obrazı cəmi 2-3 səhnədə iştirak edib yox olursa, onu Rüstəmbəylə bərabər obraz kimi göstərməyin nə faydası?

Hələ qorxunc, natamam, yazıq qadın obrazları - kitabdakı bütün (istisnasız!) Ukraynalı qızlar Azərbaycanlılar üçün yanıb tutuşur, üzləri qızarır, ürəkləri əsir, özlərini onların qucaqlarına atır. Yazıçının bu fetişizmini isə heç bir məntiqə sığdıra bilmədim, yaxşı psixoloji analiz lazımdı bu kitaba ki, Çəmənzəminlinin sevgidəki travmalı ruh halını açıb tökək.

İkinci kitabdakı iddialı başlanğıcla "bəlkə düzələr" deyib səbr etsəm də, Rüstəmbəyin türkçülüyü, federasiyanı dəstəkləsə də, heç cür ölkəsinə getməməyi - dəfələrlə kitabda ona eyham vurulsa da - yola verib Ukraynada gah o, gah bu müşavirə qurması (yeyib-içməklər davam edir bu arada), və spoiler olduğundan deyə bilmədiyim o faciəvi xəbəri alıb guya kədərlənməsi (yenə yazıçının heç bir ruh halı, emosiyaları göstərməməyi) və yatıb durub özünü siyasətə qurban verməyin mənasızlığını anlaması və dönüb dolaşıb kitabın sonunda da eyni hamama qayıtması bu 400 səhifənin yazıçının pərən-pərən düşmüş hiss və fikirlərinin süni şəkildə birləşdirməyə cəhdindən o yana olmadığı qənaətinə vardırdı. Deməli, o vaxtlar da normal redaktor yox imiş ki, bu kitabı günə çıxarsın.

Çox heyif. İlin ən zəif - istər sujet, istər obraz, istərsə də təhkiyəsi baxımından romanı olmasına namizəddir. Çətin ki, Çəmənzəminlidən yenə nəsə oxuyam.
Profile Image for Ibrahim Niftiyev.
62 reviews40 followers
December 2, 2022
Çox gözəl bir qiraət oldu. Həm də çox. Düzü, heç gözləmirdim, amma əminliklə deyə bilərəm ki, günümüzün əksər intellektual azərbaycanlı gəncləri gərək bu əsəri oxusun. Əsas da, xaricdə təhsil alan, yaşayan gənclər. Əvvəla, onlar bu romanla postsovet məkanın SSRİ-dən dərhal əvvəlki dövrünü çox yaxşı dərk edə biləcəklər. İkincisi, yazıçı Azərbaycanın iyirminci əsrin əvvəlində milli kimlik axtarışına həm ailə-məişət, həm də ictimai-fəlsəfi olaraq yaxşı süjet qoşa bilib. Çəmənzəminli bu yolda nələrin alınmadığını və səbəblərini dəqiq göstərə bilib (onu qeyd etmək yerinə düşər ki, bu gəlib milli şüuru zəiflədən ticarət, alver və s. material və şəxsi maraq/mənafe məsələlərinə gəlib çıxır). Üçüncüsü, əfsuslar olsun ki, bizim bir millət olaraq formalaşa bilməməyimizdəki reallıqları həmin dövrün gözü ilə mükəmməl şəkildə ifadə edib (ələlxüsus da, gürcü və erməni millətləri ilə müqayisəli perspektivdə). Maraqlıdır ki, belə əsərlərin əhəmiyyəti və aktuallığı yaxın gələcəkdə daha da artacaq deyə düşünürəm. Qlobal geosiyasətdə kartlar yenidən paylanılır. Çox şey çox sürətlə dəyişir. Məlum məsələdir ki, bu gün Ukrayna ilə Rusiya müharibədədir və "Studentlər"-in hadisələri də Ukraynada cərəyan edir. Birinci Dünya Müharibəsi və SSRİ-nin qurulmasının bütün ağrı-acılarının necə də sadə insanların üzərinə düşdüyünü, onların dünyasına yön verdiyini və neçə-neçə şəxsi faciələri əmələ gətirdiyini belə aydınlıqla indiyə qədər oxumamışdım. Bu baxımdan, çox şey örəndim və dərin təəssüratlar əldə etdim.

Əsərdə xüsusi diqqət yetirdiyim məqam o oldu ki, yazıçı Ukraynada yaşayan azərbaycanlı tələbələrin gündəlik həyatındakı xırdalıqlarla həm xaricdə yaşayaraq milliliyi qorumağa çalışan, həm də bunu Qafqaz regionundakı mühüm hadisələrə sirayət etməyə çalışan obrazları yaradıb. Obrazlar olduqca rəngarəg, maraqlı, real, yaddaqalan və məzəli idilər. Elə əsl həyatın özü kimi.

Rüstəmbəy obrazının timsalında mən konkret olaraq özümü gördüm. Onun öz cəmiyyəti üçün keçirdiyi narahatlıqlar, şəxsi həyatındakı tərəddüdlər və ruhi təlatümləri ilə birbaşa və aşkar əlaqə qura bilirdim. Mənə elə gəlirdi ki, elə özümə aid olan bir çox şeyi oxuyuram. Təəccüblənsəm də, bir qədər də rahatlayırdım ki, deməli bütün bunları düşünən bir tək mən deyiləm. Çünki söhbət təkcə idealist və xəyalpərəst olmaqdan getmir. Əsas məsələ həmin o ikisini sağlam formada təcrübədən keçirib yaşamaqdan keçir. Rüstəmbəy kimi mən də özümə qısa-konkret "etiket/birka/yarlıq" yapışdırıb mən kommunistəm, bolşevikəm, darvinistəm və ya marksistəm deyə bilməmişəm. Daha təmiz firqə axtarışında olmuşam. Eynilə Rüstəmbəy kimi. Di gəl ki bəşəriyyət, deyəsən hələ də bunu öz övladrlarına təklif edə bilmir. Bu qədər çirkab insanın ürəyini sıxır. Bu səbəbdən də, Rüstəmbəy kimi insanlar həmişə natamamlıq hissi ilə boğuşmalı olacaq və şəxsi səadətə uzaq düşəcək. Yenə də məhz belə insanlar yaxşı ilə pisi bir-birindən ayırmaq üçün başqalarına nümunə olmaq mahiyyətinə malikdirlər.

Bəzi oxucular, əsasən də qadın oxucular, əsərdəki qadına münasibət məsələlərinə görə bir xeyli narahatlıq keçirərək, romana müəyyən mənfi və əhəmiyyətini aşağı salan rəylər səsləndiriblər. Amma qeyd etmək lazımdır ki, romanda yazılanlar kifayət qədər reallıqla səsləşir və tipik Azərbaycan kişisinin düşüncə tərzi ilə uzlaşır. Bunlar nə dərəcədə xoşdur və ya naxoşdur, bu artıq həddindən artıq subyektiv mövzudur, amma burada mən ciddi problemlər görmürəm. Düşünmək lazım deyil ki, Azərbaycan qadını kişiyə qarşı mükəmməl və ya müqəddəsdir, lakin Azərbaycan kişisi qadına münasibətdə nöqsanlı və qüsurludur. Milli-mənəvi dəyərlərin və dini görüşlərin təklif edəcəyi nə olubsa, cəmiyyət də özünü bu istiqamətdə formalaşdırıb. Əminəm ki, qadın-kişi münasibətləri də istisna deyil və romanda bu sadəcə ailə-məişət elementi kimi gündəlik həyatın zəruri əksləşməsini yaratmaq üçün istifadə edilib. Özü də, yazıçı da kifayət qədər məsələyə tənqidi yanaşır və Rüstəmbəy obrazının timsalında tərəddüd və qərarsızlığı şəxsə usandırıcı bir vəziyyət kimi təsvir edir. Bütün bu məqamları sırf Azərbaycan insanı kontekstində qiymətləndirmək daha məntiqlidir, nəinki gender qruplşadırması prizmasından. Başqa sözlə, "Studentlər" belə bir mövzu və problematika ilə yadda qalmamalı və daha ciddi mövzuların müzakirəsinə və mübahisəsinə gətirib çıxarmalıdır. Odur ki, romanı oxuyacaq olanlardan bunu nəzərə almalarını xahiş etmək istərdim.

Yazıdan sonra: Yazıçı əsəri 1931 və 1934-cü illər arasında yazdığına görə, məncə SSRİ-dən əvvəlki milli məsələlərə lazım olanda daha çox tənqidi yanaşıb ki, senzura aparatı ilə heç bir əhəmiyyətli münaqişə yaranmasın. Ola bilsin bu özünümüdafiə və ya özünüsığorta kimi bir şey olub. Yenə də bütün bunlara rəğmən, "Studentlər" kifayət qədər tarazlı yazı üslubuna malik əsərdir və birmənalı olaraq məsləhətdir.
Displaying 1 - 5 of 5 reviews